AR ETN Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Bakıda “Sel axınları: fəlakətlər, risk, proqnoz və mühafizə” mövzusunda IX Beynəlxalq Konfrans keçiriləcək 13.10.2026

2027-ci il oktyabrın 4–8-də Bakıda “Sel axınları: fəlakətlər, risk, proqnoz və mühafizə” mövzusunda IX Beynəlxalq Konfrans keçiriləcək.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Sel Assosiasiyası ilə birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq tədbir sel proseslərinin öyrənilməsi, onların yaratdığı təhlükələrin qiymətləndirilməsi, proqnozlaşdırılması və mühafizə tədbirlərinin təkmilləşdirilməsi məsələlərinə həsr olunacaq.

Konfrans müxtəlif ölkələrdən olan alim və mütəxəssislərin sel hadisələri sahəsində elmi tədqiqatların nəticələrini təqdim etmələri, təcrübə mübadiləsi aparmaları və bu istiqamətdə beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi üçün platforma rolunu oynayacaq.

Tədbir çərçivəsində sel proseslərinin yaranma mexanizmləri, sel təhlükəsinin qiymətləndirilməsi və proqnozlaşdırılması, risklərin azaldılması, eləcə də selə qarşı mühafizə tədbirlərinin elmi və praktiki aspektlərinin müzakirəsi nəzərdə tutulur.

Konfransın proqramına uyğun olaraq, oktyabrın 7–8-də Azərbaycanın sel hövzələrinə həsr olunmuş çöl seminarının keçirilməsi də planlaşdırılır.

Konfransda iştirak etmək istəyənlər qeydiyyat və məruzə tezislərini 2027-ci il mayın 10-dək, məqalələrini isə iyunun 1-dək təqdim edə bilərlər. Tədbirin işçi dilləri Azərbaycan, ingilis və rus dilləridir. Konfrans əyani formatda keçiriləcək.

Ətraflı məlumatla konfransın rəsmi internet səhifəsində tanış olmaq mümkündür.