Paleocoğrafiya şöbəsinin əməkdaşları Oğuz rayonunda ekspedisiyada olmuşlar 2018-09-09 16:52:00 / MÜHÜM HADİSƏLƏR

AMEA-nın  akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin əməkdaşları - c.ü.e.d. Y. Tağıyeva, c.ü.f.d. R. Fətəliyev, A. Əliyev və V. Ağayeva  şöbənin 2017-2020 illər üçün təsdiq olunmuş «Pliosen və Eopleystosen dövründə Cənubi Xəzər hövzəsinin Qərb cinahının təbii şəraitinin təkamülü və neft yataqlarının əmələ gəlməsində onun rolu» mövzusunda yerinə yetirilən plan işi ilə əlaqədar olaraq, Böyük Qafqazın cənub-şərq yamacında tədqiqat işləri aparmaq  məqsədilə 2018-cı ilin 25-30 iyun tarixində Oğuz rayonunda çöl ekspedisiyasında olmuşlar. 

Məlumdur ki, Azərbaycan ərazisində karbohidrogen yataqları əsasən Pliosen yaşlı çöküntülərlə əlaqədardır və bu çöküntülər respublikamızın şərqində, xüsusən də Abşeron-Qobustan ərazisində daha geniş yayılmışdır. Bununla belə, geoloji ədəbiyyatlarda qərb istiqamətində, o cümlədən Acınohur öndağlığının çay dərələri ilə kəsişdiyi yerlərdə də həmin çöküntülərin ayrı-ayrı təbii çıxışlarına rast gəlinməsi haqqında məlumatlar yer almaqdadır. Belə təbii çıxışların Girdimançay, Göyçay və Əlicançayın dərələrində müşahidə edilməsi bildirilir və ekspedisiyanın məqsədi Oğuz rayonu ərazisində Əlicançayın dərəsi boyu “suqovuşan” deyilən ərazidə Pliosen çöküntülərini tədqiq etməkdən ibarət idi.

Çöl tədqiqatları zamanı ərazinin geoloji və geomorfoloji quruluşu haqqında əlavə məlumatlar toplanılmış, vaxtı ilə su anbarının tikintisi ilə əlaqədar həmin ərazidə qazılmış kəşfiyyat quyularının yerləri tədqiq olunmuş, Pliosen yaşlı çöküntülərin çöl şəraitində stratiqrafik və struktur vəziyyətləri araşdırılmış, topoqrafik və geoloji xəritələrdə onların yeri dəqiqləşdirimiş, palinoloji və digər analizlər üçün süxurlardan nümunələr götürülmüşdür.