Dekabrın 26-da, saat 11.00-da Azərbaycan Milli Elmlər Akademiyası və AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycanın görkəmli coğrafiyaçı və torpaqşünas alimi, akademik H.Ə.Əliyevin anadan olmasının 110 illiyinə həsr olunmuş respublika elmi konfransı keçiriləcək.
Tədbirdə müxtəlif dövlət qurumlarının rəhbərləri, səlahiyyətli şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak edəcəklər.
Konfransda AMEA-nın prezidenti, akademik A.A.Əlizadə giriş sözü ilə çıxış edəcək, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik R.M.Məmmədov, AR ETS naziri H.S.Bağırov, YUNESKO-nun "İnsan və Biosfer" Proqramı üzrə Beynəlxalq Koordinasiya Şurasının üzvü akademik U.K.Ələkbərov və digərləri mövzu ilə əlaqədar məruzə edəcəklər, Həsən Əliyevlə bağlı xatirələr dinləniləcək.
Ünvan: Bakı şəhəri, H.Cavid pr., 115 (31), AMEA-nın əsas binası, Dairəvi zal.