AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin

aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məmməd Sarvan (Sadıqov)

“Turizm və rekreasiya coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi,

biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev 

Qarabağ regionu nəinki Azərbaycanın həmçinin, dünya ölkələrinin bir çox bölgələrində fərqli olaraq daha qədim tarixə malik olması sübuta yetirən bir ərazidir. Məhz, Qarabağ bölgəsi özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə şöhrət qazanmışdır. Qarabağın bədii təfəkkür və yaradıcılığına bölgənin rəngarəng təbiəti ilə yanaşı, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir.

Qarabağlıların zəngin yaradıcılıq seçimində ən mühüm yerlərdən biri onun həyat və məişəti, gündəlik güzaranı ilə bağlı olan xalq sənəti tutur. Təbiidir ki, qarabağlıların məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə milli, mənəvi dəyərləri bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verməsi qeyd etdiklərimizi bir daha təsdiqləmiş olur. Bu gün dünyanın ən zəngin muzeylərində Qarabağ xalq sənətkarlığının timsalında Azərbaycan xalq sənətkarlığının bir çox nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar. Bu baxımdan Qarabağlıların əməyi sayəsində yaranıb bölgənin həyat və məişətində geniş istifadə edilən Qarabağ el sənətinin böyük və zəngin bir tarixinin şahidi oluruq.

Qarabağ ərazisində arxeloji qazıntılar nəticəsində tapılmış qab-qacaq, silah və qadın bəzək nümunələri tək bir tarixi fakt kimi deyl, həm də onu yardan sənətkarın ustalıq bacarığından xəbər verən qiymətli mənbədir. Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və hətta geyimləri ilə yaxından tanış olma iktidarına malik oluruq. Beləliklə, xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləi öz əksini geyimlərdə də tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir. Qarabağda qadınlar üçün baş örtüyü və milli üst geyimlərinin toxunması və tikilməsi prosesinə orta əsrlərdən başlanılmışdır.

Arxeloji qazıntılar vasitəsilə külli miqdarda qədim maddi mədəniyyət nümunələrinin aşkar edilməsi Qarabağın maddi və mənəvi mədəniyyət tarixini daha dərindən öyrənməyə imkan vermişdir. Təsadüfü deyl ki, qədim və zəngin tarixə malik Azərbaycan xalqına məxsus olan bu bölgə dünyanın bir sıra alimləri tərəfindən maraqla qəbul edildiyi kimi, eyni zamanda bu ulu diyarın tarixinə saxta yollarla sahib çıxmaq istəyən avantürüstlərin də diqqətindən yayınmamışdır. Qarabağdan aşkar edilmiş hər bir arxeloji qazıntı materialları, başqa sözlə maddi mədəniyyət nümunəsi olan irili-xırdalı bütün əşyalar – tikinti materialları, məişət əşyaları, süfrə qab-qacaqları, bəzək əşyaları hər biri həm özünün istehsal olunması baxımından, həm də onların üzərindəki müxtəlif qliptik, teoreftik təsvirlərin, naxışların həkk olunması baxımından qarabağlıların həyatında özünə yer tapan qədim mədəniyyətin xarakterik cəhətlərinin səviyyəsi və inkişaf xüsusiyyətlərinin təcəssümü kimi dəyərləndirmək olar. Misdən, gümüşdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Qarabağda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğundan xəbər verir.

Müxtəlif dövrlərdə Azərbaycanın Qarabağ xalçaçılıq məktəbində toxunulmuş kilim və xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur. Belə kilim və xalçalardan Kəlbəcərin Hacıkənd kəndinin istehsal etdikləri məhsulları qeyd etmək olar. Zəngin mədəni irsə malik olan Qarabağ regionu musiqi, muğam diyarı kimi də məşhurdur. Azərbaycan musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Qarabağ musiqisinin çoxəsirlik tarixi vardır. Qarabağ musiqi sənətinə muğamlar, xalq mahnıları, rəkslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur. Təsadüfü deydir ki, Qarabağ milli musiqisinin təməl daşını və bünövrəsini muğamlar təşkil edir. Qarabağlıların ədəbiyyat nümayəndələrinin yaratdıqları ədəbi və bədii əsərlər Azərbaycan mədəniyyəti xəzinəsində özünəməxsus yer tutur. Qarabağda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy mərasimləri həmçinin, insanların dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Qarabağ xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik və orta ölçülü tamaşalar təşkil etmişdir.

Qarabağ professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır. Bunun sayəsində XIX əsrdən başlayaraq əvvəl Şuşada sonra Ağdamda professional teatr yaranmış və çox səmərəli fəaliyyət göstərmişdir. Qarabağın zəngin dəmir filizi yataqları qədim zamanlardan başlayaraq yerli xammal əsasında dəmirçilik sənətinin meydana gəlməsində mühüm rol oynamışdır. Bunların əsasında köhlən Qarabağ atlıların nallanması əsas yer tutur. Dulusçuluq isə Qarabağda sənətkarlıq istehsalının ən qədim sahələrindən olub, bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəsislər sənətin bu sahəsinin meydana gəlməsini neolit dövrünə aid edirlər. Qarabağ mətbəxi özünün Qarabağ kətəsi, Bərdə nanı kimi spesifik xörəkləri ilə fərqlənməklə Azərbaycan kulinariyasının əsas hissəsini təşkil etmişdir.

Ərazidə aparılmış arxeloji qazıntıların nəticələri göstərmişdir ki, Qarabağda yaşamış (Azıx mağarasında) qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır. Öz köklərilə ta qədim dövrlərə gedib çıxan Qarabağ təsviri sənət ənənələri özündə neçə-neçə nəsillərin bədii təcrübəsini yığıb saxlamışdır. Buraya Kəlbəcər, Ağdam, Laçın rayonlarındakı Pəriçınqıl, Dəlidağ (hər ikisi Kəlbəcər ərazisində) qayaüstü təsvirləri və s. qeyd etmək olar. Zəngin bəzəyə malik əmək alətləri və məişət əşyaları, öz gözəlliyi və rəngarəngliyi ilə nadir olan xalçaçılıq sənəti, Hacıkənd ünvanlı milli xalça və kilim, zərgərlik əşyaları və s. daxildir.

Həmçinin, öz nəfisliyi və zərifliyi ilə seçilən memarlıq abidələrini Vəng kəndi, Xudavəng (qədim Alban məbədi II-VI-XIII əsrlər), məscidləri, məqbərələri, sarayları, Alban kilsələri, məbədləri və kaşı naxışlarını da xatırlamamaq mümkün deyl. Bütün bunlar Azərbaycan xalqının bədii mədəniyyətinin özünəməxsus «genefond»unu yaratmış, onun zəngin irsini təşkil etmişdir. Həmin irs XIX əsrin ortalarından yeni tendensiyalarla daha da genişləndirilmişdir. Bu dövrün əsas nümayəndələri kimi istedadlı fırça ustaları Mir Mövsüm Nəvvab, şair və rəssam Xurşudbanu Natəvan və bir çox digərləri çıxış edirdi. Öz zənginliyinə və unikanllığına görə Qarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz tərkib hissəsi olmuşdur. Baxmayaraq ki, bədnam və şovinist ermənilər regionun bütün ərazisində olan turizm-rekreasiya və tarixi mədəni obyektləri yerlə-yeksan etmişlər. Lakin 30 ildən sonra bu dağıdılmış və viran qoyulmuş tarixi-etnoqrafik inciləri dövlətimiz tərəfindən çətinliklərlə də olsa ərazidə bərpa və yenidənqurma işlərinə start verdi.

Hazırda, Şuşada, Ağdamda, Füzuli və digər məntəqələrdə böyük abadlıq və yenidənqurma işləri aparılır. Bu işlər nəticəsində istər xarici və istərsə də daxili qonaq və turistlərin regiona səfər etmələri sürətlənəcəkdir. 

 

“Elm və Həyat” elmi-populyar jurnalı, №1(475), s.41-44, 2022 ISSN-2710-0944