Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətləri olub. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri uğurla həyata keçirib.

AZƏRTAC görkəmli ictimai və elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, akademik Həsən Əliyevin anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına bir daha nəzər salır.

Həsən Əliyev 1907-ci il dekabrın 15-də Zəngəzur mahalının Comərdli kəndində Əlirza kişinin ailəsində dünyaya göz açıb. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən 1918-ci ilin qanlı hadisələri səbəbindən Comərdli əhli Naxçıvana üz tutub. Həsən Əliyev də 1924-cü ilə qədər Naxçıvan şəhərində muzdurluq edib. Eyni zamanda, axşam məktəbində təhsil alıb. 1925-ci il oktyabrın 5-də “Şərq qapısı” qəzetində “Bizə də teatr lazımdır”, 1929-cu ildə isə “Molla Nəsrəddin” jurnalının 16-cı sayında “Müəllim lazımdır” adlı məqalələrini dərc etdirib.

Həsən Əliyev Naxçıvan şəhərindəki Kənd Təsərrüfatı Texnikumunda da təhsil alıb (1924-1930). 1935-ci ilədək kənd təsərrüfatının qoyunçuluq, üzümçülük, pambıqçılıq sahələri üzrə, həmçinin bitki ziyanvericilərinə qarşı mübarizədə zəngin təcrübə toplayıb.

1937-ci ildə SSRİ Elmlər Akademiyasının (EA) Azərbaycan filialı yaradılır. Bakıya gələn Həsən Əliyev SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq bölməsində elmi işçi, sonra isə elmi katib işləyir. Onun uğurlu tədqiqatı “Pirsaat düzünün torpaqları və ondan istifadə yolları” adlı ilk monoqrafik əsəri (1940) ilə nəticələnir.

Gənc alim ikinci Dünya müharibəsinin başlanması ilə əlaqədar cəbhəyə gedir. Müharibədən sonra Həsən Əliyev əvvəlki iş yerinə qayıdır və SSRİ EA Azərbaycan filialının Coğrafiya bölməsinin (1943-1944) rəhbəri vəzifəsində çalışır. 1944-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini alır və cəmi 9 il sonra Azərbaycan EA-nın akademiki kimi yüksək elmi ada layiq görülür.

1944-1952-ci illər ərzində Həsən Əliyev elmi tədqiqatla yanaşı, təşkilati işlə də məşğul olur. Bu müddət ərzində o, Torpaqşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini (1944-1949), Botanika İnstitutunun direktoru (1949-1952) vəzifələrində çalışır.

1952-1957-ci illərdə akademik Həsən Əliyev Azərbaycan SSR EA-nın akademik-katibi, eyni zamanda, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqşünaslıq şöbəsinin müdiri vəzifəsində işləyib. 1951-ci ildə “Abşeron yarımadasında taxıl və ot əkilməsi məsələsinə dair” elmi məqaləsi EA-nın məruzələrində dərc olunub.

Bu gün artıq hamıya bəllidir ki, təbiəti mühafizə olmadan heç bir ölkədə davamlı inkişafdan danışmaq olmaz. Akademik Həsən Əliyev dühası isə bunu keçən əsrin ortalarında görüb və dərk edib. Belə ki, 1950-ci illərdə akademik Həsən Əliyevin elmi istiqamətinin ikinci əsas şaxəsi - ətraf mühitin mühafizəsi başlanıb və o, 1955-ci ildə Azərbaycan SSR EA-nın Təbiəti Mühafizə üzrə Komissiyasının sədri seçilib.

Həsən Əliyev 1952-ci ildə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan KP Mərkəzi Komitəsinin katibi vəzifələrində işləyib, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub. 1961-ci ildə “Azərbaycan SSRİ-nin Böyük Qafqaz dağları zonasında üzümçülük və bağçılığı inkişaf etdirmək üçün torpaq ehtiyatları” məqaləsi EA-nın xəbərlərində dərc olunub.

Akademik öz imkanlarından istifadə edərək Azərbaycan SSR Ali Sovetinin sessiyasında (1958) təbiəti mühafizə üzrə məsələni müzakirəyə çıxarmağa nail olub. Azərbaycanda Təbiəti Mühafizə Cəmiyyətinin fəaliyyəti genişləndirilir, təbiəti mühafizə üzrə dövlət komitəsinin yaradılmasına və 1968-ci ildə direktoru olduğu Coğrafiya İnstitutunda Ətraf mühitin qorunmasına aid ilk elmi tədqiqat şöbəsini yaradır.

Onun instituta rəhbərlik etdiyi dövr coğrafiyaçıların etirafına görə, Azərbaycanda coğrafiya elminin intibah dövrü olub. 1972-ci ildə Xəzər dənizinin açıq hissəsində tərpənməz özül üzərində dünyada ilk dəfə dəniz observatoriyasının yaranması və 25 il fəaliyyət göstərməsi də akademikin fəaliyyətinin nəticəsidir.

1976-cı ildə alimin “Həyəcan təbili” əsəri işıq üzü görüb. Bu kitab Azərbaycan xalqının təbiəti mühafizə sahəsində maariflənməsində və təbiətsevərliyində müsbət rol oynayıb. Akademikin “Həyəcan təbili”nin ikinci, təkmil nəşri (1982) bu gün də təsir gücünü saxlayır. Azərbaycan xalqının ekoloji maariflənməsində akademik Həsən Əliyev və 1975-ci ildən nəşrə başlayan “Azərbaycan təbiəti” jurnalı da mühüm rol oynayıb.

O, həm də bacarıqlı ekoloq-fotoqraf idi. Azərbaycan təbiətinin əvəzsiz guşələrinin fotoşəklini çəkməkdən, onları əhaliyə çatdırmaqdan sonsuz zövq alardı.

Akademik Həsən Əliyev pedaqoji fəaliyyəti ilə də fərqlənib, Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) və Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) mühazirələr oxuyub, 35-dən çox namizədlik və doktorluq dissertasiyasının elmi rəhbəri olub.

Həsən Əliyev bir insan kimi səmimi, mehriban, sadə, qayğıkeş, ədalətli, sözünü deyən idi, kadrlara qayğı göstərirdi, elmi işçilərin qədrini bilirdi. O, Azərbaycanı qarış-qarış gəzmişdi, Vətənini çox sevirdi. Hansı bölgədən, kənddən söhbət getsə, oranın təbiəti, əhalisi, adət-ənənəsi və el ağsaqqalı haqqında məlumat verərdi.

Akademik Həsən Əliyev 1993-cü il fevralın 2-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

https://azertag.az