Elmi seminarda sürüşmə mövzusuna dair məruzə dinlənilib 2018-10-31 13:41:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun növbəti Elmi seminarında  Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi,  c.ü.f.d., dos. Stara Tarixazər “İerarxiya təhlil üsulu ilə sürüşmə təhlükəsinin regional qiymətləndirilməsi (Şamaxı inzibatı rayonu timsalında) mövzusunda məruzə edib.

Tədqiqatçı  ierarxiya təhlil üsulunun köməyi ilə  müxtəlif dərəcəli sürüşmə təhlükəli ərazilərin rayonlaşmasını həyata keçirib. Sürüşmə təhlükəli ərazilərdə təhlilin aparılmasında əsas vəzifə dağ süxur kütlələrinin tarazlığını pozan  təbii və antropogen faktorların məcmusunu  nəzərdə tutan  sürüşmə əmələgəlmə şəraitinin təyin edilməsidir. 

Məruzəçi bildirib ki, tədqiqatın əsas nəticəsi sürüşmə proseslərinin təsirinə  məruz qalan ərazilərin rayonlaşması zamanı  ierarxiya təhlil üsulundan istifadənin effektliyinin tanınmasıdır. Ərazinin təsərrüfat mənimsənilməsi planını tərtib edərkən sürüşmə təhlükəsi üzrə  əldə olunan nəticələr nəzərə alınmalıdır.  S.Tarixazər bu üsulun digər sahələrə də tətbiq edilə biləcəyini diqqətə çatdırıb.