Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev ölkədə elektron hökumətin qurulması, məkan məlumatlarının strukturu, onların hökumət portallarında yerləşdirilməsi haqqında sərəncam və göstərişlər vermişdir. Bu sərəncamların icrasının atributlarından biri Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyalarının ölkə ərazisində inkişaf etdirilməsi, onun nəzəri problemlərinin öyrənilməsi, praktik olaraq tətbiq edilməsidir.
Bunu nəzərə alaraq 04-07 sentyabr tarixində AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Türkiyənin Səlcuq Universitetinin təşkilatçılığı ilə Bakıda «Avrasiya CİS konfransı - 2018» adlı beynəlxalq elmi konfrans keçiriləcək.
Tədbirin keçirilməsində əsas məqsəd müasir dövrdə CİS-dən elmin və təsərrüfatın müxtəlif sahələrində istifadə imkanlarını aşkar etməkdir.
Konfransda Azərbaycan və Türkiyədən başqa Rusiya, ABŞ, Qazaxıstan, Moldova olmaqla, 10-dan çox ölkənin nümayəndələri - elm adamları iştirak edəcəklər. Konfransda müxtəlif ölkələrdən gəlmiş 150-yə yaxın alimin məruzələri dinlənilib müzakirə ediləcəkdir.