Şəki konfransı haqqında. 2016-09-25 10:35:00 / KONFRANSLAR

AZƏRBAYCANIN DEMOKRATİK İNKİŞAFI VƏ ƏHALİ   MƏSKUNLAŞMASININ COĞRAFİ PERSPEKTİVLƏRİ.

Keçən il Azərbaycan MEA 70 illiyinə həsr olunmuş təntənəli yubiley iclasında hörmətli prezidentimiz İlham Əliyev alimlərin yaradıcılıq fəaliyyətlərini bilavasitə ölkədəki demoqrafik inkişafın coğrafi müxtəlifliyinə,multikultralizmin tendensiyasına,

onların  hərtərfli tədqiq olunmasına yönəltməyi, etnik müxtəlifliyin milli dəyərimiz kimi qiymətləndirməyi,demoqrafik inkişafın və coğrafi məskunlaşmanın elmi-təcrübi yollarının müəyyənləşdirilməsi tövsiyə etmişdir.

Bu günlərdə AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun rəhbərliyi və təşəbbüsü sayəsində Azərbaycan Prezidenti yanında Bilik fondu, Şəki Rayon İcra Hakimiyyəti, Azərbaycan MEA Şəki Regional elm mərkəzi, Əmlak məsələləri Dövlət komitəsi birlikdə Şəki şəhərində “Azərbaycan Respublikasında demoqrafik inkişaf, əhali məskunlaşmasının perspektivləri və regional problemləri” mövzusunda respublika elmi konfransı keçirildi. Konfransın  əsas qayəsi və elmi-təcrübi mahiyyəti ümumi dövlət proqramına müvafiq olaraq Azərbaycan Respublikası və onun bir hissəsi olan Şəki-Zaqatala regionunda demoqrafik inkişafı, əhali məskunlaşmasının coğrafi məsələləri və regional problemlərinin müşakirəsi olmuşdur.

Azərbaycan MEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik R.M.Məmmədov çıxışında konfransın təkcə Şəki-Zaqatala regionu üçün deyil, bütünlükdə ölkəmizin coğrafiyası üçün, onun bundan sonrakı sosial-iqtisadi gücünün artırılması, inkişafının möhkəm və uzun müddətli olması üçün  aktuallığını bir daha vurğuladı.

Azərbaycan Prezidenti yanında Bilik fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev konfransın bilavasitə gündəliyinə daxil olan əhalinin demoqrafiyasında, müxtəlif millətlərin multikultralizm mühitində yaşanmasını xüsusi şərt kimi qiymətləndirildi. Bu bölgədə müxtəlif millətlərin yaşamasına baxmayaraq əhalinin  mexaniki yerdəyişməməsi təqdirə layiq olduğu qeyd olundu. Bu hal Respublika Prezidenti tərəfindən bu ilin multikultralizm elan olunmasına ən yaxşı nümunədir.

Sonra Respublika Əmlak məsələləri Dövlət komitəsinin xidmət rəisi, professor Ramiz Quliyevin “Şəki rayonunun torpaq fondu və ərazinin  milli-məkan” şəraiti mövzusunda yığcam məruzəsi dinlənildi. Qeyd etdi ki, bu xarakterli mövzuların elmi-təcrübi təhlili əhalinin miqrasiyasında və demoqrafik proseslərin coğrafiyasında, eyni zamanda aqrar islahatların aparılmasında bir coğrafi qanunauyğunluq kimi yüksək qiymətləndirilir. Azərbaycan torpaqlarının ərazi üzrə elektron kadastr uçotu işinin icrası ilə əlaqədar məlumatların verilməsi, o cümlədən Regionlar üzrə torpaq bölgüsünün müxtəlif aspketlərindən – kənd təsərrüfatı torpaqlarının kəmiyyət və keyfiyyət mülkiyyət növləri və s. təhlilinin aparılması istehsalın komplekslik prinsiplərindən yanaşmasını metodoloji cəhətdən asanlaşdırır. Regionların xüsusilə, zəngin coğrafi ehtiyatlara, tarixi abidələrə,  təbii gözəlliklərə malik Şəki rayonu ərazisinin torpaqlarının  qiymətləndirilməsi işi başa çatmışdır.

Konfransda cəmiyyətimizi daha çox narahat edən nikahların azalması, boşanmaların çoxalması, miqrasiya  tendensiyanın  intensivləşməsi, həmçinin ölüm hadisələrinin qismən artması məsələləri müzakirəsi olundu.

Məsələn, ölkədaxili miqrasiyaların dinamikasının güclənməsi regionlar üzrə əhalinin paylanmasında  böyük dəyişikliklər əmələ gətirmişdir. Xüsusi ilə əhalinin Bakı şəhəri regionunda həddindən artıq  cəmləşməsi prosesi sosial-coğrafi problemləri daha da artırır. Kənd rayonlarında əhalinin məskunlaşmasında o, cümlədən sərhəd boyu ərazilərdə, böyük coğrafi potensiala malik dağlıq ərazilərimizdə əhalinin sayının  azalması bütün ictimaiyyətimizi düşündürməlidir. Bu məsələnin təhlili haqqında  daha kompleks və arqumental fikirlər səsləndi. Qeyd olundu ki,  hazırda  ölkə əhalisinin  24%- i o, cümlədən şəhər əhalisinin 53%-i təkcə Abşeron rayonunun payına düşür.

Azərbaycan ərazisinin 20%-dən çoxunun işğalına, 1 milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, ictimai-siyasi sabitlik, uğurlu demoqrafik siyasət nəticəsində Azərbaycanda  demoqrafik inkişaf öz axarı ilə davam edir.

Hazırda hər 1000 nəfərə təbii artım Azərbaycanda 12 nəfərdirsə, Ermənistanda bu rəqəm 5 nəfərdir.  Təkcə bu fakt bir daha ölkəmizdə  demoqrafik inkişafı, əhalinin məskunlaşmasına dövlətimizin sonsuz qayğısının olmasını  təsdiq edir.

Konfransda  Azərbaycan Respublikasında  demoqrafik inkişaf və əhalinin məskunlaşması perspektivləri ilə bağlı xarici ekspert- alimlərin qlobal müqayisəli məlumatları olduqca maraqla qarşılandı. Qeyd olundu ki, Cənubi Qafqaz regionunda Azərbaycanda  demoqrafik İnkişaf xüsusiyyətləri təkcə  yerli – ölkə-daxili amillərlə bağlı olmayıb, həm də qlobal, dünyəvi siyasi-coğrafi amillərlə də  bağlı olmuşdur.  Bu vətənimizin coğrafiyasının tanınmasında  olduqca vacib şərt hesab olunur. Çünki, indi dünyanı bürüyən  iqtisadi-siyasi böhranlar, o cümlədən torpaqlarımızın 20 faizinin işğal olunması  özlüyündə respublikamızda demokrafik proseslərə təsiri kimi konfransın beynəlxalq  alim-ekspert nümayəndələrində çox  təəssüf hisləri yaratdı. Məsələn, 2010-ci il ilə müqayisədə 2014-cü il ildə Azərbaycanda əhalinin sayı  5%-ə,  Gürcüstanda isə 4% qədər  artdığı halda, Ermənistanda 3,2% aşağı düşmüşdür. Buda onu göstərir ki,  Azərbaycan Respublikası  bundan sonra da Cənubi Qafqaz  regionunda  vahid liderliyini həmişə qoruyub saxlayacaq, Konfransda Şəki-Zaqatala regionunda demoqrafik  inkişaf, əhalinin məskunlaşması ilə bilavasitə bağlı  müzakirələrdə  yeni coğrafi  problemlərin və aktual məsələlərinində əsası qoyuldu. Yeni elmi ideyalar və metodoloji təkliflər söylənildi. Xüsusilə Azərbaycan Respublikasında demoqrafik inkişafın, onun regional  problemlərin və səmərəli məskunlaşdırma məsələlərinin araşdırılması tədqiqatların prioritet mövzusu oldu. Regionlarının davamlı inkişafında  turizm turizm sektorunun coğrafi konsepsiyasının yenidən işlənilməsi, iqtisadi coğrafi rayonların  struktur-ərazi  təşkilinin  nizamlanması  və  əhalinin əmək ehtiyatlarının  formalaşmasında  yeni iş yerlərinin yaradılması məsələsi bilavasitə respublikamızın yeni islahatlar proqramının tərkibi kimi səsləndi.

Şəki-Zaqatala iqtisadi rayonunda əhali məskunlaşmasında  böyük problemlər yaradan təbii dağıdıcı hadisələrin, təhlükəli  hidrometeoroloji hadisə və proseslərin xronoloji təhlili verildi. Qısa da olsa  regionların paleocoğrafi  təkamül təhlili gələcək coğrafi proqnozların hazırlanmasının əsasını qoydu. Bütün bunların yekun ümumiləşməsi olaraq  konfrans Şəki-Zaqatala iqtisadi regionunda təhlükəli təbii dağıdıcı hadisələrin demoqrafik inkişaf və əhali məskunlaşmasının perspektivləri problemi ilə kompleks təhlili əslində coğrafi tədqiqatların  gələcək istiqamətlərini bir daha  proqnozlaşdırdı.

Eyni zamanda Şəki şəhərinin respublika miqyasında məskunlaşma sisteminin  nizamlanmasında  əhəmiyyətinin artırılması üçün iqtisadi və sosial bazanın inkişafı “Şəki İpək” fəaliyyətini genişləndirilməsi, tütün emalı, meyvə və tərəvəz məhsullarının konservləşdirilməsi məsələsinin zəruri olması tövsiyə olundu.

 

Haqverdiyev Habil Tağı oğlu
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya
                                      İnstitutunun “Coğrafi  fikir tarixi”  şöbəsinin müdiri

Respublika” qəzeti 24 sentyabr 2016-cı il şənbə 209 (5660)  

    Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024