Ərazinin su balansı və rütubətlənmə şəraitinin yeni metodlarla qiymətləndirilməsi

2019
c.ü.f.d. Mövlud Teymurov

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, c.ü.f.d. Mövlud Teymurovun “Ərazinin su balansı və rütubətlənmə şəraitinin yeni metodlarla qiymətləndirilməsi” adlı monoqrafiyası nəşr olunmuşdur. Kitab akademik Ramiz Məmmədovun elmi redaktorluğu və Elmi Şuranın qərarı əsasında çap edilib.

Müəllif  ərazinin su balansını hesablamaq məqsədilə yeni Sintez Su Balansı Metodu (SWBM) təklif etmişdir. Ən müasir və innovativ tədqiqat üsullarından istifadə edən müəllif su balansını yeni elmi yanaşmada, ilk dəfə olaraq torpaq-su münasibətlərini vahid mexanizm şəklində qəbul edərək və balansa tamamilə fərqli komponentlər daxil etməklə qiymətləndirmişdir. Yeni metodun əsas konsepsiyası ondan ibarətdir ki, müşahidə məlumatları olmadan və zaman-məkan məhdudiyyəti qoyulmadan təkcə ərazinin peyk təsviri əsasında yüksək dəqiqliklə və operativ şəkildə hesablamaları yerinə yetirmək mümkün olur. Bununla da müəllif dünyada mövcud olan vacib elmi təcrübənin respublikamızda ilk dəfə tətbiqinə nail olmuş və yerli xüsusiyyətləri nəzərə almaqla onu yeni cəhətlərlə zənginləşdirmişdir.

Su balansı nəzəri əsaslarla öyrənilməklə yanaşı, praktik məzmunda da şərh olunmuş, hər tədqiqat sahəsinə aid hesablama nümunələri verilmişdir. Kitabda həmçinin çayın yeraltı qidalanma payının, axım formalaşdıra bilən konkret yağıntı miqdarının, torpaqların sututumu və bitkilərin suvarma normasının hesablanması üçün təkliflər də yer almışdır.

Monoqrafiya hidrometeorologiya, coğrafiya, su təsərrüfatı, ekologiya, torpaqşünaslıq və digər ixtisaslar üzrə mütəxəssislər və təhsil alanlar üçün nəzərdə tutulmuşdur.