Ekoloq Ənvər Əliyev son həftələrdə keçən anomal hava şəariti ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb. 

Onunla müsahibəni təqdim edirik.

- Yaz fəsli olsa da, biz payızı yaşamaqdayıq. Hazırkı hava şəraitinə ekoloji amillərin təsiri varmı?

- Azərbaycan ərazisində ümumillikdə yazın axırını, yayın əvvəlini yağıntılı dövr adlandırırlar. Burada qanunauyğunluq var. May ayında havanın soyuq keçməsi, Novruz bayramı ərəfəsində qar-çovğun müşahidə olunması dəfələrlə baş verib. Azərbaycan ərazisinə daxil olan hava axınlarının sərhədi yoxdur. Hava axınları fəsildən asılı olmayaraq istənilən istiqamətdə hərəkət edir.

Belə başa düşürəm ki, bu, ənənəvi xətdən çıxma kimi qiymətləndirilməlidir. Artıq mayın yarısı keçib, amma biz hələ də isti havaya həsrətik.

- Hava belə davam edərsə, narahat olmağa ehtiyac varmı?

- Burada qorxulu bir şey yoxdur. Azərbaycan ərazisinin yağıntılı dövrüdür. Havanın belə keçməsinin çox zərəri olmayacaq. Hələ taxıl biçini başlamayıb, ot ehtiyatı yığılır. Bu, tam biz istəyən iqlim şəraiti olmasa da, vaxtı ilə müşahidə edilmiş havanı xatırladır.

- Bəs hazırkı havanın nə kimi üstünlükləri var?

- Əgər 15 gün əvvəl də belə hava şəraiti müşahidə olunsaydı, Azərbaycanın taxıl istehsalına çox yaxşı köməklik göstərərdi. Ötən il əziyyət çəkən ağaclarımız əvvəlkinə nisbətən daha çox rütubət görərdi. Ötən il havanın quraq keçməsi ağacların qurumasına səbəb oldu. 

- Azərbaycan ərazisində artıq ot ehtiyatının toplanması vaxtıdır. Ölkəmizdə heyvandarlığın inkişafı üçün ot ehtiyatı vacibdir. Bu hava şəraiti də ot ehtiyatı üçün faydalıdır. Ağacların rütubət toplamasına da kömək edir. Paytaxtda hazırda yağıntının olması qazon sahələrinə də çox faydalıdır. Lakin belə hava uzun müddət davam edərsə, taxıl yığımına maneələr yarada, ot ehtiyatına ziyan vura bilər. Düşünürəm ki, 10 gün sonra yenidən isti hava şəraiti geri qayıdacaq. 1 həftə sonra ənənəvi may ayı gəlib çıxacaq.

- Bəzi insanlar hesab edirlər ki, bu il qızmar yay müşahidə olunmayacaq. Dəniz mövsümü başlamayacaq. Bu fikirlərlə razısınızmı?

- Xeyr. Bu, elmdən uzaq söhbətdir. Azərbaycan oynaq, böyük hava axınlarının əhatəsində olan ölkədir. Ölkəmizə 8 istiqamətdə hava axınları daxil olur və hərəsinin özünəməxsusluğu var. Onlar təbiətimizin gözəlliyinə, müxtəlif landşaft tiplərinin formalaşmasına kömək edən amillərdir. Azərbaycan kimi ərazilərdə 70-80 faizə qədər hava haqqında məlumatı dəqiqləşdirmək olar.

Hər zaman deyilir ki, görülməyən isti yay müşahidə olunacaq. Bu ilki qış mülayim keçdi, sərt soyuqlar müşahidə olunmadı. Adətən qış sakit keçdikdə yaz fəsli qismən soyuq olur, ənənəvi xəttini dəyişir. Biz dəfələrlə belə may görmüşük.

10 gün sonra hava isinməyə başlayacaq. Gün çıxan kimi 30-32 dərəcədən aşağı temperatur olmayacaq və istənilən qədər isti hava bizi gözləyir. 

Müəllif: Aysel Azad

teleqraf.com

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024