Urbanizasiya məsələləri Elmi seminarda müzakirə edilib 2018-11-28 16:47:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun növbəti Elmi seminarında  c.ü.f.d. Etibar Bədəlov “Aran iqtisadi-coğrafi rayonunda urbanizasiya prosesi və demoqrafik  inkişaf problemləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə regionda şəhər məskunlaşmasının ölkədə mövqeyi və inkişafı, həmçinin inzibati rayonlar üzrə urbanizasiya səviyyəsi  və şəhər məntəqələrində demoqrafik proseslər təhlil edilib, əhalinin təbii artımı, nikah və boşanmaların dinamik inkişafındakı  problemlər xüsusi vurğulanıb.

Tədqiqatçı müəyyən edib ki, 2010-2018-ci illərdə regionun şəhər əhalisinin orta illik artımı zəifləyərək 8 min nəfərdən 5 min nəfərə düşmüş,  2015 illə müqayisədə 2017-cı ildən  təbii artımın (hər 1000 n. görə 10,2-7) və doğumun (16,5-13,6) nisbi əmsal göstəriciləri sürətlə aşağı enmişdir. Burada ən aşağı göstəricilər Göyçay, Zərdab, Bərdə və Neftçala şəhər məntəqələrinin  payına düşür.  Rəsmi qeydiyyata alınmamış nikahdan doğulanların sayı 20%-dən yüksək olmuşdur. Ölüm əmsalı göstəricisi  artımla  (6,3-6,6) müşayiət olunur və ölkə səviyyəsi ilə müqayisədə daha yüksəkdir. Bu baxımdan Göyçay, Zərdab, Kürdəmir və Bərdə rayonlarının şəhər əhalisi mənfi mənada fərqlənir. Nikahlarda azalma (7,5-6,5), boşanmalarda isə  sürətli artım (1,5-1,8) müşahidə olunur. E.Bədəlov körpə ölümünə görə  şəhərlə kənd əhalisi arasında böyük fərqlər olduğunu diqqətə çatdırıb, bildirib ki, ölkəmizdə uşaq yaşda (0-14) ölüm sayının 10 %-dən yüksək olması  qonşu ölkələr arasında ən böyük göstəricidir.

         Tədqiqatçının fikrinə görə demoqrafik proseslərdə baş verən mənfi proseslərin qarşısının alınması üçün dövlət səviyyəsində tədbirlər görülməli və əhalinin tibbi sığorta məsələləri tezliklə həyata keçirilməlidir.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018