Bəşəri tarixə bağlı Azərbaycan toponimləri

2021
Şakir Qabıssanlı

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun dissertantı, Türk dünyasının toponimik tədqiqatçıları arasında özünün dəst-xətti, orijinal yanaşması ilə seçilən qayaüstü rəsmlərin və qədim xalçaların yorulmaz araşdırıcısı  Şakir Qabıssanlının “Bəşəri tarixə bağli Azərbaycan toponimləri” adlı yeni  kitabı çapdan çıxıb.

Kitab AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya və Folklor İnstitutları Elmi şuralarının qərarı ilə nəşr edilib. Əsərin elmi redaktoru Coğrafiya İnstitutunun şöbə müdiri, c.ü.f.d., dosent Zaur İmranidir.

Müəllif kitabında özünün fərqli yanaşmaları ilə bəşər tarixinin ilkin qaynaqlarına bağlı toponimləri üzə çıxarır və onların Azərbaycanla bağlılığını önə çəkir. Adəm, Nuh peyğəmbərlərlə bağlı toponimlərin məhz Azərbaycana aid olmasını dini və elmi əsaslarla sübut etməyə çalışır. Toponimlərin areallarının dünyaya bağlılığının Azərbaycanla əlaqələri göstərilməklə yanaşı, dilçilik, fəlsəfi və tarixi baxımdan başlanğıc təkanının Azərbaycandan başlanması tarixi faktlarla irəli sürülür. Digər bir tərəfdən, Azərbaycanla bağlı qədim toponimlərin saxtalaşdırılma amilləri üzə çıxarılır, qədim tarixi adların mifoloji-fəlsəfi mənaları özünə qaytarılır. Bir çox toponimlərin dünyanın ilk petroqlifləri olan Qobustan qayaüstü təsvirlərinin sivil davamı sayılan xalça işarələri ilə əlaqəsi məntiqi mənalarla önə çəkilir.

Sonda müəllif Azərbaycan toponimlərinin tarixi-fəlsəfi cəhətdən yenidən işlənməsi zəruriyyətini ortaya qoyur, Qobustan adının Qabıssan adı ilə əvəzlənməsini tarixi baxımdan vacib olduğunu diqqətə çəkir.