"Müstəqillik yollarında 25" 2016-11-20 16:00:00 / YENİ NƏŞRLƏR

Azərbaycan Respublikası müstəqilliyinin 25-ci ildönümü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası “Müstəqillik yollarında 25” adlı məqalələr toplusu nəşr etdirib. AR Prezident Administrasiyasının  rəhbəri akademik Ramiz Mehdiyevin

ümumi redaktorluğu və “Dövlət müstəqilliyi: Heydər Əliyev fenomeni və müasir dövr” məqaləsi ilə başlanan kitabda dövlət müstəqilliyinin bərpa olunmasının 25 ili ərzində respublikanın keçdiyi şərəfli yoldan, əldə edilmiş nailiyyətlərdən bəhs olunur.

3 fəsildən, 600-dən artıq  səhifədən ibarət kitabın 100  səhifəsi AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu əməkdaşlarının əməyinin məhsuludur. 3-cü fəsildə verilmiş “Əhali coğrafiyasının reallıqları: inkişaf dinamikası, məskunlaşma, resurslar və perspektivlər”  bölməsinin müəllifləri akademik Ramiz Məmmədov, c.e.d. Zakir Eminov və c.ü.f.d. Nizami Əyyubovdur.  Əhalinin təbii artımı, miqrasiyası, sayının dinamikası, əmək ehtiyatları və onlardan istifadə, şəhər və kənd məskunlaşması, əhali məskunlaşmasının iqtisadi-coğrafi istiqamətləri, idarə olunmasının strateji və geosiyasi zəruriliyi, əhali yerləşməsinin qanunauyğunluqlarından bəhs edən mətnlər  xəritə, cədvəl və qrafiklərlə müşayiət olunur. Məqalələrdə müstəqillik illərində Azərbaycanın əhali coğrafiyasının reallıqları - müasir geodemoqrafik şəraitin formalaşması, əhalinin təbii artım prosesləri və s. həm qrafik, həm kartoqrafik təhlillərlə verilərək mövcud problemlər göstərilir.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024