AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu

Dosent MƏMMƏD SADIQOV

 B.ü.f.d. ŞAHVƏLƏD ƏLİYEV

       E.i. NİGAR PAŞAYEVA

Dünya təcrübəsindən məlumdur ki, əkinçilik və maldarlıq əsasən Mesopotamiyada, Fərat və Dəclə çaylarının sağ-sol sahillərində, Nil çayı və Çinin Yantsız, Xuanxe çaylarının sahillərində, Kür və Araz çayları ətrafında, Mərkəzi Asiyanın Fərqanə vadisində, Kolxida və Lənkəran ovalıqlarında və eyni zamanda Türkiyə və İranın dağətəyi bölgələrində inkişaf etməyə başlamışdır. Hazırda sürətlə inkişaf edən turizm və otelçilik sənayesi də bu sahənin məhsullarındandır. Şərq  ölkələrinin inkişaf dinamikasının təhlili bizə sübut etdi ki, bugünkü turizm sənayesinin ilk inkişaf mərhələsi məhz Asiya ölkələrindən başlamışdır. Müasir dövrdə dünya ölkələrində turizmin 50-yə qədər növündən istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, adıçəkilən növlərə yeni iki növü də əlavə etmək olar.

Apardığımız tədqiqatların nəticəsi kimi son 5 ildə Azərbaycan ərazisində kanyon və yaylaq turizm növləri də inkişaf etməyə başlayıb. Bu gün Azərbaycan ərazisində 10-dan çox kanyon turizm növündən istifadə etmək mümkündür. Turizm sektorunda kanyon turizminə çox yaxın olan sahələrdən biri yaylaq turizmidir. Adından göründüyü kimi, yaylaq turizmi ölkələrin dağlıq ərazilərinin dəniz səviyyəsindən 1350­3250 m arasında yerləşən yaylaqlar nəzərdə tutulur. Bu istiqamətdə Azərbaycanla yanaşı, qonşu Gürcüstan Respublikasının Azərbaycan türklərinə aid olan mövsümi istifadə olunan yaylaqları misal göstərmək olar. Bura Cavaxeti sıra dağlarının Sarvan camaatına məxsus Zəlyə-Barmaqsız-Nayvəli yaylaqları daxildir.

Şəkil 1. Yaylaq turizminin yaranma səbəbləri və inkişaf istiqamətləri.

Qeyd etmək lazımdır ki, istər Cənubi Qafqaz, Mərkəzi Asiya, istərsə də digər yuxarıda adları çəkilən ölkələrin ərazilərində olan yaylaqların özlərinə məxsus atributları vardır. Yaylaqlardan istifadə etmə baxımından çadırların (dəyə), evciklərin qurulması üçün ərazidə sahələrin ayrılması, maldarlıq, qoyunçuluq və arıçılıq təsərrüfatlarının yerləşdirilməsi, mövsüm ərzində (3-4 ay) əhalinin yaşaması üçün ərazidə minimum şəraitin yaradılmasının vacibliyi yaylaqlarda qız-oğlan toylarının və bayram şənliklərinin keçirilməsi üçün müəyyən şərtlərin qəbul edilməsi və seçiminin aparılması, dağçılar-yaylaqçılar üçün qəbiristanlıqların salınması və istifadə edilməsi, dağçı və yaylaqçıların sağlamlığına yardımçı olan müalicə əhəmiyyətli bitkilərin və təbii bulaqların olması, yaylaqlarda turizmin bu növünü yaşatmaq və dayanıqlı etmək üçün orta əsr nümunələrini bərpa edib müasir həyata qaytarmaq, türkçülüyün ilk əlamətlərini yaşadan köçəri heyvandarlıq təsərrüfatını yaylaqlara istiqamətləndirmək, yaylaq turizmində təbii mühiti ekoloji cəhətdən qiymətləndirmək zəruriliyi. Bu istiqamətdə respublikamızın ərazisində olan yaylaqlar diqqət mərkəzində olub, öz cəlbediciliyi ilə insanları bir araya gətirir.

Azərbaycan ərazisində turizm baxımından zəngin yerüstü və yeraltı ekosistemlərinin güclü potensialı olan regionlar çoxdur. Belə regionlardan Qarabağ subregionunu qeyd etmək olar.

Şəkil 2. Sarvan yaylağı ilə Qaracalar yaylağı arasında süni yaradılmış gölməçə (əsasən qoyunların qırxım və dərmanlanması)

30 il davam edən erməni işğalına 2020-ci ilin noyabrında son qoyulması bu regionun sərvətlərindən də istifadə etməyə şərait yaratmışdır. Subregionun ən cəlbedici bölgəsi Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan inzibati rayonlarıdır. Əlbəttə, ölkəmizin belə zəngin və cəlbedici əraziləri Naxçıvanda, Gədəbəydə. Daşkəsəndə və Tovuz rayonlarında da vardır. Lakin tədqiqat zamanı əlimizdə olan materiallardan istifadə edib turizmin bu yeni növü haqqında ideya və təklifləri əsas götürüb bütün respublika ərazisində olan yaylaqlara şamil etdik. Yeni elmi-praktiki istiqamətləri Qarabağ subregionunun materialları çərçivəsində həyata keçirməyi üstün tutduq.

Qarabağ subregionunun materiallarının istifadəsində 1989-cu ilin materiallarını əsas götürdük. Məqalənin yazılışında respublikanın 1:100000 topo xəritələrinin planşetlərindən və Azərbaycan Respublikası ümumcoğrafı məlumat xəritəsindən (1:500000) istifadə edilmişdir.

Kəlbəcər və Laçın inzibati rayonlarının ərazisində olan yaylaqlarda əhali uzun illərdir evcik və dəyələr qurub istirahət ediblər. Bəzi ölkələrdə (Özbəkistan, Qazaxıstan, Türkmənistan, Monqolustan və Tibetdə) bu dəyələrə yurta da deyilir. Maraqlıdır ki, Azərbaycanda və Gürcüstanın bəzi yaylaqlarında kənd yaşayış məntəqələrinə də rast gəlinir. Bunlara Yansar kənd yaylağı, Hacı Usub gədiyi yaylağı, Zar, Hacıbabış (Quruselat) yaylağı, Taxtadüz kəndində elat çadırları, Qızılqaya yaylaq bulağı, Tüklük yaylaq bulağı, Alttala yaylağı və bulağı, Gölbinəsi. Qazax və Yarpızlar binə- yaylaqlarını, Laçın rayonunda isə Qırxqız, Farmaştəpə, Qaradağlı, Çöplügöl, Dəlidağ, Qaraçöl, Çalbayır, Kahabulaq, Əlyetməz, Sarıbulaq, Çaladaş, Beşbulaq, Hasarlar, Gürcüstanda isə Pərvanə gölü ətrafında Toxabir, Gənza və s. qeyd etmək olar. Əsrlər boyu bu məntəqələr əhalinin qulluğunda durmuşdur. Onu da qeyd etmək lazımdır ki, laçınlıların müvəqqəti istifadəsində olan Ağcabədi, Beyləqan və İmişli rayonlarının ərazisinə daxil olan Taxta körpü adlanan yaylaq sahələrində əhali 2006-2020-ci illərdə salınmış 8 qəsəbədə fəsli məskunlaşmağı üstün tutmuşlar. Bunlara Mişni, Orta yataq obası, Hacılar orta yataq obasını misal göstərmək olar. Obaların əksəriyyəti ayrı-ayn şəxslərin adları ilə adlandırılmışdır. Laçın rayonunun işğaldan əvvəl əsas qış otlaqları Ağcabədi rayonunun ərazisində yerləşirdi. Bu baxımdan, Qarabağın bu bölgəsində ən qədim zamanlardan yerli əhali yaylaq- qışlaq düşərgələrindən istifadə etmişlər. Şübhəsiz ki, müəyyən vaxtdan sonra bu yaylaqlara əhali yenə də qayıdacaqdır. Lakin bütün bunlarla yanaşı xarici turistləri və qonaqları füsunkar gözəlliyə malik olan yaylaqlara cəlb etmək üçün beynəlxalq səviyyəli işlərin həyata keçirilməsi birmənalı qarşılanmalıdır. Turizmin bu növünü beynəlxalq səviyyəyə çatdırmaq üçün yaylaqlarda turizm atributlarının və infrastrukturun yaradılması ön plana çəkilməlidir.

1 .Turistlərin ovçuluq, balıqçılıq, at üstündə və piyada gəzintilərinin təşkil edilməsidir;

Meşəlik, kolluq və çəmənliklərdə gül-çiçək və dərman bitkilərinin toplanması üçün yol xəritə- sxeminin tərtibatı;

Yaylaqlarda müxtəlif mağazaların açılması, turist və qonaqlara lazım olan avadanlıqların təşkili;

4.Səhiyyə ocaqlarının yaradılması və lazım olan dərmanların satışının təşkili;

5.İdman obyektlərinin qurulması və onların icarəyə verilməsi;

6.Müasir tipli camaşırxana və biotualetlərin quraşdırılması;

7.Yaylaqlarda çadır-evciklərin işıqlandırılması qızdırılması;

8.Yaylaqlarda xarici və daxili turistlərin əraziyə baxış münasibətilə bağlı turların təşkil edilməsi;

9.Yaylaq ərazilərinin video görüntülərinin kamera vasitəsilə izlənməsinin təşkili.

Bu yeniliyə çatmaq üçün ən əsas işlərdən biri yaylaqlara 1-ci dərəcəli asfalt örtüklərin çəkilməsidir. 2-cı turistlərin gecələmə yerlərinin (kotec, kempinq motellər) tikilməsi və təşkilidir. 

 

  

Şəkil 3.Sarvan camaatının yaylağa çıxdığı "Çınqıllı" adlı subalp çəmənliyi arxada. Koroğlu dağı 

Şübhəsiz ki, yuxarıda sadalanan turizm infrastrukturlarının yaradılması bu ərazilərə turist axınının sürətlənməsinə gətirib çıxaracaqdır. Bu isə dövlət büdcəsinə valyutaların daxil olmasına səbəb olacaqdır. Eyni zamanda kənd təsərrüfatı sahələrindən kənarda qalmış dağlıq və yaylaq ərazilərimizin istifadə əmsalını daha da artıracaqdır.

Bütün bu sadalanan ideya və təkliflər Azərbaycanda çoxfunksiyalı turizm və rekreasiya  millərinin müasir dövrdə inkişaf etməsinə və onlara turistlər tərəfindən marağın daha da artmasına səbəb olacaqdır. Eyni zamanda dünya turizm kataloquna daxil olub öz möhürünü vuracaqdır. 

 

 

ƏDƏBİYYAT SİYAHISI

  1. Məmməd Sarvan (Sadıqov) "Ulu Bor çalı" Tarixi- coğrafi oçerk. Bakı, 1989, 726 səh.
  2. Məmməd Sarvan (Sadıqov) "Gürcüstan azərbaycanlılarının yaylaq və qışlaqlarının turizm baxımından qiymətləndirilməsi". "Yer və İnsan "jurnalı N°2, Bakı, 2022.
  3. Məzahir Təhməzov "Kəlbəcər ensiklopedik məlumatlar" Elmi-publisistik kitab. Bakı,2013.
  4. Материалы для изучения экономики быта государственных крестьян Закавказского края том IV, Тифлис, 1886..Кавказский календарь, Тифлис, 1898-1917, 599 стр.

 

Yer və İnsan. Elmi-nəzəri jurnal №03(19)2022. ISSN 2706-9168. Səh 91-94.