Vətəni qorumağın bir yolu var: sözdə yox, əməldə vətənpərvər olmaq, kubalılar kimi. Baxaq görək, onlar bunu necə edirlər? - Bu haqda təəssüratlarımı sizinlə bölüşmək istərdim. Söhbət 30-35 il bundan əvvələ aid olsa da, elə taleyüklü məsələlər var ki, onları zaman asanlıqla dəyişmir. Bu, məsələn, xalqın vətənpərvərliyi, yəni vətən, torpaq sevgisidir, vətəni qorumaq üçün canından keçməyə hazır olmaq duyğusudur. Və şükürlər olsun ki, bu sevgini, bu duyğunu xalqımız hələ unutmayıb...
Tovuz hadisələri Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini və xalqımızın vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha göstərdi. Torpaqlarımıza soxulmağa cəhd etmiş düşmən layiqli cəzasını alıb geri çəkildi və vətənin müdafiəsi uğrunda xalqımızın möhtəşəm birliyinin şahidi olduq. Belə məqamlarda çox mühüm məsələlərdən biri də sərhəd rayonlarında bilavasitə düşmənlə üz-üzə, göz-gözə dayanan əhalimizin yaranmış vəziyyətdə davranış qaydalarıdır. Təbii ki, bu işlərlə mülki müdafiə qurumları məşğul olmalıdır, lakin hadisə yerlərindən verilən reportajlarda bu istiqamətdə görüləsi vacib olan tədbirlərin nəticələri nədənsə gözə dəymir. Ancaq mülki əhalinin orduya verdiyi güclü dəstəyin nümunəsini uzun illər bundan əvvəl Kuba Respublikasında müşahidə etmişdim.
Kuba inqilabının ən parlaq nəticəsi, mübaliğəsiz demək olar ki, onun səhiyyə sistemidir. Amma bir məsələ var ki, düşmən əhatəsində olan ölkəni qoruyan güclü ordu olmasaydı, yüksək səviyyəli səhiyyə sistemi olmazdı və əgər gələcək həkimləri və hərbçiləri vətərpərvər ruhda yetişdirən təhsil sistemi olmasaydı – heç biri olmazdı. Ona görə Kuba Respublikasında bu üç peşə sahiblərinə hər yerdə, hər zaman xüsusi hörmət, qayğı göstərilirdi, istər dövlət tərəfindən, istərsə də xalq tərəfindən. Kuba Silahlı Qüvvələri haqqında ciddi fikir söyləməkdən uzağam, amma 1986-89-cu illərdə həmin ölkədə uzunmüddətli ezamiyyətdə olarkən gördüyüm və şahidi olduğum bir-iki hadisə haqqında təəssüratlarımı, bəlkə bizim indiki durumumuza bir faydası olar deyə, sizinlə bölüşmək istərdim.
Başlayaq kubalıların vətənlərinə olan sevgisindən. Bu sevginin ideoloji əsasını inqilaba və Fidel Kastro başda olmaqla inqilabı həyata keçirmiş rəhbərlərinə inamları, etibarları təşkil edirdi. Ona görə keçmiş zamanda danışıram ki, 30 il bundan əvvəl gördüklərim belə idi. Ölkənin hər yerində görünən çoxlu sayda irili-xırdalı löhvələrə yazılmış şüarlar, plakatlar hansısa firmanın məhsullarını almağa təşviq edən reklamlar deyildi, böyük əksəriyyəti vətənin müdafiəsi ilə bağlı çağırışlar idi. İspan dilini yaxşı öyrəndiyimdən onları maraqla oxuyurdum. Ən çox rast gəldiyim isə “Patria o muerte! Venceremos!” (“Vətən ya ölüm! Biz qalib gələcəyik!”) və “Kon el partido junto a Fidel hasta la viktoria siempre! (“Əbədi qələbəyə qədər partiya və Fidellə birlikdə!”) şüarları idi. Təbii ki, kütləvi informasiya vasitələrində, cürbəcür yığıncaqlarda səslənən bu kimi şüarlar və asılmış plakatlar xalqın vətənpərvərlik ruhunun formalaşmasında, onun daha da yüksəldilməsində xüsusi rol oynayırdı.
Vətənpərvərliyi onlar təkcə sözdə deyil, əməlləri ilə də göstərirdilər. Müşahidə etdiyim bu keyfiyyətlərdən sonra belə qənatə gəlirdim ki, əgər ABŞ dövləti düşmən mövqeyi tutub, onları uzun illərdi blokadada saxlamasaydı, kubalılar düşdükləri indiki durumdan on dəfə yaxşı yaşayardılar. Sonralar SSRİ-nin dağılması və Rusiyanın onlara dəstək verməməsi kubalıların vəziyyətini daha da ağırlaşdırdı, amma bu, xalqıın qürurunu sındırmadı, onlar hələ də nəhəng düşmənin “çənəsinin altında” yaşamağa, mübarizə aparmağa və ABŞ-ı söyməyə davam edirlər.
1986-cı il idi. Kubaya yenicə gəlmişdik. Səhər tezdən güclü səs-küydən vahiməli şəkildə oyandıq. Aramsız atəş və partlayış səsləri, qışqırıq, tappıltı, guppultu məndə ilk olaraq belə fikir oyatdı ki, yəqin amerkalılar şəhərə girib, müharibədir. Uşaqlara və həyat yoldaşıma döşəməyə sinməyi tapşırıb, nə baş verdiyini anlamaq üçün taxta jalyüzlərdən ibarət pəncərənin bir küncünə yaxınlaşdım. Nə görsəm yaxşıdı? - Əli avtomatlı əsgərlər atəş aça-aça ora-bura qaçır, bir neçəsi kəndirlə yaşadığımız dördmərtəbəli binanın damına qalxır, başqa biriləri qarşıdakı binanın damından düşürdülər, ətraf tüstü dumana qərq olmuşdu. Arada zirehli maşın səsləri və zabitlərin əmrləri də eşidilirdi. Diqqətlə baxanda hamısının kubalı əsgərlər və bütün bu həngamənin isə bir təlim olduğunu anladım. Sən demə, bu, Kuba ordusunun növbəti təlim-məşqlərindən biri, şəhərə girmiş düşmənlə mübarizənin imitasiyası idi. Bax beləcə, ordu həmişə öz döyüş hazırlığını yüksək səviyyədə saxlayır və xalq da onları hər vasitə ilə dəstəkləyirdi.
Yazılanlara görə, o zamanlar Kuba ordusu Amerika qitəsində ABŞ-dan sonra ikinci, Latın Amerikasında isə ən güclü, ən döyüşkən ordu sayılırdı. Belə deyilirdi ki, həmin dövrlərdə Kubanın 2 milyonluq nizami ordusu və ehtiyatda hər zaman döyüşə hazır olan bir o qədər də canlı qüvvəsi vardı. Kuba ordusunun Anqola, Efiopiya və s. ölkələrə hərbi yardımda iştirakı da onun yüksək hazırlığından xəbər verirdi. İnqilabı müdafiə komitəsinin çoxmilyonluq üzvü silah-sursatdan istifadə qaydalarını unutmamaq, yenilərini öyrənmək məqsədilə arabir, qrafikə uyğun olaraq, evlərində saxladıqları hərbi paltarı geyinib təlim-məşq üçün toplaşırdılar. Gənc kubalı həmkarlarımın aradabir işdə görünməmələrinin səbəbini bilirdim, amma bir gün 45-50 yaşlarında olan ekspedisiya rəisinin hərbi paltarda bizə qonaq gəlməsi məni çox təəccübləndirdi. Valter, bu nə geyimdir?- sualıma, gülərək, – məni də bir aylıq orduya çağırıblar,- və azacıq duruxub, – vətəni qorumaq hamımızın borcudur, - dedi.
Bütün bu prosesləri ABŞ hərbçiləri özlərinin Kuba adasındakı Quantanamo hərbi bazasından və ya cəmi 180 km aralıda Florida yarımadasından çox yaxşı görür, izləyir və nəticə cıxarırlar. Nəticə də ondan ibarətdir ki, ABŞ rəhbərliyi başa düşür ki, Kubaya girmək onlara heç də asan başa gəlməyəcək və müharibənin onlara Vyetnam uğursuzluğundan daha ağır nəticələr verə biləcəyindən çəkinərək, Kubanı iqtisadi blokadada saxlamağı üstün tuturlar və bu yolla onları diz çökdürməyə çalışsalar da, 60 ildən çoxdur ki, buna heç cür nail ola bilmirlər.
Biz də 30 ildir ki, kiçik, amma arxasını başqa bir nəhəng gücə söykəmiş və torpaqlarımızın 20 %-ni işğal etmiş məkrli, hiyləgər bir düşmənlə üz-üzə qalmışıq. Bundan ən çox əziyyət çəkən sərhəd rayonlarımızın əhalisidir, belə ki, düşmənlər ara-sıra atəşkəs rejimini pozaraq təxribatlar törədir, mülki əhalimizə və onların əmlaklarına zərər verirlər və hər dəfə də Silahlı Qüvvələrimiz tərəfindən layiqli cəzalarını alırlar. Bəli, bu bir həqiqətdir ki, vətəni, onun sərhədlərini işğaldan, ilk növbədə, ordu qorumalıdır. Bununla belə, mülkü əhali də, xüsusilə sərhəd rayonlarında yaşayanlar, istənilən təxribata hazır olmalı, hərbi fövqəladə hallarda, öz imkanları daxilində ordumaza dəstək verməli, yardım etməlidirlər. Bəs, bunu necə etməli?- 1997-ci ildə qəbul edilmiş “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq bəndlərində bu məsələlər kifayət qədər öz əksini tapmışdır.
Dünyada və regionda yaranmış son siyasi-iqtisadi durumu nəzərə alaraq, torpaqlarımızın işğaldan azad edilməsi və sərhədlərmizin daha etibarlı qorunmasında mülki əhalinin rolunun artırılması məqsədilə aşağıdakı təkliflərin diqqətə alınması məqsədəuyğun olardı:
1) Bütün ölkə ərazisində görməli yerlərdə vətənpərvərlik ruhunda yazılmış şüar və plakatlar yerləşdirmək;
2) Televiziya, radio və KİV-də hərbi vətənpərvərlik ruhlu verilişlərin yayımlanmasına, musiqilərin səsləndirilməsinə və yazıların dərc edilməsinə üstünlük vermək;
3) Sərhəd rayonlarına müvəqqəti xüsusi status vermək, onların büdcələrinə yendən baxmaq, həmin bölgələrdə infrastrukturun inkişafına diqqəti artırmaq, yeni iş yerləri yaratmaq, fermerlərə və digər istehsalçılara dəstək vermək və s.;
4) “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununun 6.10-cu maddəsinə uyğun olaraq, sərhəd bölgələrimizdə yaşayan əhaliyə müharibə dövründə fövqəladə hadisələrdən müdafiə olunma qaydalarını və vasitələrini öyrətmək.
Hesab edirəm ki, axırıncı təklifə xüsusi diqqət yetirmək lazımdır, çünki son hadisələr göstərdi ki, sərhəd rayonlarımızın əhalisi üçün hər an müharibə dövrü fövqəladə vəziyyəti yarana bilər. Bu səbəbdən onlar hazırlıqlı olmalı, belə vəziyyətdə davranış və müasir silah-sursatdan istifadə qaydalarını bilməlidirlər. Lazımı vərdişlər əldə edərlərsə, əhali bir güllə və ya mərmi səsindən təlaşlanmaz, yersiz təşvişə düşərək doğma yurdunu tərk etməyə qalxmaz.
Bilərəkdən, düşmənləri nəzərə alaraq, burada çox incə məqamları açıqlamaq istəməzdim, hər halda, adı çəkilən qanunun bəndlərində verilmiş kifayət qədər gərəkli tədbirlərin sərhəd rayonlarmız üçün yerinə yetirilməsi Vətənimizin sərhədlərini qoruyan Ordumuza çox güclü dəstək, torpaqlarımıza göz dikmiş mənfur düşmənlərimizə isə ağır psixoloji zərbə olardı.
Və sonda. Tovuz hadisələri zamanı qardaş Türkiyənin qürurverici dəstəyi və xalqımızın həmrəylik yürüşü bir daha göstərdi ki, biz Vətənimiz uğrunda Ali Baş Komandan ətrafında sıx birləşib Silahlı Qüvvələrimizə dəstək verməklə düşmən işğalına məruz qalmış torpaqlarımızı azad edə bilərik və inanıram ki, o gün uzaqda deyil!
Rəşid Fətəliyev
AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutu, dosent
28 avqust 2020-ci il, Modern.az