Ötən ilin may ayında Kəlbəcərə getmişdik. 30 illik həsrətdən sonra o yerləri yenidən görmək imkanım olduğu üçün Allahıma şükürlər etdim. Türk qardaşlarımızla birlikdə Zar, Bəzirxana kəndlərindən yuxarıda, Keyti dağının ətəklərində yerləşən qızıl yatağına baxış keçirirdik. Sonuncu dəfə orada 1984-cü ildə olmuşdum. Nəhayət ki, uzun sürən həsrətimizə son qoyuldu, 38 ildən sonra bir daha bu yerləri, xüsusən də Kəlbəcərin mərkəzində dalğalanan üçrəngli bayrağımızı görmək necə də qürurverici idi! Amma dağıdılmış yolları, evləri, binaları, viran qoyulmuş Kəlbəcər şəhərini və kəndləri görmək çox üzücü idi. Yolboyu gördüyümüz bu acı mənzərələr qəlbimi göynədir, ürəyimi sıxırdı. Mənfur qonşularımız imkanları çatan hər şeyi dağıtmışlar, yerləyeksan etmişlər, təkcə dağların əzəmətindən başqa. Başı qarlı möhtəşəm dağlar, uçurumlu dərələr, sıldırımlı qayalar, çaylar, bulaqlar öz yerində idi. Onlar düşmən tapdağına dözərək 30 il idi ki, bizim yolumuzu gözləyirdi və biz qayıtdıq, biz gəldik, həmişəlik olaraq. Bunun üçün şəhidlərimizə Allahdan rəhmət, qaziləriməzə şəfa diləyirik və hər bir Azərbaycan əsgərinə, zabitinə və Ali Baş Komandanımıza sonsuz minnətdarıq!
Kəlbəcər ölkəmizin ən dağlıq rayonudur. Mən də geoloq olduğumdan 40 il idi ki, görə bilmədiyim bu dağlara, bəlkə nəysə dəyişib deyə, hərisliklə baxırdım. Bax budur, Qamışlı kəndi yaxınlığında, Lev çayının dərəsindəki baş-başa gələn qayalar, Tərtər çayının dərəsindəki Kiçik İstisu bulağı, Zar kəndinə qalxan dolaylarda bazalt sütunları (dirək qayalar), bu da Keyti dağı! Allaha şükür, hamısı yerindədir.
Kəlbəcər rayonunda turizmin inkişafı üçün bu qayalar, mineral bulaqlar çox əhəmiyyətli nadir təbiət abidələridir. Azərbaycanda geoloji dövrün ən son, yəni ən cavan vulkanları bu yerlərdə təxminən 1-2 milyon il əvvəl püskürmüş, lavalar axaraq dərələri doldurmuş və qədim relyefi düzləndirərək platoya çevirmişdir. Tərtər çayının dərin dərəsindən qalın lava qatlarını kəsən dolayları aşıb həmin platonun üzərinə - Zar, Bəzirxana kəndinin yerləşdiyi əraziyə daxil oluruq. Burada da erməni vandalları hər şeyi - kəndləri, evləri, binaları dağıtmış, viran qoymuşdular. Hətta, o zamanlar tikilmiş geoloji-kəşfiyyat bazasını da dağıtmış, yerləyeksan etmişdilər. Korlanan ovqatımızı ətrafdakı təbiət mənzərələri bir qədər pozitivə yüklədi və kiçik bir sulu dərə boyunca sarı çiçəklər açmış lilpar kolları mənə gəncliyimi xatırlatdı. Sevimli Xalq şairimiz, rəhmətlik Hüseyn Arifin “Təbiət düşünür” adlı şeirindən misralar yadıma düşdü:
Gəl çıxaq seyrinə uca dağların,
Çəmən olan yerdə xalça nə lazım,
Gözündən su içək buz bulaqların,
Lilpar olan yerdə dolça nə lazım.
Mən ilk dəfə 1975-ci ildə Kəlbəcərə, məhz bu yerə tələbə ikən çöl təcrübəsi keçməyə gəlmişdim. O zaman da ətraflar indiki kimi alp çəmənlikləri ilə örtülü, güllü-çiçəkli idi, sanki təbiət heç dəyişməmişdi. Uca dağların ətəyində, Zar çayının qırağında, yerli daşlardan tikilmiş, yaşıl, geniş çəmənliklə əhatələnmiş və 4-5 binadan ibarət geoloji bazamız Şotlandiyanın kənd mənzərələrinə bənzəyirdi. Kəlbəcər təbiəti haqqında ilk təəssüratım o qədər güclü idi ki, onları heç unutmadım, sanki illərcə o yerlərdə yaşamışdım. İndi həmin binaları belə vəziyyətdə görmək mənə çox ağır gəldi. Axı, bir vaxtlar mən də o binalarda işləmişdim, qalmışdım, onlar mənə də doğma idilər. Bunları düşünürkən Qarabağın, Kəlbəcərin minlərlə sakininin illərlə yaşadıqları öz evlərini, doğma yurd-yuvalarını belə dağılmış vəziyyətdə görərkən nə kimi hiss, həyəcan keçirdiklərini təsəvvür etmək belə, çox çətindir. Bu yerlərdə doğulmuş, uşaqlığı, gəncliyi, şirinli-acılı günləri bu dağlarda keçmiş insanların öz yurd yerlərində uçulmuş divarları qucaqlayıb hönkür-hönkür ağlamaları nə qədər acı olsa da, başa düşüləndir: illərin həsrəti, nisgilidir o göz yaşları.
Kəndlərin, evlərin bu kədərli görkəmini seyr edərkən keçirdiyim ağrılı hissləri yüngülləşdirən bir şey vardı- hər yerdə qızğın inşaat-quruculuq işləri gedirdi: yollar çəkilir, tunellər tikilir, dağ çayları üzərində su elektrik stansiyaları inşa edilirdi. Buraya qayıdacaq insanların rahat, təhlükəsiz, hüzur içində yaşamaları, işləmələri üçün çoxlu sayda infrastruktur layihələri həyata keçirilirdi. Dağların, dərələrin səssizliyini pozan yüzlərlə maşın-texnikanın hərəkəti, ağır traktorların, ekskavatorların nəriltisi adamda qürur hissləri oyadırdı. Bax, bütün bunlar gələcəyə ümidlə baxmaq üçün, qayıdıb yenidən bu yerlərdə məskunlaşmaq üçün bizlərə güc, qüvvət və ilham verir. Hörmətli Prezidentimiz, Müzəffər Ali baş Komandan İlham Əliyevin demiş olduğu “biz Qarabağ bölgəsində cənnət yaradacağıq” arzusunun gerçəkləşəcəyi günlərin uzaqda olmadığına inanıram, çünki Kəlbəcərə gedərkən yolboyu gördüyüm qızğın inşaat-quruculuq işləri məndə buna bir daha əminlik yaratdı.
Kəlbəcərlilərin dədə-baba yolu olan Ağdərə-Tərtər dərəsi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olduğundan tam təhlükəsiz deyil. O üzdən Kəlbəcərə daha güvənli yol kimi hələlik Ömər aşırımından keçərək getmək daha məqsədəuyğundur. Biz də oranı aşaraq getdik, amma bu yol uzun və narahatdır, üstəlik, aşırım dəniz səviyyəsindən 3260 m hündürlükdə yerləşdiyindən qış aylarında, xüsusən də qar yağıb şaxta olanda problemlər yaranır. Dövlətimiz tərəfindən də bütün bunlar nəzərə alınaraq, gələcəkdə Kəlbəcərə rahat və tez getmək üçün Murovdağ silsiləsinin altından tunel qazmağa qərar verildi. Bu nəhəng layihənin icrası Türkiyə Respublikasının ən məşhur tikinti şirkətlərindən birinə - “Cengiz Holding”in bir qolu olan “Cengiz İnşaata” həvalə olundu. Tunel və yol tikintisində böyük təcrübəyə, güclü texniki imkanlara və kadr potensialına malik olan şirkət qısa zaman ərzində layihə işlərini tamamladı və artıq 2021-ci ilin avqust ayında ərazi çalışmalarına başladı.
Bu ilin fevral ayında tikilməkdə olan Murovdağ tuneli ilə daha yaxından tanış olmaq imkanım oldu. Layihə mühəndisi Ferhat bəy bizə görülmüş və görüləcək işlər barəsində ətraflı məlumat verdi. Maşınla 2500 m dərinliyə - tunelin aynasına (dibi) qədər getdik və qazma - tikinti işləri ilə bilavasitə yerində tanış olduq.
Həqiqətən, çox möhtəşəm tikintidir: iki paralel tunel, hər iki istiqamət üzrə də iki zolaq, eni 12 metr, 2 qatı armatur-beton olmaqla divarları və döşəməsi 6 müxtəlif su keçirməyən qatdan ibarətdir. Hər cür infrastruktura malik, tam təhlükəsiz və çox müasir bir inşaat nümunəsi! Xeyirli-uğurlu olsun! Orada türk mütəxəssisləri və işçiləri ilə bərabər, yerli mühəndis və fəhlələr, sürücülər də çalışırlar. Hamısına “çox sağ olun, əllərinizə sağlıq!” deyirəm. Yer altında, ağır şəraitdə işləmələrinə baxmayaraq, hər biri öz işlərini məsuliyyətlə, çox yüksək səviyyədə yerinə yetirirlər. Ən xoşuma gələn məqamlardan biri tunelin gələcək təhlükəsizliyinə çox böyük diqqətin yetirilməsidir.
Tunelin girişi Göygöl rayonunun Toğana kəndindən yuxarıda Sarıqaya deyilən yerdə, çıxışı isı Kəlbəcərin Yanşaq kəndinin yaxınlığında olacaqdır, bununla da yol iki dəfə qısalacaqdır. Belə ki, Ömər aşırımını keçməklə tunelin bu başından o biri başına olan 24 km-lik məsafə, tunelin içilə 12,5 km olacaqdır. Bildirildi ki, tunelin o biri başında (Kəlbəcər tərəf) da işlər sürətlə gedir, artıq orada hər iki istiqamət üzrə 1500 metr keçilmişdir.
Tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulan bu nəhəng tunel çox böyük strateji əhəmiyyətə malik bir qurğu olacaq, Kəlbəcərə nəinki daha qısa yolla getməyə imkan verəcək, o, həm də 30 illik işğaldan azad olmuş Kəlbəcər rayonunun dirçəldilməsində - onun dağ-mədən sənayesinin, kənd təsərrüfatının, turizmin inkişafında və ən əsası, Vətən torpaqlarının etibarlı qorunmasında mühüm rol oynayacaqdır.
Toğana kəndindən əsas tunelə gedən və Kəlbəcərdə tuneldən sonrakı yolu da “Cengiz İnşaat” şirkəti inşa edir. Bu yollarda da nisbətən qısa məsafəli olsa da, tunellər inşa edilir. Torpaq və bərkitmə işləri, xüsusən istinad divarlarının hörgüsü indidən göz oxşayır. İnşallah, yaxın gələcəkdə belə gözəl yollarla və tunellərlə Kəlbəcərə daha tez və rahat şəkildə gedib-gələ biləcəyimiz günlərin çox da uzaqda olmadığını düşünürəm.
P.S. Tunelin giriş hissəsində 1 km-ə qədər divar müvəqqəti işıqlandırılmışdı, çox gözəl görünürdü, sanki ümid çıraqları idi. Və düşündüm ki, bu nəhəng tunel tamamlandıqdan sonra o həm də Türkiyə-Azərbaycan qardaşlığının abidəsi kimi əbədi olaraq qalacaq və ümid çıraqlarımız daha gur yanacaqdır.
Rəşid Fətəliyev
Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun
aparıcı elmi işçisi, dosent
Bakı, 11.04.2023