“Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin ilk iclası keçirilib 2018-11-22 14:52:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda direktor, akademik Ramiz Məmmədovun sədrliyi, su idarəçiliyi üzrə mütəxəssislərin iştirakı ilə “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin ilk iclası keçirilib.

Akademik R.Məmmədov iclası açaraq birliyin yaranma səbəbləri, su resurslarının strateji əhəmiyyəti, içməli su təminatının XXİ əsrin əsas probleminə çevrilməsi təhlükəsi, müasir dünyada və eləcə də Azərbaycanda su ehtiyatlarının vəziyyəti və s. məsələlərdən danışıb.

Akademik bildirib ki, Azərbaycan Respublikasında birbaşa şirin su resurslarına səlahiyyəti olan bir neçə təşkilat və nazirliklər fəaliyyət göstərir ki, bir çox hallarda bu təşkilatların funksiyaları, səlahiyyətləri və məsuliyyətləri aydın deyildir və bu bəzi hallarda suyun kəmiyyət və keyfiyyətinin idarə olunmasında müəyyən çətinliklər yaradır. Ona görə də  sudan istifadə sahəsində maarifləndirmənin təşkilinə, mütəxəssislərin biliklərinin artırılmasına kömək məqsədilə yaradılmış  “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyi  yuxarıda göstərilən təşkilat və nazirliklərin aparıcı mütəxəssislərini birləşdirərək koordinator rolunu oynayacaq və onların  birgə fəaliyyətini təmin edəcəkdir.

Coğrafiya üzrə elmlər doktoru, professor Fərda İmanov Birlik üzvlərinin 26 nəfərdən ibarət siyahısını, idarə heyəti üzvlərinin siyahısını, icraçı direktoru və aşağıdakılardan ibarət işçi qruplarını tədbir iştirakçılarına təqdim edib:

- Su ehtiyatları və onların idarə olunması;

- Su təchizatı və sudan istifadə;

-  Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqə;

-  İqlim dəyişmələri və təhlükəli hidrometeoloji hadisələr;

-  Təhsil və maarifləndirmə.

İşçi qruplarının tərkibi iştirakçıların müzakirəsinə verildikdən sonra siyahı tərtib edilib, bəzi qrupların rəhbərləri təsdiq olunub. Qərara alınıb ki, iki ayda bir dəfədən az olmamaq şərti ilə Məsləhət Şurasının iclası keçirilsin və burada su problemlərinə həsr olunmuş müxtəlif məsələlər müzakirə olunsun. Ramiz Məmmədovun  təklifi ilə yanvar ayına təyin olunmuş növbəti iclas Azərbaycanın su resurslarının qiymətləndirilməsinə həsr olunacaq.