Azərbaycan Respublikasında demoqrafik inkişaf: Əhali məskunlaşmasının perspektivləri və regional problemləri

2017
Şəki-Zaqatala iqtisadi regionunda keçirilmiş respublika konfransının materialları

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun keçən ilin sentyabr ayında Şəki-Zaqatala iqtisadi regionunda keçirilmiş respublika konfransının materiallarından ibarət “Azərbaycan Respublikasında demoqrafik inkişaf: Əhali məskunlaşmasının  perspektivləri və regional problemləri” adlı  kitabı  nəşr olunmuşdur.

Akademik Ramiz Məmmədovun baş redaktorluğu, AMEA-nın müxbir üzvü, mərhum Elbrus Əlizadənin redaktorluğu  ilə çap edilən kitab 582 səhifədən və beş bölmədən ibarətdir. Nəşr “Azərbaycanda demoqrafik inkişaf problemləri və əhali məskunlaşması məsələləri”, “Məskunlaşmaya təbii-coğrafi və ekoloji şəraitin təsiri”, “Regionların sosial-iqtisadi inkişafının müasir problemləri”, “Turizm-rekreasiya ehtiyatlarından istifadə və əhali məşğulluğunun həlli yolları”, “Multikulturalizm və tolerantlıq: Müasir vəziyyət və regionların inkişafının prioritet istiqamətləri” mövzularını əhatə edir.

R.Məmmədov kitaba yazdığı giriş sözündə qeyd edir ki, əhalinin öyrənilməsi onların səmərəli məskunlaşması, şəhər və kənd məntəqələrinin inkişafı, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi, miqrasiyanın nizamlanması regional inkişaf fərqlərinin azaldılması üçün zəruridir. Akademik diqqətə çatdırır ki, bu istiqamətdə tədqiqatların aparılması mühüm vəzifə kimi qarşıda durur.

Kitab nəinki bu sahə ilə məşğul olanlar mütəxəssislər, tələbələr, magistrlar və s. üçün bir vəsait rolunu oynayar, eyni zamanda geniş oxucu kütləsinin də marağına səbəb ola bilər.