Azərbaycanın görkəmli elm xadimi, akademik R.M.Məmmədovun yüksək analitik təfəkkürü, elmi təşkilatçılıq istedadı, elmi yeniliklərə olan hədsiz marağı onun coğrafiya elmi, o cümlədən Xəzər dənizinin tədqiqi sahəsində kifayət qədər sanballı və dəyərli elmi yeniliklər əldə etməsinə imkan vermişdir.
Bu cəhətdən R.M.Məmmədovun landşaft planlaşdırılması istiqamətində apardığı elmi-tədqiqat işlərinin Azərbaycanda coğrafiya elminin nəzəri və praktiki əhəmiyyətinin artmasında rolu böyük olmuşdur.
Landşaft planlaşdırılması ərazinin ekoloji tarazlığının mühafizə edilməsi əsasında torpaqlardan istifadənin mümkün qədər balanslaşdırılmış, inteqrasiya edilmiş tövsiyyələr sisteminin hazırlanmasıdır. Bu çətin və məsuliyyətli tədbirlər sisteminin hazırlanması mövcud coğrafi informasiya sistemləri bazasına əsaslanmaqla insanların sağlam və məhsuldar həyat fəaliyyətinə xidmət etməli və ərazi vahidinin davamlı inkişafının təminatçısı olmalıdır.
R.M.Məmmədovun landşaft planlaşdırılmasına aid ilk kitabı “Azərbaycanda landşaft planlaşdırılması (ilk təcrübə və tətbiq) (Tbilisi, 2008) adlanırdı. Kitaba ad təsadüfən seçilməmişdi. Doğurdanda landşaft planlaşdırılması Azərbaycan coğrafiya elmi üçün təbii sistemlərə yanaşmanın daha mütərəqqi və praktiki əhəmiyyət kəsb edən sahəsi olmuşdur. Bu dövrə qədər Sovetlər İttifaqının coğrafiya elmində ətraf mühitin optimallaşdırılmasına aid kifayət qədər sanballı elmi-tədqiqat işləri həyata keçirilmişdi. Lakin optimallaşdırma əsasən insan tərəfindən dəyişdirilmiş və ya yenidən qurulmuş landşaftlar üçün tətbiq edilirdi. Landşaft planlaşdırılması isə əsasən landşaftların təbii əsasına istinad etməklə həyata keçirilirdi. Bu mənada landşaft planlaşdırılması optimallaşmadan nəzəri metodoloji yanaşma baxımından fərqlənirdi. Hər bir landşaft orjinal və təkrar olunmazdır. Bu mənada landşaft planlaşdırılması aparılarkən Azərbaycan landşaftlarının özünəməxsus xüsusiyyətləri, o cümlədən onlar üçün səciyyəvi olan ekoloji və sosial-iqtisadi problemlər də nəzərə alınmalıdır. R.M.Məmmədov Avropada istifadə olunan landşaft planlaşdırılması təcrübəsini Azərbaycan ərazisinə uyğunlaşdıraraq tətbiq etmişdir.
R.M.Məmmədov Landşaft planlaşdırılmasını izah edərkən “nədir” və “nəyi öyrənir” suallarını çox qabarıq şəkildə önə çixarır və bunlara sanballı və aydın cavablar verir: birinci-ətraf mühitin və komplekslərin müasir vəziyyəti, əhəmiyyəti və həssaslığı haqqında informasiyanın sistemləşdirilməsi və təhlilidir; ikincisi-ərazinin geosiyasi vəziyyətinin, torpaqlardan istifadənin perspektivləri və beynəlxalq standartlara uyğun olaraq qoyulmuş tələblərə adaptasiyanın qiymətləndirilməsidir; üçüncü-idarəetmənin ayr-ayrı səviyyələrində qərarlar qəbul edən təşkilatları və siyasətçiləri birləşdirən vasitədir; dördüncü-proseslərə ictimayyətin geniş şəkildə cəlb olunmasını təmin edir və əldə olunmuş məlumatların əlçatanlığına şərait yaradır; beşinci-resurslardan və təbii komplekslərdən istifadənin optimal variantının tapılmasına imkan yaradır; altıncı-investorlara lahiyələrə qoyulmuş tələbləri nəzərə almağa, onun icrasının məqsədəuyğunluğu barədə düzgün və vaxtında qərar qəbul etməyə imkan yaratmaqla regiona investisya marağının artmasına kömək edir. Müəəllif tərəfindən ümumiləşdirilmiş və sıralanmış cavablar landşaft planlaşdırılmasının mahiyyətini kifayət qədər dəqiqliklə izah edir.
Bir sıra ölkələrdə landşaft planlaşdırılması zamanı təbii-iqtisadi qiymətləndirmənin aparılması ilə müəyyən edilmişdir ki, yüksək iqtisadi səmərəliliyə və ekoloji cəhətdən təhlükəsizliyə çatmaq üçün təbii-təsərrüfat sistemlərinin inkişaf etdirilməsində əsasən texnogen metod və texnologiyaların tətbiqi daha çox vəsait tələb etsə də lazımi nəticəni əldə etmək çətin olur. Məhz buna görə də bəzi ölkələrdə insanların təsərrüfat fəaliyyətinə, xüsusilə təbiətin qorunmasına əsaslanan landşaft-ekoloji ərazi planlaşdırılmasına geniş yer verilir.
R.M.Məmmədov landşaft planlaşdırılmasının nəzəri və metodoloji məsələlərini izah edərkən onun həyata keçirilməsində yeddi mərhələ ayırır: 1. problemin aydınlaşdırılması; 2. təsvir və qiymətləndirmə; 3. məqsədli konsepsiya; 4. fəaliyyət proqramı; 5. plan; 6. reallaşdırma; 7. nəticələrin qiymətləndirilməsi və dəqiqləşdirilməsi. Bu mərhələlərin həyata keçirilməsi zamanı istifadə olunan üsulların sistemli şəkildə göstərilməsi planlaşdırma iştirakçılarının işini xeyli asanlaşdırır.
Qeyd etmək lazımdır ki, landşaft planlaşdırılmasının məzmunu metodları və mərhələləri zaman-məkan münasibətlərindən asılı olaraq daim dəyişir və yeniləşmə tələb edir. Cəmiyyətlə-təbiət arasındakı münasibətlərin strukturu mürəkkəbləşdikcə ekoloji problemlərin həlli də yeni elmi yanaşmalar tələb rdir.
R.M.Məmmədovun landşaft planlaşdırılmasına marağı 2003-cü ildə Qafqaz ölkələrində landşaft planlaşdırılması üzrə mütəxəsislər hazırlamaq məqsədi ilə Almaniya Federal Təbiəti Mühafizə İdarəsinin həyata keçirdiyi silsilə tədbirlərlə bağlı olmuşdur. Bu tədbirlərdə Azərbaycandan da xeyli mütəxəsislər istirak etmişdir. Lakin onların içindən Ramiz müəllim landşaft planlaşdırılmasının mahiyyətini dərk etmiş və bu yeni istiqamətin Azərbaycan üçün vacib olduğunu qəbul etmişdir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda eyni adlı şöbə fəaliyyət göstərir.
Almaniya Federal Təbiəti Mühafizə İdarəsi tərəfindən Almaniya (Drozden, 2004) və Cənubi Qafqazda (Tbilisidə) layihə iştirakçıları və həmin ölkələrin Ekologiya Nazirlikləri əməkdaşları üçün treninqlər təşkil olunur. Daha sonra tərəflərin hər biriniə öz ölkələrində layihəni həyata keçirmək üçün model ərazinin seçilməsi və müvafiq nazirliklə razılaşdırılması təklif olunur.
Yuxarıda yazılanları və Almaniyanın Federal Təbiəti Mühafizə İdarəsinin təklifini nəzərə alaraq Ramiz müəllim Azərbaycanda landsaft planlasdırılması aparmaq üçün Sirvan Milli Parkı və onun ətraf zonasını seçmişdi. Model ərazinin seçimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılasdırıldı.
Landsaft planlasdırılmasının obyekti kimi Sirvan Milli Parkı və onun ətraf zonasının seçilməsi ərazinin xüsusi təbiəti, heyvanlar aləminin mühafizəsinin zəruriliyi (ceyranlar, köçəri quslar və s.) və burada təbii və antropogen konfliktlərin mövcudluğu ilə əlaqədardır. Axırıncıları landsaft planlasdırılmasının vasitələrini tətbiq etməklə həll etmək nəzərdə tutulurdu.
Landşaft planlasdırılması Azərbaycanda birinci dəfə aparıldığından torpaqdan istifadəni və təbiəti mühafizəni nizamlayan bəzi hüquqi məqamları təhlil etmək və onları dövlət, nazirlik və inzibati rayonlar səviyyəsində razılasdırmaq zərurəti yaranmışdı.
Digər istinad məqamı Sirvan Milli Parkının öz ərazisi ilə birlikdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabe olmasıdır və ona görə də o burada aparılan landsaft planlasdırılmasının ünvançısı və dasıyıcısı rolunu oynayırdı. Bu da parkın ərazisində landsaft planlasdırılması aparılmasına həmin nazirliyin razılığının olmasını şərtləndirirdi.
Aparılmış kompleks tədqiqatlar, tərtib olunmuş cədvəllər və xəritələr öz bəhrəsini vermişdi. Bunların əsasında R.M.Məmmədov Şirvan Milli Parkı üçün inteqrasiya olunmuş tədbirlər sistemi hazırlamışdır.
Zəngin fauna və flora növlərinin əhəmiyyətini nəzərə almaqla Sirvan Milli Parkı və onun ətraf ərazilərində aparılmış landsaft planlasdırılması regionun davamlı və balanslasdırılmıs inkisafını təmin etmək üçün onu bioregion kimi elan etməyin münasib olduğu elmi cəhətdən əsaslandırılırdı.
Bu kontekstdə, ərazinin iqtisadi dirçəlişinə və Milli Parkın səmərəli fəaliyyətinə mənfi təsirləri azaltmaq məqsədi ilə ən yaxsı konsepsiya və vasitə kimi biosfer rezervatının yaradılması irəli sürülmüşdür.
Biosfer rezervatını yaratmaq isə yalnız qorunan təbii komplekslərlə insanların həyat fəaliyyəti sahələri arasında əmələ gəlmiş konfliktləri elmi-praktiki cəhətdən balanslaşdırılmış şəkildə həll etdikdən sonra mümükündür. Bu məsələ də tədqiqatçı alim tərəfindən hərtərəfli öyrənildikdən sonra həll edildi və bu ilk dəfə tərtib olunmuş iri miqyaslı (1:25 000) “Konfliktlər” xəritəsində öz əksini tapmışdır.
Sonralar Ramiz müəllim landşaft planlaşdırılmasına aid tədqiqatlarını Samur-Yalama Milli Parkında davam etdirmişdir. Bildiyimiz kimi 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılan Samur-Yalama MP 12500 ha ərazini əhatə etməklə, bura yeddi bələdiyyənin ərazisinə aid edilən yaşayış məntəqələri, əkin və otlaq sahələri o cümlədən çoxsaylı nizamsız yaradılmış turizm obyektləri və s. daxildir. Ona görə də yaradılacaq milli parkın və bələdiyyələrin sərhədləri dəqiq müəyyənləşdirilməli, konfiliktli şəraitin həlli və bu milli parkların ərazilərinin yerli əhali tərəfindən əsaslı surətdə istifadəsi üçün sərhədlərə yenidən baxılmalı və funksional zonalaşdırmada dəyişiklik aparılmalıdır. Bu zaman mövcud hüquqi aktlar və ekoloji yönümlü landşaft planlaşdırmasının imkan verdiyi vasitələri nəzərə almaq zəruri sayılırdı.
İstənilən xüsusi mühafizə olunan ərazi təşkil olunduqda əsas məqsədlər təbiəti mühafizə olmaqla yanaşı, həm də, həmin ərazinin davamlı inkişafının təşkilidir. Ona görə də milli parklar yaranmazdan əvvəl mövcud təbii və sosial iqtisadi şərait öyrənilib qiymətləndirilməlidir. Daha sonra hər bir təbii komponentin sosial-iqtisadi potensialı araşdırılır və onlar arasında ümumi struktur əlaqələri qurulmaqla xəritələr tərtib edilir. Nəhayət bütün bunların hamısının mövcud və dəyişə biləcək sosial-iqtisadi şəraitlə gələcəkdə necə uzlaşması qiymətləndirilir. Təbii ki, belə araşdırmalar ictimaiyyətin aktiv və interaktiv iştirakı ilə aparılır. Ramiz müəllimin təbirincə desək “landşaft planlaşdırılması təbiətdən istifadəçilərin maraqlarını müəyyən edən və təbiətin mühafizəsi baxımından onları ortaq məxrəcə gətirən, konfiliktləri həll edən və razılaşdırılmış fəaliyyət və tədbirlər planı işləyən kommunikativ bir prosesdir”. Bu tədqiqatlardan sonra Ramiz müəllimin landşaft planlaşdırılmasına həsr olunmuş ikinci kitabı 2016-cı ildə işıq üzü gördü (Landşaft planlaşdırılması: mahiyyəti və tətbiqi, Bakı, 2016, 292 səh). Kitab bu dəfə də tədqiqatçılar, magistrlar, bakalavrlar və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılandı.
R.M.Məmmədovun tədqiqat sahələrindən biri də Azərbaycan təbiəti üçün aktuallığını yüksək qiymətləndirdiyi və hazırda planetimiz üçün qlobal məsələyə çevrilmiş səhralaşma problemidir. Bu problemə aid Ramiz müəllimin kifayət qədər elmi dəyərə malik həm ölkə həm də ölkədən xaricdə məqalələri dərc olunmuşdur. Hazırda Azərbaycanın 36 inzibati rayonu, o cümlədən əhalimizin 6 milyon nəfərindən çoxu bilavasitə səhralaşma təhlükəsini bu və ya digər dərəcədə hiss etməkdədir. O, əsərlərində səhralaşmanın nəzəri-metodoloji problemlərini, dünyada öyrənilmə səviyyəsini məntiqi ardıcıllıqla təhlil etməklə elmi ümumiləşdirmələr aparmışdır. Azərbaycanın təbii-coğrafi xüsusiyyətlərini nəzərə alaraq yerli şəraitə uyğun ilk dəfə səhralaşma kriteriyalarını və indikatorlarını müəyyən etmişdir. Onun Xəzər dənizinin sahilboyu ərazilər timsalında tərtib etdiyi iri miqyaslı “Səhralaşma dərəcələri” xəritəsi respublikamızda səhralaşmaya qarşı aparılan meliorativ tədbirlər üçün əsas vasitəyə çevrilmişdir.
Akademik R.M.Məmmədovun son uğurlu tədqiqatlarından biri də ilk dəfə hazırladığı “Azərbaycanın ekoloji risk” xəritəsidir. Xəritənin hazırlanmasında respublika ərazisində müşahidə edilən əsas təbii-texnogen mənşəli təhlükələri nəzərə alınmaqla, peyk təsvirlərindən və uzun müddətli çöl tədqiqat materiallarından geniş istifadə edilmişdir. Belə xəritələr Azərbaycanda sürətlə həyata keçirilən tikinti işlərinin, infrastruktur layihələrinin, əhali məskunlaşmasının ekoloji təhlükəsizliyinin təminatı üçün elmi mənbə rolunu oynayır.
Azərbaycan Respublikasının Dövlət Mükafatı lauryatı akademik R.M.Məmmədov, bu gün də, elm adlanan dünyanın sonu görünməyən gözəllikləri arasında həvəslə tədqiqatlarını davam etdirir və Azərbaycan təbiətinin və Xəzər dənizinin öyrənilməsinə əvəzsiz töhfələr verir.
70 yaşın mübarək əziz Ramiz müəllim! Sizə can sağlığı, elmdə və həyatda yeni-yeni uğurlar arzu edirik.