Elmi seminarda doluya qarşı mübarizə mövzusunda məruzə dinlənilib 2018-04-26 11:57:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aprelin 25-də akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən Elmi seminarında ETSN Milli Hidrometeorologiya Departamenti Radiometeorologiya və Aerologiya Mərkəzinin direktoru c.ü.e.d. Səid Səfərov “Atmosfer proseslərinə fəal təsir (doluya qarşı mübarizə) işlərinin təşkili və aparılması üzrə metodiki göstərişlər” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli  Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında  kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair  Strateji Yol Xəritəsi”nin tədbirlər planında kənd təsərrüfatı məqsədləri üçün hava şəraitinə müdaxilə və doludan müdafiə sisteminin yaradılması məsələsinə baxılması nəzərdə tutulmuşdur.  Tədbirlər planında nəzərdə tutulan məsələlərdən biri də doluya qarşı mübarizə metodlarını analiz etmək və bunların əsasında metodiki göstərişlərin hazırlanmasıdır.

Tədqiqatçı qeyd edib ki, hazırda dünyanın 45 ölkəsində müxtəlif metodlarla (yerüstü generator, aviasiya, artilleriya və raket) doluya qarşı mübarizə işləri həyata keçirilsə də müasir Rusiya avtomatlaşdırılmış raket texnologiyası daha təkmil elmi-texniki bazaya və yüksək effektivliyə (80-90%) malikdir. Bu texnologiyanın fiziki əsasını topa-yağış  buludlarının gələcəkdə dolu yarana biləcək həcmlərindən yağıntı əmələgəlmə prosesini sürətləndirmək təşkil edir. Vaxtından əvvəl atmosfer yağıntılarının stimullaşdırılması dolu əmələgəlmə prosesinin dağılmasına və müvafiq olaraq buludda dolunun yaranma və böyüməsinin qarşısını almağa imkan verir.  Bu məqsədlə qeyd olunan  texnologiya xüsusi radiolokatorlar vasitəsilə dolu, dolu təhlükəli və potensial dolu təhlükəli buludların avtomatik olaraq müşahidə olunmasını və tanınmasını,  orada gələcək dolu əmələgəlmə həcmlərinin müəyyənləşdirilməsini və xüsusi “yer-hava” raketlərinin  köməyilə  həmin həcmlərə kristallaşdırıcı reagentlərin  göndərilməsini nəzərdə tutur.

Alim hesab edir ki, Azərbaycan ərazisində doluya qarşı mübarizə işlərinin müasir Rusiya raket texnologiyası əsasında bərpası daha məqsədəuyğundur. Lakin bunun üçün ilk növbədə müvafiq radiolokasiya, raket, rabitə avadanlıqlarının alınmasına, müvafiq infrastrukturun yaradılmasına və kadrların hazırlanmasına ehtiyac vardır.

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018