Palçıq vulkanizminin xüsusiyyətlərinə dair məruzə dinlənilib 2018-12-12 18:14:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun növbəti Elmi seminarında  dos. Elxan Məmmədbəyovun dos. Səidə Zeynalova ilə birgə hazırladığı “Palçıq vulkanizminin inkişaf etdiyi ərazi  geosistemlərinin struktur morfogenetik xüsusiyyətləri və onların ətraf ərazi landşaftlarına təsiri”  mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi bildirib ki, tədqiqatın əsas məqsədi Böyük Qafqazın cənub-şərq hissəsində palçıq vulkanlarının yayıldığı müxtəlif təbii ərazi komplekslərində aerokosmik metod və müasir kompüter proqramlarının köməyi ilə onların morfogenetik, hipsometrik, geokimyəvi və s. elementləri ilə ətraf geosistemləri arasındakı qarşılıqlı əlaqənin daha mükəmməl üsullarla aşkar edilməsi və iri miqyaslı (1:25000 və 1:100.000) xəritələrin  tərtibidir.

Bu məqsədlə ərazinin müxtəlif landşaft tiplərində intensiv fəaliyyətdə  olan  palçıq vulkanlarının  (Daşgil, Şahqaya, Çapılmış, Çeyildağ, Torağay, Axtarma, Paşalı, Dəmirçi və s.) morfometrik parametrləri öyrənilmiş və ətraf ərazilərin landşaftlarına təsiri müəyyən olunmuşdur.

Palçıq vulkanlarının insanların həyat və təsərrüfat fəaliyyətinə, eləcə də infrastruktura təsiri araşdırılmışdır.  Keyrəki, Quşçu, Hökməli, Bozdağ, Qobu və s. vulkanların yaxınlığında yaşayış məntəqələrinin olması xüsusilə təhlükəlidir. Bu barədə müvafiq qrumlara  mütəxəssislər tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq yaşayış evləri vulkanlara yaxınlaşmaqda davam edir.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024