“Koronavirus hara, Nuh peyğəmbər hara, bu nə analogiyadır?”, deməyə tələsməyin. Nəinki, hər bir ayəsi, hətta hər bir sözü, ifadəsi şifrələrdən, gələcəyə ünvanlanmış kodlardan ibarət olan müqəddəs kitabımız Qurani-Kərimin Hud surəsinin 42 və 43-cü ayələrində belə deyilir:
11:42. “Gəmi onları dağlar kimi dalğalar içərisində apardığı zaman Nuh kənarda duran oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”
11:43. O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh dedi: “Bu gün Allahın rəhm etdiklərindən başqa heç kəs onun əmrindən qoruna bilməz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu.”
Qurani-Kərimdə söylənilən və gerçəkliyinə heç bir şübhə etmədiyimiz bu rəvayətdə günümüzlə həmahəng səslənən məqamlara diqqət verirsinizmi? Dünyanın məhv olacağı barədə Allah-Təala tərəfindən Nuh peyğəmbərə xəbərdarlıq edilmiş və lazımı tədbirlər görməsini tapşırmışdı. Lakin insanların, hətta öz doğma oğlunun belə ona inanmaması, məsuliyyətsiz davranması onların məhvinə səbəb oldu, lakin Nuh peyğəmbər və ona inanmış az bir sayda insan fəlakətdən xilas oldu.
Təbii ki, karonavirus pandemiyasının tüğyan etdiyi bu günlər dünyanın sonu demək deyil, insanlıq tarixində bəşəriyyət üçün belə real təhlükələr - pandemiyalar, katostrafik təbiət hadisələri həmişə olub və çox ehtimal ki, gələcəkdə də olacaqdır. Lakin insanların belə vəziyyətlərdə hədsiz məsuliyyətli və həmrəy olması, şəxsi mənafeləri bir kənara qoyub ümumi işə xidmət edən qaydalara, göstərişlərə əməl etməsi çox vacibdir. İtaətsizlik, səhlənkarlıq durumu daha da gərginləşdirə bilər, xaos yaranar, vəziyyəti idarə etmək mümkün olmaz və fəlakət baş verə bilər. Məhz buna görə müqəddəs kitablarda insanların başına gəlmiş dəhşətli hadisələr nümunə kimi söylənilir - dərs olsun deyə, nəticə çıxarılsın deyə.
Bəli, vəziyyət ağırdır, xüsusilə Avropada, Amerikada. Hər gün on minlərlə insan karonavirusa yoluxur və minlərlə insan onun qurbanına çevrilir. Dünyanın nəhəng və güclü dövlətlərinin hələ ki əlacı olmayan bu virus qarşısında aciz qalması heyrət və təəccüb doğurur. Dünya televiziya kanallarını və interneti zəbt etmiş karonavirus xəbərləri, günü-gündən artan təlafatların sayı insanları narahat edir, bu bəlanın nə zaman qurtaracağını səbirsizliklə gözləyirlər.
Bəs, nə etməliyik, necə davranmalıyıq? - Özfəaliyyətə ehtiyac yoxdur. Mütəxəssislərin böyük əksəriyyətinin rəyinə görə, hələlik vaksini tapılmayan bu hədsiz yolxucu xəstəliyin bu gün ən təsirli və yeganə dərmanı özünütəcriddir, yəni evdə oturmaqdır. “Mənə heç nə olmaz” və ya “Allah məni qoruyar” məntiqilə ehtiyac olmadan küçələrdə dolaşmaq özünü və başqalarını təhlükəyə atmaqdır! Allah özünü qorumayanları qorumaz və ağılsız hərəkət edənləri himayə etməz!
Hər gün televiziya ekranlarından xalqa müraciət edən ölkə rəhbərləri, dövlət adamları, həkimlər, ünlü elm və mədəniyyət xadimləri, idmançılar və s. hamısı bir çağırış edir – EVDƏ QAL! Tamamilə doğrudur! Biz evdə qalaq ki, milləti, xalqı bu bəladan qurtarmaq missiyası ilə bu günlərdə iş başında olan, bizim sağlamlığımızın və təhlükəsizliyimizin keşiyində duran minlərlə vətəndaşımıza – həkimlərə, polislərə, dövlət qurumlarında çalışanlara, məhsul yetişdirən, istehsal edən insanlara, nəqliyyat və ticarət işcilərinə, media nümayəndələrinə və s. dəstək olaq.
Və sonda: Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin və Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın karonavirusla mübarizə istiqamətində xalqa müraciətləri və gördüyü önləyici tədbirlər bu bəlanın Azərbaycanda ağrılı olmayacağına və ondan uğurla çıxacağımıza dair bizə dərin inam və ümid verir. Bu səbəbdən vahiməyə, panikaya düşmək lazım deyil və bəzilərinin insanları qorxutması da heç lazım deyil! Nuh peyğımbərin oğlunun və tayfasının taleyini yaşamaq istəmiriksə, yetər ki, məsuliyyətli olaq, qoyulan karantin qaydalarına ciddi əməl edək və ancaq bu yolla özümüzü, ailəmizi və xalqımızı karonavirus bəlasından xilas edə bilərik!