COĞRAFİYA İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası

Get Adobe Flash player

Axtarış

Arxiv

<< < May 2017 > >>
Bz Çr Çr Cm Şn Bz
2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31        
Samur-Dəvəçi ovalıq
Qusar rayonu, Ləzə kəndi
Kiçik Qafqaz, Murovdağ
Böyük Qafqaz, Afurca şəlalə
Böyük Qafqaz, Rustov çökəkliyi
Xəzər dənizin sahili
Beşbarmağ dağı
Gudiyalçayın dərəsi
Naxçıvan MR, Batabat gölü
Naxçıvan MR
Şollar ovalıq, meşə
Gudiyalçay
Çuxuryurd çökəkliyi
Gobustan
Naxçıvan MR, Duzdağ mağarası
Palçıq vulkanın qrifonu
Palçıq vulkanın sopka
Böyük Qafqaz, Şahdağ-Gızılqaya dağ massivi
Cənub-Şərqi Şirvan
Kür çayı

AKADEMİK  HƏSƏN ƏLİYEV - 110

1.05.2017

Hər dəfə işdən evə qayıdarkən Fəxri Xiyabanın yanından keçəndə kənardan kiminsə nəzərlərini üzərimdə hiss edirəm. Çevrilib sağa baxıram və hər şey mənə aydın olur. Lap elə özü boyda

heykəlləşmiş, bürüncləşmiş Həsən müəllimi fikrə dalmış görürəm. Daxili bir həyəcan keçirir, öz-özümə pıçıldayıram: “Ədalətli və halal kişiydin, Allah sənə rəhmət eləsin!” Dediklərimi yüz dəfə ürəyimdən keçirsəm də, narahatçılığım ötüb keçmir. Bəzən də qəbrini ziyarətə gedirəm, heykəli ilə üz-üzə durub söhbət edirəm, olub-keçənləri yada salıram. O isə susub dinmir. Küsübdür, ya da bu günlərimizdən narazıdır, sanıram...

***
Nurani görünüşü, gülümsər gözləri, həlim xasiyyəti, xoş rəftarı vardı Həsən müəllimin. Davranışı çox yapışıqlıydı. Tələskənliyi, çığırqanlığı sevməzdi. Sözünün üstündə durandı. Dəqiq adam idi. Gücü çatmayan işə əl qoymazdı, haqqı nahaqqa verməzdi. Münasibətdə ölçü-biçini, aydınlığı sevərdi. Alçaqdan, aram-aram danışardı. Sadə və səliqəli idi...
Həsən müəllim haqqında çox yazılıb, çox deyilib, yenə də günlərlə yazmaq və danışmaq olar. Mən onunla bağlı ancaq özümün şahidi, iştirakçısı olduğum bəzi anları yada salmaq istərdim. 
Həsən müəllim bütövlüyü, əhatəliliyi sevərdi. Gözüaçıq, diribaş olmağı, hər şeylə maraqlanmağı məsləhət görərdi. O, Ezop dili ilə danışmağı xoşlardı. Çoxlu atalar sözü və zərb-məsəl bilirdi, sinəsi saysız-hesabsız rəvayətlər toplusuydu. Adamın təcrübəsizlikdən etdiyi səhvi birbaşa üzünə deməzdi. Atalar məsəli çəkər, istəyini dolayı yolla başa salmağa çalışardı.
Onunla təmasda olduğum ilk günlər və ömrünün sonlarına yaxın aramızda baş vermiş iki söhbəti heç vaxt unuda bilmirəm və onları oxucuların diqqətinə çatdırmağı özümə borc sayıram.
İki-üç ay olardı ki, Həsən müəllimin yanında işləyirdim. O, məni bir xarici jurnalla bağlı Akademiyanın Əsaslı Kitabxanasının müdiri mərhum Məhbubə xanımın yanına göndərdi. Gəlib dedim ki, bəli, həmin jurnal var. İlini və çap olunduğu ölkəni xəbər aldı. Bilmirəm, gedib öyrənərəm, dedim. Dinmədi, tələsik düşüb öyrəndim. Onu maraqlandıran məqalənin neçə səhifə olduğunu soruşdu. Yenə bilmədim. Gedib onu da öyrənərəm, dedim. Qoymadı, gülə-gülə: Otur, dedi. - Xətrinə dəyməsin, sənə bir rəvayət danışacağam. Neçə aydır bərabər işləyirik, görürəm çalışqansan, təmiz oğlansan, düzlüyü sevirsən, hər şeydən əvvəl isə səmimisən. Onu da bil ki, mən hər adamla belə məhrəm söhbət eləmirəm. Dünya gör-götür dünyasıdır. Düzdür, biz yəhudi deyilik, amma yeri gələndə olmaq lazımdır.
O, danışığına ara verib üzümə baxdı, elə bil dediklərini mənim necə qəbul edəcəyimi bilmək istəyirdi. Axırıncı sözlərinin mənasını başa düşə bilmədim. O, isə tələsmədən, asta-asta danışmağa başladı: 
- Qədimlərdə çox ağıllı bir xan yaşarmış. Vaxtaşırı əyan-əşrəflərilə torpaqlarını gəzər, yoxlarmış. Yenə adəti qaydasında seyrə çıxıbmış. Təpənin qaşından uzaqlara baxarkən xeyli aralıda yolla karvan getdiyini görür.
- Öyrənin görün, bu nə karvandır? - deyə əmr edir.
Dəstədən aralanan süvari atın başını buraxır, çox keçmir geri dönür.
- Xan sağ olsun, Kor Hətəmin karvanıdır.
- Apardığı nədir?
Süvari udqunur, xanın cavab gözlədiyini görüb:
- Xan sağ olsun, xəbər almadım, indi öyrənərəm, - deyib, dəstədən aralanır. Bir azdan sonra qayıdır, xanın qulluğunda durduğundan sevinc hissi keçirə-keçirə tələsik hesabat verir:
- Xan sağ olsun, karvan sahibi dedi ki, ipək aparır.
- İpəyi harada satacaq?
Süvari yenə gözlərini döyür, xanın sualına cavab dalınca yollanmaq istəyir. Xan əlini qaldırır, etiraz işarəsi verir. Dəstədə bir yəhudi də varmış. O, atını tərpədib irəli çıxır:
- Xan sağ olsun, icazə versəniz, bu sualın cavab sorağıyla mən gedərdim.
Xan başını tərpədib razılığını bildirir. Çox keçmir yəhudi süvari geri qayıdır və hesabat verir:
- Xan sağ olsun, karvan sahibi gəncəli Mirzə Qədirin böyük oğludur. Sol gözü uşaq vaxtı çilingağacı oynayarkən çıxıb. Karvanda 24 dəvə, 6 at var. Dəvələrin on səkkizinin yükü ipək, ikisininki al-qumaş, dördü də xırdavatdır. Altı gündür yol gəlirlər. Yolüstü karvan sahibinin dostunun oğul toyunda iştirak ediblər. Yolları Təbrizədir. İpəyi bir yerdən versələr, ucuz satacaqlar, al-qumaşın pulunu əvvəlcədən alıblar, xırdavatın müştəriləri hazırdır. Geri dönəndə xanımlar, bəylər üçün pal-paltar, bər-bəzək şeyləri alacaqlar...
Bir sözlə, yəhudi heç xanı maraqlandırmayan mətləblərdən də xəbər verir. Xan çox razı qalır, vəzirə tapşırır ki, yəhudinin vəzifəsini və donluğunu artırsın...
Həsən müəllim tutulduğumu görüb mənə yaxınlaşdı, iki əl ilə çiyinlərimdən tutub yüngülcə, mehribanlıqla sıxdı:
- Sözlərim sənə toxunmasın, xətrini istədiyimdən danışdım. İndi anladın ki, yəhudi olmaq deyəndə nəyi nəzərdə tuturam...
Bu, mənim üçün dərs oldu. Sonralar bu söhbəti bir neçə dəfə Həsən müəllimin yadına salmışam, doyunca gülmüşük.
İnstitutda onunla məndən çox təmasda olan kəs yox idi. Gündə ən azı bir, bəzən də bir neçə dəfə görüşməli olurduq. Neçə-neçə rəsmi və ictimai vəzifə sahibi olsa da, özünü çox sadə aparar, adamlara asanlıqla qaynayıb-qarışar, doğmalaşardı. O, dövlət miqyaslı şəxsiyyət idi.
Həsən müəllim Azərbaycanımızı yalançı görünüş yaratmaq xatirinə deyil, ürəkdən, böyük məhəbbətlə sevirdi, təbiətin dəlicəsinə vurğunu idi. Hər otun, ağacın üstündə əsərdi. Bakının küçələrində, bir zavodun, müəssisənin həyətində balaca bir tüstü çıxardısa, ora qaçardı. Təbiətimizin sağlamlığını, saflığını saxlamağın yeganə yolunu təbiəti mühafizə maarifində görürdü. Maraqlıdır ki, o, təbiətimizin tarazılığının pozulmasında daha çox vəzifə sahiblərini, imkanlı adamları günahlandırardı. Çox cəsarətli idi. Yeri gələndə üz-üzə durmağı, haqq uğrunda mübarizədə amansız olmağı bacarırdı. Bəziləri bunu o zamanlar Mərkəzi Komitənin birinci katibi işləyən qardaşı Heydər Əliyevlə bağlayırdı. Ancaq mən tam əminliklə deyərdim ki, bu, səhv fikirdir. Cürət onun içindən gəlirdi, mənəviyyatından, həyat əqidəsindən doğurdu.
Xatirimdədir, Bakının yaxınlığında, Nəvai kəndində atom elektrik stansiyasının tikintisi planlaşdırılırdı. Həsən müəllim həftələrlə iş otağına sığmadı, sakitləşmədi. Nazirlər Sovetinə, Mərkəzi Komitəyə zəng çaldı, ayaq döydü, xahiş etdi, inandırmağa çalışdı ki, bu, düşmənlərimizin növbəti fitnəkarlığıdır, Azərbaycanın gələcəyi üçün böyük fəlakətdir. Əli Azərbaycandan üzüləndə Moskva ilə təkbaşına qarşı-qarşıya durdu. Çernobıl qəzası onun uzaqgörənliyini sübut etdi.
İndi Bakının küçələrində, yaşıllıq sahələrində kəsilən ağacların yerində alverçilərin dəmir köşklərini, imkan sahiblərinin saraylarını görəndə düşünürəm ki, bu ağsaqqal maarifçinin səsinin, sözünün yeri yaman görünür. Və sanıram ki, təbii, mənəvi sərvətlərimizə doğma münasibətimizi itirmişik, yadlaşmışıq, yalnız özümüz üçün yaşayırıq...
O, haqqın, imkanı məhdud olanların tərəfində durar, onların qayğısını çəkməkdən yorulmazdı. Yaxşı yadımdadır, Bakının gözəgəlimli, mənzərəli yerlərindən birində, telestudiyanın yaxınlığında “Coğrafiyaçı” kooperativ yaşayış binası tikilib başa çatanda keçmiş SSRİ Müdafiə Nazirliyi də daxil olmaqla, imkan və vəzifə sahibləri bu binaya “müştəri” çıxdılar. On illərlə növbə gözləyən ziyalıların köməyinə yenə də Həsən müəllim çatdı. Bu gün bu binada yaşayanların çoxu onu minnətdarlıqla yad edir.
Həsən müəllim sabaha baxan adam idi. Xaricdə çoxlu dostu vardı, adi fəhlədən tutmuş görkəmli alimə, dövlət xadiminə qədər. Onun saysız-hesabsız məktublarını, məqalələrini ingilis dilinə mən tərcümə etmişəm. Azərbaycanımızın xaricdə təmsil olunmasında, təbliğ edilməsində Həsən müəllimə yaxından köməkçi olmuşam. O anları yad etdikcə özümdə bir məmnunluq hissi duyuram...
Respublikamızın həyatının bütün sahələrində Həsən müəllimin təşəbbüsü, xidməti, zəhməti çoxdur, danılmazdır və bəlkə də əvəzsizdir. Bütün bunların əvəzində bəs biz nə etmişik? Bu mehriban, sadə, qədirbilən insanın ömrünün son günlərini yad edəndə adam xəcalət çəkir, utanır. Odur ki, yazımın əvvəlində söz verdiyim kimi, bu nəcib insanın ömrünün axır illərində aramızda olmuş son söhbəti də danışmağı lazım bilirəm. Bu, Həsən müəllimin qisasçılıqdan, xırda, dayaz hisslərdən uzaq olan böyüklüyünü, müdrik bir insan olduğunu göstərən xarakterik bir an idi.
Səksəninci illərin sonları idi. Əliyevlər ailəsinə qarşı haqsız hücumlar başlanmışdı. Arabir Həsən müəllimə də sataşırdılar. Respublika qəzetlərindən birində Qalaaltı sanatoriyası haqqında böyük bir yazı verilmişdi. Guya Həsən müəllim burada özü üçün imarət tikdirib və bu binada da təkcə özü və ailəsi dincəlir. Bunlar ağ yalan idi. Həqiqəti bilsək də, Həsən müəllimi müdafiə etməkdə gücsüz idik. O vaxtlar Həsən müəllim ərizə verib Coğrafiya İnstitutunun direktoru vəzifəsindən çıxmışdı, məsləhətçi işləyirdi, iş yerinə həftədəbir gəlirdi. Bir dəfə onu yola salanda könlünü almaq, həmdərd olmaq istədim.
- Həsən müəllim, - dedim, - cızmaqaralara fikir verməyin, çoxları Sizin necə halal kişi olduğunuzu bilir. Deyilənlərə inanan azdır.
O, halını pozmadı, heç bir şey olmamış kimi gülümsədi.
- Qardaş, — dedi (aramızda ata-oğul yaş fərqi olsa da, o, həmişə mənə qardaş deyə müraciət edərdi), — bir rəvayət danışım, məndən sənə yadigar qalsın.
O, Akademiyanın binasında, Coğrafiya İnstitutunun yerləşdiyi səkkizinci mərtəbədə, liftin qabağında ayaq saxlayıb məni kənara çəkdi və keçmişdən danışdı.
- Deyirlər, Bəhlul Danəndənin qardaşı Harun ər-Rəşid padşah imiş. Onun ədalətliliyi ilə yanaşı, zalımlığı da yox deyilmiş. Hökmdar öz məmləkətində yaşayan rəiyyətinin hamısı üçün yalnız ədalətli olaraq qala bilməz. O, yaxşılıqla bərabər, istər-istəməz pislik də etmiş olur. Gün gəlir, Allah-taalanın padşah qardaş üçün ayırdığı ömür vaxtı başa çatır, o, dünyadan köçür. Aradan həftələr, aylar keçir. Bir dəfə Bəhlul Danəndə təsadüfən ən yaxın dostuna rast gəlir. Hal-əhvaldan sonra dostu tələm-tələsik ondan aralanmağa çalışır. Bəhlul Danəndə dünyagörmüş, ağıllı adam idi, dostunda sirr olduğunu başa düşür. Və məcbur edir ki, bildiklərini qoysun ortaya. Uzun təkiddən sonra dostu deyir:
- Bəli, məndə sirr var, amma deməyə çəkinir, sənə ağırlıq gətirəcəyimdən ehtiyat edirəm. Sonra da fikirləşirəm ki, gizlətməyin də mənası yoxdur. Bu xəbəri düşmənindən deyil, dostundan eşitsən daha yaxşı olar. Agah ol və bil, padşah qardaşının qəbrinə sataşıblar...
Həsən müəllim danışığını kəsdi, cavabını məndən almaq istəyirmiş kimi sual verdi:
- Heç bilirsən, Bəhlul Danəndə nə cavab verib? - O, cavab gözləmədən söhbətinə davam etdi. - Bəhlul Danəndə dostundan eşitdiklərinə təəccüblənmədi. Heç üzünün ifadəsi də dəyişmədi. İkicə kəlmə deməklə kifayətləndi: - Yəqin ki, etmişik, edirlər... 
Mən donub qalmışdım. Həsən müəllimin solğun üzünə qonmuş kədər kölgəsi çəkilmişdi, narahat gözlərində bu qoca, amansız dünyaya bir istehza duyulurdu. Bənzətməsi yerinə düşməsə də, rəmzi məna daşısa da, qisasçılıqdan, ötəri hisslərdən nə qədər uzaq olduğunu gördükdə o, mənim nəzərimdə bir az da ucaldı, müqəddəsləşdi, zamanından yüksəyə qalxdı.
Mənim çaşqınlığımı görən Həsən müəllim gülümsəməyə çalışdı, sonra da qeybdən gələn bir səslə pıçıldadı:
- Ziddiyyətli millətik biz azərbaycanlılar. Başqalarına görk ola biləcək əməllərimizlə yanaşı, qəribəliklərimiz də yox deyildir. Bəzən yaxşılıqları tez unuduruq, çoxluğun xeyri naminə edilmiş haqq “pisliklərə” qiymət verməkdə ədalət mövqeyində dayana bilmirik. Bir anlığa özümüzə kənardan baxmağı bacarmırıq. Kinliyik. Şəxsi incikliyə görə bir-birimizdən heyif çıxmaq üçün milli mənafelərimizi unutmağa, hətta düşmənlə sövdələşməyə belə hazırıq. Düşünmürük ki, taleyüklü məsələlərdə şəxsi münasibətlər səviyyəsinə enmək, Allah eləməsin, milli fəlakətimizə səbəb ola bilər.
O, bir anlığa susdu, zəif, gücdən düşmüş barmaqları ilə alnını ovuşdurdu, nəyi isə xatırlamağa çalışdı. Yalnız handan-hana yaddaşını bərpa edib yarımçıq qalmış fikrini başa çatdıra bildi.
- Özümüzdə güc tapıb bir-birimizi bağışlamağı bacarmalıyıq.
Bəyaz saçlarına, solğun üzünə, işartısı zəifləmiş aydın gözlərinə və bir yerdə qərar tuta bilməyən əllərinə baxdım. Dədə Qorqud babamız düşdü yadıma. Çox təəssüf ki, bu, mənim Həsən müəllimlə sonuncu görüşüm oldu.
Kədərli, qayğılı anlarımda Həsən müəllimin qu quşu nəğməsini andıran axırıncı söhbətini xatırlayıram. “Özümüzdə güc tapıb bir-birimizi bağışlamağı bacarmalıyıq” fikri isə məni heç vaxt tərk etmir...
***
Həsən müəllim özü boyda ürək idi və bu ürəkdə Azərbaycan adlı məmləkətə güclü bir məhəbbət yuva salmışdı. İnanılması zor da olsa deməliyəm, bəlkə də bu məhəbbətin gücünə bütün planeti isitmək olardı. 
Azərbaycandan, onun daşından, torpağından, çölündən, dənizindən, başı qar çalmalı dağlarından, dərələrindən.. hətta ilan mələşən quru səhralarından belə danışanda çiçək kimi açılardı, nəğməyə dönərdi, möcüzələşərdi, əfsanələşərdi. Adam ona qulaq kəsiləndə ilhama gələrdi, heyrət onu alardı, çaşıb qalardı, bu gözəllikləri görüb yetərincə dərk etmədiyinə görə bəzən utanc hissi də keçirərdi.
Həsən müəllim nə az, nə də çox, düz qırx ildən artıq bir dövr ərzində respublikamızda təbiəti mühafizə ideyasının təbliği yolunda maarifçilik işi aparmışdır. XX əsrin ikinci yarısında elmi-texniki tərəqqinin yaratdığı möcüzələr heyrət doğursa da, onun təbiətə vurduğu yaraların sızıltısı hələ uzun çəkəcəkdir. İnsanların məqsədyönsüz fəaliyyəti məhsuldar düzənləri səhralara, meşələri bozqırlara, çılpaqlaşmış dağ yamaclarını sıldırım qayalıqlara çevirir. Planetimizdə insanların sayı artır, təbii mühitin isə onları yaşatmaq imkanı azalır. Daha doğrusu, insanın özü bu imkanı azaldır. Həsən müəllim bunu çoxlarından yaxşı görürdü və dərk edirdi. O, həmişə deyirdi ki, elliklə ümidlərimizin, arzu və istəklərimizin həqiqətə çevrilməsi, reallığa qovuşması bizim təbiətə münasibətimizdən çox asılıdır. Təbiətə münasibət həm də dünya sivilizasiya sistemində konkret bir millətin özünüdərketmə və mənəvi-mədəni inkişafının səviyyəsini, yetkinliyini göstərir. 
“Dünyada mövcud olan on bir iqlim növündən doqquzu bütövlükdə, ikisi isə qismən Azərbaycanda var. Bu, möcüzədir. Bunu dərk edin, qiymətini bilin ...”. Onun təbiət adlı simfoniyasının uvertürası idi bu kəlmələr. Tez-tez təkrar edər, bu hikmətin çəkisini, dəyərini, mənasının dərinliyini anlatmağa çalışardı. Ancaq heyiflər olsun ki, bu möcüzənin yaratdığı nemətlərin qədir-qiymətini bilmirik. Bilsəydik, meşələrimizi kötüklər qəbiristanlığına çevirməzdik, tarlalarımızı şoranlaşdırıb ağ kəfənə bürüməzdik, dənizimizi cəhənnəm yuvasına çevirib onun günahsız sakinlərinin törəmələrini elə ana bətnindəcə qətlə yetirməzdik. 
Həsən müəllim bu günümüzü görsəydi deyərdi: “Dayanın, əl saxlayın. Öz içinizdən çıxıb özünüzə, etdiklərinizə kənardan baxın. İnsafa gəlin, bu nəslin ayrı-ayrı imkan sahiblərinin dəbdəbəli həyatı üçün özünüzdən sonra gələn nəsillərin payına əl uzatmayın...”.
Həsən müəllim sağ olsaydı, deyirəm, ancaq səhv edirəm. Axı o, bu sözləri sağlığında deyibdir. Onun “Həyəcan təbili” kitabı başdan-başa bu fikirlərlə, hikmətlərlə doludur. Azərbaycanımızı seviriksə, onu həmişəyaşar görmək istəyiriksə, Həsən müəllimin tutduğu yolla getməli, onun kimi bir ömür yaşamalıyıq...
***
Soyuq və qərib bir fevral günündə Həsən müəllim dünyadan köçdü. Mərkəzi Komitənin katibi, kənd təsərrüfatı nazirinin müavini, institut direktoru, Ali Sovetin deputatı olmuş bu azman insanın dəfni üçün dövlət dəfn komissiyası yaradılmadı, dəfn mərasimində dövlətin və hökumətin rəhbər vəzifəli adamları iştirak etmədilər.
O gün məzarlıqda üzləri, dodaqları qarsan acı soyuğu, ömrünü Azərbaycan adlı məmləkətin gözəlliyi yolunda əritmiş bir İnsanı sevən saysız-hesabsız sadə, təmənnasız və əsasən də vəzifəsiz adamların isti nəfəsi yumşaltdı.
Dəfn gününü xatırlayır və bu gün tuş gəldiyimiz dərdlərin mayasının haradan götürüldüyünü dərk etməyə çalışıram. Qərinələrin arxasından keçib gələn adət-ənənələrimizin müqəddəsliyinə haram qatan vəzifə sahiblərinin etibarsızlığını gördükcə adamda milli sabahımıza ümidsizlik yaranır. Xaricdə düşmənlərimiz fürsət güddüyü bir zamanda ölkəmizin daxilində elliklə umu-küsülər unudulmalı, böyüklük-kiçiklik ölçüsü gözlənilməli, vətən və milli mənafe şəxsi istəklərdən üstün tutulmalıdır. Dünya malı üçün bir-birimizdən incik olsaq da, dünyadan köçənlərimizi haqq yerinə urvatla yola salmalıyıq.
Düşünürəm, həmişə od üstünə su səpən, küsülülər, qanlılar barışdıran Həsən müəllim kimi bir el ağsaqqalının dərdi bizi birləşdirə, şəxsi incikliklərimizi unutdura bilmirsə, deməli, biz sabah hamılıqla vətənsiz qala bilərik...
***
Hər dəfə işdən evə qayıdarkən Fəxri Xiyabanın yanından keçəndə kiminsə nəzərlərini üzərimdə hiss edirəm. Çevrilib sağa baxıram və hər şey mənə aydın olur. Elə özü boyda heykəlləşmiş, bürüncləşmiş Həsən müəllimi görür və daxili bir rahatlıq duymaq istəyirəm, ancaq bacarmıram. Bakının küçələrində, xiyabanlarında qəsdən çıxarılmış, qol-budaqları qırılmış, sındırılmış ağacların, yaşıllıqların kədər doğuran mənzərəsi gəlib durur gözümün qabağında. Həsən müəllimin hamımıza qoyub getdiyi əmanətə etibarsızlığımız kədər yükümü bir az da ağırlaşdırır.
Belə qənaətdəyəm ki, respublikamızın sayılıb-seçilən nüfuz sahiblərinin hamısı Həsən müəllim kimi fikirləşsəydi, onun kimi olsaydı, işlərimiz nə qədər avandına gedərdi. Nə hərə közü öz qabağına çəkər, nə də düşmən qabağında belə əyilmiş, gözükölgəli qalardıq.
Atalar yaxşı deyib: “Allahsız yerdə otur, böyüksüz yerdə oturma”. Bəlkə də böyüklərə, ağsaqqallara dönüksüzlüyümüzə görə sınağa çəkilmişik. Həsən müəllim kimi ağsaqqallar güzəştə getməyi, bağışlamağı bacarırlar. Çətin də olsa, qoy ruhu bizi bağışlasın.
Dünyada baş verən haqsızlıqlara qarşı çıxmaqda gücsüzlüyümü hiss etsəm də, varlığımı kövrək bir ümid istisi bürüyür.
- Allah sənə rəhmət eləsin, Həsən müəllim. Qoy müqəddəs ruhun dünyalar qədər sevdiyin Azərbaycanımızı heç vaxt tərk etməsin!
Ürəyimdən keçənlərə xeyir-dua almış kimi elə özüm də pıçıldayıram:
- Amin!

 

Zahid ƏHMƏDOV,

tərcüməçi-publisist.

"Respublika" qəzeti, 30 aprel 2017-ci il

ELMİ İCLASLAR

17.05.2017. Mayın 17-də elmi katib, c.ü.f.d. Zərnura Həmidovanın sədrliyi ilə
Daha ətraflı . . .
Aprelin 26-da AMEA Coğrafiya İnstitutunun Elmi seminarında c.m.ü.e.d. Ramidə Kərəmova
Daha ətraflı . . .
AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 19-da
Daha ətraflı . . .
Aprelin 14-də Dissertasiya şurasının elmi seminarında aşağıda göstərilən iki dissertasiya işinin müzakirəsi keçirilib:
Daha ətraflı . . .
Aprelin 13-də Dissertasiya şurası elmi seminarının növbəti iclasında Paşayev Nəriman
Daha ətraflı . . .
12.04.2017 AMEA Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarının aprelin 12-də
Daha ətraflı . . .
Aprelin 7-də Dissertasiya şurası Elmi seminarının növbəti iclasında Aytən Namazovanın
Daha ətraflı . . .
05.04.2017 Aprelin 5-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
04.04.2017 Aprelin 4-də AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə Elmi seminarının  akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən növbəti iclasında Səbuhi Talıbov
Daha ətraflı . . .
Martın 31-də Coğrafiya İnstitutunun Dissertasiya şurasının elmi seminarında İnstitutun  dissertantı Famil Niftiyevin
Daha ətraflı . . .
01.03.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının martın 1-də
Daha ətraflı . . .
Fevralın 22-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
15.02.2017. Fevralın 15-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti
Daha ətraflı . . .
08.02.2017. AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının fevralın 8-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən  növbəti iclasında qrant layihələri üzrə iki  tədqiqat işınin hesabat məruzələri dinlənilib.
Daha ətraflı . . .
01.02.2017. Fevralın 1-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi seminarının növbəti iclası  keçirilib.
Daha ətraflı . . .
Yanvarın 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarı keçirilib.
Daha ətraflı . . .
Yanvarın 18-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Daha ətraflı . . .
Yanvarın 11-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının yeni ildə ilk iclası keçirildi.
Daha ətraflı . . .
Dekabrın 14-də akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik  H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurası ilə  Elmi seminarınin növbəti birgə  iclası keçirildi.
Daha ətraflı . . .
9.12.2016. Dekabrın 9-da  Dissertasiya şurasının akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən iclasında Hacıyeva Afaq Zakir qızının
Daha ətraflı . . .