GAMŞ məktəblilər üçün tədbir keçirib 2018-05-31 14:25:00 / MÜHÜM HADİSƏLƏR

Mayın 31-də AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş növbəti seminar-məşğələ keçirilib.

Yasamal rayonu M.N.Tusi adına 173 saylı orta məktəb şagirdləri üçün  təşkil edilən tədbir artıq ənənə halını almış elmi-tədqiqat müəssisələrinin fəaliyyətini əks etdirən sərginin nümayişi ilə başlayıb. Sərginin rəhbəri, t.ü.f.d. Nuridə Quliyeva məktəblilərə Akademiyanın elmi müəssisələrində aparılan tədqiqatlar, həyata keçirilən innovativ layihələr, əldə olunan elmi nəticələr, beynəlxalq əməkdaşlıq əlaqələri, o cümlədən elmi əsər və kitablar, jurnal və bukletlər haqqında ətraflı məlumat verib.

Sonra şagirdlər İnstitutun “Xəritəçilik və Coğrafi İnformasiya” şöbəsində GİS mütəxəssisi Yaşar Nəsibovun şöbənin fəaliyyəti haqqındakı məlumatını dinləyib, onun nümayiş etdirdiyi  müasir texnologiyalar vasitəsilə müxtəlif məzmunlu rəqəmsal xəritələrin tərtib və çap edilməsi prosesini izləyiblər.

Akt zalında davam edən seminar-məşğələ Şuranın sədri, böyük elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərovanın  Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və onun qazandığı nailiyyətlər  haqqında məlumatı ilə başlayıb. O, bildirib ki, bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə ölkə prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

İnstitutun elmi işçisi, 173 saylı orta məktəbin coğrafiya müəllimi Gülsarə İmanova həmin məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın gördüyü işlər haqqında məlumat verib,  tədbirin  təşkilinə görə İnstitut rəhbərliyinə və GAMŞ-a  minnətdarlığını bildirib.  

Aparıcı elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani “Coğrafiyanın müasir problemləri” mövzusundakı məruzəsində Xalq Cümhuriyyəti illərində təhsil sisteminin inkişafı və coğrafiya elminin aktual problemləri haqqında geniş məlumat verib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il keçsə də, xalqımız bu önəmli hadisəni, zəngin dövlət quruculuğu təcrübəsini, azadlıq və dövlətçilik hisslərini hər zaman qəlbində yaşadacaq.

 “Kiçik Akademiyanın” üzvləri Ulu Öndər Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti haqqında bir neçə şeir və məruzələrlə çıxış etdilər, “Kiçik Akademiya” üçün hazırladıqları himni səsləndiriblər.

Məktəbin tarix müəllimi Vəli Hüseynli çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında danışıb və bu cür tədbirlərin şagirdlərin dünyagörüşünün və elmə olan marağının artmasına səbəb olduğunu diqqətə çatdırıb.  

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024