Elmi seminarda Xəzəryanı regionun urbanizasiyası haqqında məruzə dinlənilib 2018-05-16 17:11:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən növbəti elmi seminarında  c.ü.f.d. Etibar Bədəlovun “Xəzər sahili regionun urbanizasiyası və geodemoqrafik şəraiti” mövzusunda məruzəsi dinlənilib.

Tədqiqatçı bildirib ki, ölkə paytaxtının Xəzər sahilində yerləşməsi bu regionun əhəmiyyətini daha da artırır. Xəzərsahili region ölkə ərazisinin 17%-ni, əhali sayına görə (2016) 40 %-ni, şəhər əhalisinin isə 60%-dən çoxunu təşkil edir. Xəzəryanı regionun 14 şəhərindən 6-sı, 100-dən çox qəsəbəsindən isə 45-i  sahildə yerləşir. Şəhərlərdə əhali sayının inkişaf dinamikası və rayonlar üzrə şəhər əhalisinin artım dinamikasının təhlilinə görə son illər artımın 80%-i  təbii artım hesabına olmuşdur. Miqrasiyanın böyük hissəsi ilk növbədə Sumqayıt və Bakının payına düşür.

Təbii artım proseslərinin əsas nəticələrınə diqqətə çatdıran müəllif  son illər (2016-cı ildən etibarən) doğum göstəricilərinin bütün region üzrə sürətlə azalmasını,  ölüm əmsalı göstəricilərinin isə bütün rayonlarda azalma ilə müşayiət olunsa da, Salyan, Xaçmaz və Lənkəran rayonlarında  yüksək olduğunu xüsusi qeyd edib. Belə ki,  uşaq ölümü və orta yaşlıların ölümü (50-64) daha çox Bakı, Sumqayıt, Lənkəran şəhərləri üçün səciyyəvi olmuşdur. Xəzərsahili regionda demoqrafik siyasətin həyata keçilməsi prosesinin tezləşdirilməsini  məqsədəuyğun hesab edən  məruzəçinin gəldiyi qənaətə görə, urbanizasiyanın təminatı üçün Xaçmaz və Lənkəranla yanaşı, kiçik və orta şəhərlər inkişaf etdirilməli, onlarda şəhər infrastrukturu,  sənaye məhəllələri və aqroparklar yaradılması işləri intensiv aparılmalıdır.