2004
Kitabın birinci bölməsi ümumi fiziki coğrafiyaya, ikinci bölməsi ümumi iqtisadi coğrafiyaya həsr edilmişdir.
Üçüncü bölmədə materiklər və onların iri regionlarının coğrafi səciyyəsi haqqında danışılır. Burada bəzi iri dövlətlər haqqında geniş məlumatlar verilir. Dünyanın müxtəlif regionlarında ölkələrin birləşməsi nəticəsində yaradılmış beynəlxalq təşkilatlar sadalanır.
“Türk dünyasının coğrafiyası” bölməsində türk dünyasına daxil olan xalqlar, onların sayı, yaşadığı ölkələr və məskunlaşdığı ərazilərin coğrafiyası haqqında geniş məlumat verilir. Sonra bura daxil olan müstəqil dövlətlər və ayrı-ayrı ölkələrin ərazisində yerləşən milli qurumların coğrafiyası təhlil edilir.
“Azərbaycanın fiziki vəiqtisadi coğrafiyası“ beşinci və altıncı bölmələrdə verilir. Beşinci bölmədə ardıcıl olaraq ölkənin fiziki-coğrafi komponentləri təhlil edilir. Sonra isə təbii vilayətlər və onlara daxil edilən rayonlar haqqında qısa danışılır.
“Azərbaycanın iqtisadi və sosial coğrafiyası” bölməsinin əsas hissəsini son illər respublikanın iqtisadi həyatında baş vermiş dəyişikliklər, aparılan iqtisadi islahatların gedişi üzrə məlumatlar tutur. Azərbaycanın dünya təsərrüfat sisteminə qoşulması, onun ayrı-ayrı təsərrüfat sahələrinə, xüsusilə neft sənayesinə xarici sərmayələrin cəlb edilməsi istiqamətləri göstərilir. Burada təsərrüfat sahələrinin yenidən qurulması istiqamətində bir çox mülahizələr verilmişdir.
Məlumat kitabı ilk növbədə “Coğrafiya” ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. O, həmçinin orta ümumtəhsil məktəblərinin, ali məktəblərin müəllimləri, abituriyentlər və yuxarı sinif şagirdləri üçün də faydalı ola bilər. Ayrı-ayrı coğrafi proses və hadisələr, xüsusilə dünyada son dövrlərdə baş verən dəyişikliklər haqqında materiallar az olduğuna görə onlara daha geniş yer verilir. Kitabın və ona daxil olan mövzuların yığcam olması onun hazırlanması zamanı qarşıda duran əsas məqsədlərdən biridir.
Kitabın elmi redaktoru coğrafiya elmləri doktoru, professor E.Q.Mehrəliyev, rəyçilər,aparıcı elmi işçi, coğrafiya elmləri namizədi M.C.İsmayilov və coğrafiya elmləri namizədi Ə.H.Abdullayevdir.
Bakı, “Çıraq” nəşriyyatı, 2004. 656 səh.