"Avrasiya CİS 2018" Beynəlxalq konfransı işinə başladı 2018-09-04 11:12:00 / KONFRANSLAR

Sentyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasında AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə “Avrasiya CİS konfransı – 2018” adlı Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

4 gün davam edəcək  konfransda Azərbaycan və Türkiyə ilə yanaşı Rusiya, ABŞ, Qazaxıstan, Moldova, Nepal, İran, Gürcüstan və digər ölkələrin  elm adamları, həmçinin marağı olan müxtəlif  dövlət idarələrinin nümayəndələri və tanınmış müvafiq təşkilatların  fərdi iş adamları da iştirak edir.

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov Prezident İlham Əliyevin ölkədə elektron hökumətin qurulması, məkan məlumatlarının strukturu, onların hökumət portallarında yerləşdirilməsi haqqında sərəncam və göstərişlər verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu sərəncamların icrasının atributlarından biri CİS texnologiyalarının ölkə ərazisində inkişaf etdirilməsi, onun nəzəri problemlərinin öyrənilməsi, praktikada tətbiq olunmasıdır. Tədbirin məqsədi  coğrafi informasiya sistemlərindən elmin və təsərrüfatın müxtəlif sahələrində istifadə imkanlarını aşkara çıxarmaqdır. Akademik CİS texnologiyalarının tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə elmi-tədqiqat işlərinin intensivləşdirilməsi və yüksək ixtisaslı kadrların hazırlanmasının zəruriliyini diqqətə çatdırıb.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Azərbaycan Respublikasının şərqində desertifikasiya prosesinin tədqiqat dinamikası” mövzusu ilə mərizə edib. O bildirib ki, müasir dövrdə CİS texnologiyalarından əksər fəaliyyət sahələrində geniş istifadə edilir. AMEA-da coğrafi informasiya sistemləri texnologiyalarının tətbiqinin elmi-nəzəri əsasları araşdırılır, bu sahədə mövcud problemlərin həlli məsələləri ilə bağlı mühüm işlər görülür, bir sıra layihələr həyata keçirilir. Akademik məruzəsində Abşeron yarımadasında intensiv gedən səhralaşma prosesindən danışıb. Qeyd edib ki, peyk şəkilləri, CİS texnologiyaları ilə əldə olunan  məlumatlar əsasında ərazinin xəritə  sxemləri tərtib edilmişdir.

Səlcuq Universitetinin professoru Fərrux Yıldız, avstraliyalı alim professor Ali Akbar Rasuli, türkiyəli dr. Emin Bank və başqaları çıxış edərək CİS texnologiyalarının bütün fəaliyyət sahələrində tətbiqinin dinamik inkişafı, mövcud problemlərin həlli üçün mühüm tədbirlərin görülməsi ilə bağlı fikirlərini bölüşüblər.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Gülbəniz Qənbərova çıxışında bildirib ki, Nazirlik kənd investisiya layihəsi çərçivəsində kəndlərdə müxtəlif mikrolayihələr həyata keçirir ki, onlardan 3 milyon 600 minədək insan faydalana bilir. layihənin veb saytında coğrafi informasiya sistem xəritəsi hazırlanıb ki, istənilən şəxs internetdə onlayn olaraq  oradan  öz kəndləri haqqında – görülən işlər, maliyyəsi, büdcəsi, dayanıqlığı və s. lazım olan məlumatı əldə edə , rəylərini  bildirə bilərlər.

Sonra konfrans işini aşağıdakı seksiyalar üzrə davam etdirib: “Coğrafi informasiya sistemləri”, “Məkan verilənlərinin strukturu və onların CİS-də tətbiq”, “Məkan analizlərinin CİS-də tətbiqi”, “Ətraf mühitin monitorinqi”, “CİS-də təbii fəlakətlərin və təbii resursların idarə olunması”, “CİS-də torpaq, su və iqlimin tədqiqi”, “Kadastr, torpaq planlaşdırılması və idarəetmə”, “GPS, məsafədən zondlama və CİS”, “CİS vasitəsilə Yerin müşahidəsi və geodezik ölçmələrin üsulları”.

Sentyabrın 7-dək davam edəcək konfransda 150-yə yaxın alimin məruzəsi dinləniləcəkdir.

Məruzə və müzakirələrdən sonra  müvafiq qərarlar qəbul edilərək əlaqədar və marağı olan təşkilatlara göndəriləcəkdir.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024