Su təminatının problemləri mövzusunda konfrans keçiriləcək 31.03.2021

6-7 oktyabr 2021-ci il tarixlərində Azərbaycanın əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, professor Saleh Hacı oğlu Rüstəmovun anadan olmasının 110 illiyinə həsr olunmuş “Azərbaycanın su təminatının müasir problemləri“ mövzusunda  respublika elmi-praktik konfransı keçiriləcək.

Tədbirin təşkilatçıları AMEA akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutu, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Meliorasiya və Su Təsərrüfatı”  Açıq Səhmdar Cəmiyyəti, UNESCO-nun  Dövlətlərarası Hidroloji Proqramı üzrə Azərbaycan Milli Komitəsi, Azərbaycan Coğrafiya Cəmiyyəti  və “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyidir.

Keçirildiyi yer: AMEA, II mərtəbə, konfrans zalı.

Konfrans Azərbaycan Respublikasında çayların rejim xüsusiyyətləri və  su ehtiyatlarının öyrənilməsində, həmçinin  hidrologiya sahəsində çoxsaylı kadrların hazırlanmasında müstəsna xidmətləri olan Saleh Rüstəmovun formalaşdırdığı elmi istiqamətlər üzrə mövcud vəziyyətin təhlili məqsədini daşıyır.

Konfransın əsas problem istiqamətləri:

  • Azərbaycanın su ehtiyatlarının müasir vəziyyəti və idarə olunması;
  • Qarabağ ərazisinin müasir hidrometeoroloji problemləri;
  • Regional iqlim dəyişmələri və onların su ehtiyatlarına təsiri;
  • Ətraf mühit və dayanıqlı inkişaf.

Təqdim olunan məqalələrin tərtibatına dair qoyulan tələblər:

Məqalələrin mətni Azərbaycan, ingilis və rus dillərində yazıla bilər. Mətn 3-5 səhifə həcmində Microsoft WORD proqramında (versiya 2003-2019) arial, 12 ölçülü şriftlə, 1.0 intervalla  A4 formatlı vərəqlərdə aşağıdakı göstəricilərlə çap olunmalıdır:  yuxarıdan 2 sm,   aşağıdan 2 sm,   soldan 2.5 sm, sağdan 1.5 sm,  abzas buraxılışı 1.25 sm.

Məqalənin adı  mərkəzdə 12 ölçülü arial şriftilə, tünd rəngli böyük hərflərlə yazılmalı, bir sətir sonra müəlliflərin adı və soyadı (adı və soyadı arasında ara qoyulur), növbəti sətirdə  ortada təşkilatın, şəhərin adı və müəllifin e-mail adresi 12 ölçülü şriftlə yazılmalıdır.  

Mətndən bir sətir sonra ədəbiyyat siyahısı verilir, ədəbiyyata istinad kvadrat mötərizədə rəqəmlərlə göstərilir [1]. Ədəbiyyat siyahısı əlifba sırası ilə 12 ölçülü şriftlə nömrələnmiş şəkildə tərtib olunur.

 

 Əgər məqalə Azərbaycan dilində təqdim olunarsa, rus və ingilis dillərində, rus dilində təqdim olunarsa, Azərbaycan və ingilis dillərində həm məqalənin adı, həm də xülasə əlavə olunmalıdır.

 

Tərtibat nümunəsi

  

Məqalələrin mətnlərinin elektron formada 30 iyun 2021-ci il tarixinə qədər aşağıda göstərilən ünvana göndərilməsi xahiş olunur:

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, otaq №818. E-mail:  [email protected];  tel: (+994 12) 538 54 18;  (+994 50)  322  82  77.

Qeyd: Təşkilat komitəsi məqalənin konfransın mövzusuna uyğunluğunu və elmi səviyyəsini nəzərə almaqla dərc edilməsini müəyyənləşdirir.

 

Təşkilat komitəsi