BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda havalar yağmurlu keçsə də, Xəzər dənizinin səviyyəsi enməkdə davam edir. Xəzər dənizinin səviyyəsinin kəskin enməsi ciddi narahatlıq doğurur. Bu prosesə əvvəllər əsasən isti yay aylarında rast gəlinirdisə, yağıntılı aylarda da Xəzər dənizinin səviyyəsi aşağı düşməkdə davam edir. Bu problemə həm Bakı, həmçinin də Sumqayıt bulvarında rast gəlinir. Sputnik Azərbaycan Xəzərin günü-gündən dayazlaşmasının səbəbini araşdırb.
Sumqayıt bulvarında binalar tikiləndən dənizin səviyyəsi aşağı düşüb?
Sumqayıt sakinləri Sputnik Azərbaycan-a açıqlamalarında bildiriblər ki, Sumqayıt bulvarında dəniz xeyli geri çəkilib. Bu problem dənizin kənarında göydələnlər inşa olunduqdan sonra yaranıb.
Sakin Sevda Məmmədova Sputnik Azərbaycan-a söyləyib ki, 20 ildən çoxdur Sumqayıtda yaşayır. Sumqayıtda dənizdə suyun azalması ərazidə yeni binalar tikildikdən sonra müşahidə olunub: "Bu yaşayış binaları tikilənədək dənizin səviyyəsi normal idi. Binalar inşa olunduqdan sonra su da geri çəkilməyə başladı. Bu məsələ araşdırılmalıdır. Belə getsə Sumqayıtın bulvar hissəsində dəniz quruyacaq".
Digər sakin Hafiz Səfərov isə bildirib ki, ərazidə yaşayış binaları inşa olunduqdan sonra dənizin nəinki suyu geri çəkilib, ətrafı da üfunət iyi bürüyüb. Sumqayıt sakini dənizə yaxın ərazidə binaların inşasının düzgün olmadığını söyləyir. Onun sözlərinə görə, bu binalar şəhərə təmiz havanın gəlməsinin də qarşısını alır: "Bilirsiniz ki, Sumqayıt sənaye şəhəridir. Havası çirklidir. Dənizin havası şəhərdə havanı təmizləyirdi. Bu binalar tikiləndən şəhərə hava gəlmir. Yaşayış binalarını düz dənizin sahilində tikiblər. Bundan sonra dənizin səviyyəsi getdikcə aşağı düşməyə başladı.
Bakı bulvarında da dəniz quruyur
Bakı bulvarında da anoloji problem müşahidə olunur. Bakının Bayıl hissəsində dəniz xeyli geri çəkilib. Xeyli vaxtdır ki, Bakının "Yeni Bulvar" adlanan hissəsində dənizin səviyyəsində kəskin enmə müşahidə edilir. Bu problem bulvarın görüntüsünə də təsirsiz ötüşməyib. Belə ki, dənizin sahildən uzaqlaşması bulvarın bəzi hissələrində daha qabarıq görünür. Bu isə Dənizkənarı Parkın görüntüsünə xələl gətirir.
Səbəb nədir?
AMEA Coğrafiya İnstitutunun "Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası" şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin sahildə inşa olunan binalarla heç bir əlaqəsi yoxdur. Həmsöhbətimiz bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi su balansının dəyişməsinin nəticəsidir: "Bu il dünyada ən isti il olub. Dənizdə suyun azalması buxarlanmanın artması ilə də bağlıdır. Qlobal isitləşmə nəticəsində Xəzərin hövzəsinə tökülən suyun həcmi də azalır. Xəzər regionunda qlobal istiləşmə gedir".
Ə. Əliyev onu da bildirib ki, su balansı dəyişib. Xəzərə gələn su gedən sudan azdır.
"Buxarlanan su ilə gələn su səviyyəsi arasında fərq var. Gələn su çoxdursa, dənizin səviyyəsi qalxır, buxarlanma çoxdursa, səviyyə düşür. Hazırda Xəzərdə suyun səviyyəsinin enmə dövrüdür"deyə mütəxəssis bildirib.
Ə. Əliyevin sözlərinə görə, Xəzər dənizinə Volqa və Ural çaylarından tökülən suyun həcmi azalıb. O, bildirib ki, Volqa çayı Xəzərə tökülən suyun 85 faizini təşkil edir. Son illərdə həmin çaydan tökülən suyun həcmi 25 -30 faizədək azalıb. Buna görə də Xəzərin səviyyəsinin aşağı düşməsi daha qabarıq müşahidə olunur.
Həmsöhbətimiz deyib ki, 2005-ci ildən bugünədək Xəzərin səviyyəsi təxminən ildə 20 sm aşağı düşür. Bu isə Xəzər regionunda iqlim dəyişiklikləri ilə əlaqədardır.
Xəzərin səviyyəsi nə vaxtadək enəcək?
"Analizlər göstərir ki, Xəzərin səviyyəsi son 4000 ildə 250 il aşağı düşür, sonra bu müddətdə qalxır. 1937-ci ildən bu günədək Xəzərin səviyyəsində 3 dəfə kəskin dəyişmə baş verib. 1837-dən 1930-cu ilədək səviyyə təxminən 1 metrədək aşağı düşüb. 1930-cu ildən 1977-ə qədər Xəzərin səviyyəsi 3 metrədək enib. 1978-1995-ə qədər isə Xəzərin səviyyəsi 2,5 metr qalxıb. 1995-dən bu günədək Xəzərin səviyyəsi iki metrədək azalıb. 2040-cı ilədək Xəzərin səviyyəsində enmə davam edəcək".
O, bildirib ki,son 200 ildə Xəzərin səviyyəsi 1977-ci ildə bu günkindən 60-70 sm aşağı olub. 2030-cu ilədək bu prosesin davam edəcəyi proqnozlaşdırılır.
Dənizdə suyun azalmasının fəsadları
Ə.Əliyev onu da vurğulayıb ki, yağış suları Xəzərin səviyyəsinin qalxmasında elə ciddi rol oynamır. Xəzərin səviyyəsinin 1 sm qalxması 4 kub kilometr sudur. Kür çayı ildə 7-8 kub km su gətirir. Odur ki, yağışın dənizin səviyyəsinin artmasına elə əhəmiyyətli təsiri yoxdur.
Mütəxəssis bildirib ki, Xəzərdə suyun azalması neft sənayesinə, balıqçılığa mənfi təsir edir. Həmçinin gəmilərin limana yaxınlaşmasına mane olur. Çünki, gəmilər limana kanallar vasitəsilə gəlir. Dənizdə suyun səviyyəsi endikdə həmin kanalları dərinləşdirmək lazım gəlir.