Torpaq idarəçiliyinə dair kitabın təqdimatı keçirilib 2018-12-13 19:17:00 / TƏDBİRLƏR

AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” adlı kitabın təqdimatı keçirilib. Kitabın baş redaktorları AR ƏMDK-nın sədri K.Ə.Həsənov və AMEA-nın prezidenti, akademik A.A.Əlizadə, elmi redaktoru Cİ-nin direktoru, akademik R.M.Məmmədov, buraxılışına məsullar  Cİ-nin əməkdaşları - istiqamət rəhbəri, c.ü.e.d. Z.N.Eminov və direktor müavini, dosent M.S.Həsənovdur.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin  xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra  İnstitutunun direktoru, akademik Ramiz Məmmədov  tədbiri giriş sözü ilə açaraq bildirib ki, kitabda cari ilin may ayında AR Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının, o cümlədən Coğrafiya İnstitutu alimlərinin birgə iştirakı ilə keçirilmiş Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş konfransın materialları toplanıb. Topluda torpaqlardan daha səmərəli istifadə edilmənin yolları, torpaq münasibətlərinin yeni çağırışlar əsasında tənzimlənməsi mexanizmi öz əksini tapıb. Müasir şəraitdə torpaq idarəçiliyinin elmi əsaslarla təşkilinin vacibliyini vurğulayan akademik bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu torpaq islahatlarının ən mühüm xüsusiyyəti onun ciddi elmi bazaya əsaslanması və bu sahədə ən son elmi nailiyyətlərin, yeniliklərin geniş tətbiqidir.   Direktor İnstitut alimlərinin əldə etdikləri elmi nailiyyətlərin torpaq idarəçiliyi sahəsində uğurla həyata keçirilməsinin qarşıda duran əsas vəzifə olduğunu diqqətə çatdırıb.

ƏMDK  yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev isə çıxış edərək bildirib ki, ümummilli lider  Heydər Əliyevin rəhbərliyi ilə torpaqların effektiv idarə edilməsi prinsipinə keçid oldu. Torpaq istifadəçiliyi bazar şəraitinə uyğunlaşdırıldı, bu sahədə mükəmməl mexanizm formalaşdı. Bu gün ölkə başçısının rəhbərliyi ilə torpaq sahələrinin səmərəli idarə edilməsi ilə bağlı sistemləşdirilmiş məlumat bankının yaradılması istiqamətində işlər görülməkdədir.

Coğrafiya İnstitutu HİK-in sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev çıxışında ümummilli lider  Heydər Əliyevlə bağlı xatirələrini iclas iştirakçıları ilə bölüşərək, onun elmə, alimlərə, xüsusilə gənc tədqiqatçılara olan münasibətindən və xidmətlərindən söz açıb.

Sonra H.Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan elmi-praktiki konfransda elan edilmiş  “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” mövzusunda ən yaxşı elmi-tədqiqat işləri üzrə müsabiqənin qalibləri mükafatlandırılıb. Onlara pul mükafatı və  fəxri diplomlar təqdim olunub.

Birinci yerin qalibi, Cİ Demoqrafiya və əhali coğrafiyası şöbəsinin baş elmi işçisi,  c.ü.f.d. Etibar Bədəlov, ikinci yerin qalibi ƏMDK-nin əməkdaşı Sahib Ömərov  və üçüncü yerin qalibi, Cİ Tibbi coğrafiya şöbəsinin kiçik elmi işçisi Turanə Hüseynova çıxış edərək əməyin qiymətləndirilməsi və elmə verilən dəyərə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024