Elmi seminarda Quşçu palçıq vulkanı haqqında məruzə edilib 2018-02-01 15:51:00 / ELMİ İCLASLAR

Akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun Elmi seminarında İnstitut əməkdaşları, c.ü.f.d. Elxan Məmmədbəyovun c.ü.f.d. Mirnuh İsmayılovla birgə Şamaxı rayonunun Quşçu palçıq vulkanına ezamiyyələri haqqında məlumatı dinlənilib.

Tədqiqatçı alimlər Quşçu kəndində püskürmüş palçıq vulkanında olmuş, ərazini tədqiq etmiş, yerli sakinlərlə görüş keçirmişlər. Məruzəçi bildirib ki, Quşçu palçıq vulkanı Şamaxı şəhərindən 20 km cənubda Ləngəbiz silsiləsi üzərində  eyni adlı kənddən  150-200 m şimal-şərqdə yerləşir.

Məruzəçi bildirib ki, Quşçu vulkanı son 100 ildə bir neçə dəfə güclü püskürməyə məruz qalmışdır. Elmi mənbələrin araşdırılması göstərmişdir ki, palçıq vulkanının bizə məlum olan ilk püskürməsi 1913-cü ildə, sonuncu isə bu il yanvarın 16-da  baş verib. 1992 və 2008-ci illərdəki püskürmə yeraltı gurultu və yanar qazla müşahidə olunmuşdur. Yerli sakinlərin məlumatına görə bu illərdəki püskürmə zamanı alov sütununun hündürlüyü 150-200 m-ə qədər qalxmışdır.

   Sonuncu püskürmə gecə saat 01 radələrində baş vermiş, güclü yeraltı gurultu ilə müşahidə olunmuşdur. Kənd sakinləri vulkan püskürməsi zamanı lavanın 10 m-ə qədər havaya qalxdığını müşahidə etmişlər. Tədqiqat zamanı müəyyən olunmuşdur  ki, lavanın uzunluğu 150-200 m olmaqla 30-35 sm qalınlığa malikdir. Vulkanın püskürdüyü gün (16 yanvar) kraterdə qaz alovlanmışdır.

   Çöl tədqiqatı zamanı müəyyən olunmuşdur ki, 100 ildə dəfələrlə vulkan püskürməsi nəticəsində təbii torpaq örtüyünü basdırılmış vəziyyətə gətirmişdir. Bunun nəticəsi olaraq palçıq vulkanı ətrafında tamamilə fərqli bitki örtüyünə malik landşaftlar formalaşmışdır. Yuyulma nəticəsində ətraf ərazilərə yayılmış kimyəvi elementlər torpaqların məhsuldarlığına ciddi təsir göstərmişdir. Vulkanın brekçiya sərhədləri yaxınlığında istər əkin sahələrində, istərsə də vulkana yaxın həyətyanı sahələrdə kənd təsərrüfatı bitkilərində məhsuldarlıq çox aşağıdır.

Vulkanın püskürmə materiallarında yüksək dərəcədə konsentrasiya olunmuş mikroelementlər və ağır metallar ev heyvanlarının orqanizminə,  nəticədə isə insan orqanizminə daxil olur. Bu elementlər yol verilə bilən ekoloji normanı keçdikdə bir sıra ciddi xəstəliklərin yaranmasına səbəb olur. Müşahidələr və araşdırmalar nəticəsində məlum olmuşdur ki, bor, molibden və stronsium vulkan materiallarının ifrat dərəcədə bitki və suya keçməsi heyvanlarda bir sıra endemik xəstəliklər yaradır.

   Elxan Məmmədbəyov qeyd edib ki, seysmik proseslər palçıq vulkanlarının püskürməsində mühüm rol oynayır. Tədqiq olunan palçıq vulkanı da seysmik cəhətdən aktiv zonada yerləşdiyindən gələcəkdə də bu vulkanın daha güclü püskürməsi ehtimalı vardır. Bütün bunlar nəzərə alınaraq Quşçu kənd ictimayyəti ilə görüş zamanı kəndin yaxınlığında olan palçıq vulkanının yarada biləcəyi təhlükə və risklər barədə sakinlərlə marifləndirmə işi aparılmışdır.