Cİ-də Beynəlxalq Yer Gününə həsr olunmuş seminar-məşğələ keçirilib 2018-04-23 17:45:00 / TƏDBİRLƏR

Aprelin 23-də  AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Beynəlxalq Yer Gününə həsr olunmuş növbəti seminar-məşğələ keçirilib.

Tədbirin əsas məqsədi ətraf mühiti çirkləndirən, insan sağlamlığına mənfi təsir göstərən əsas mənbələr haqqında məktəbliləri məlumatlandırmaq, ətraf mühitin çirklənməsi nəticəsində meydana gələn ekoloji problemlərin həlli yollarını və onların qarşısının alınması üçün vacib olan tədbirləri şagirdlərə izah etmək, eləcə də gələcək peşə seçimlərində şagirdlərə istiqamət verməkdir.

Ənənəyə uyğun olaraq, tədbir AMEA-nın elmi-tədqiqat müəssisələrinin fəaliyyətini əks etdirən sərginin Coğrafiya İnstitutuna aid bölməsi ilə tanışlıqdan başlayıb. Sonra şagirdlər İnstitutun Xəritəçilik və Coğrafi İnformasiya şöbəsində olublar.  CİS mütəxəssisi  Yaşar Nəsibov şöbənin fəaliyyəti haqqında ətraflı məlumat verib, sürətli kompüterlər, plotterlər və professional skanerləri nümayiş etdirib, şagirdlərə coğrafi informasiya texnologiyalarının köməyi ilə müxtəlif məzmunlu rəqəmsal xəritələrin tərtib və çap edilməsi prosesini izah edib.

Tədbir İnstitutun konfrans zalında davam etdirilib. Gənc Alim və Mütəxəssislə Şurasının sədri, c.ü.f.d. Samirə Ələkbərova giriş sözü ilə GAMŞ-ın fəaliyyəti, eləcə də Beynəlxalq Yer Gününün əhəmiyyəti və tarixi haqqında seminar iştirakçılarına məlumat verib.

Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent  Məhərrəm Həsənov mövzusu ətrafında çıxış edərək məktəblilərə ətraf mühitin qorunmasının vacibliyindən söhbət açıb.

GAMŞ sədri S. Ələkbərova “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda təqdimatla çıxış edib, şagirdlərı maraqlandıran sualları cavablandırıb.

Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin direktor müavini, b.ü.f.d. Lalə  Dadaşova tədbirin yüksək səviyyədə təşkilinə görə, başda akademik Ramiz Məmmədov olmaqla, Coğrafiya İnstitutunun kollektivinə öz təşəkkürünü bildirib.

Tədbirin sonunda Mərkəzin mütəxəssisi Nəzakət İbrahimovanın rəhbərlik etdiyi  “Gənc Diyarşünaslıq” dərnəyinin üzvləri Xətai rayonu 245 saylı orta məktəbinin şagirdləri ilə birlikdə Beynəlxalq Yer Gününə həsr etdikləri səhnəciyi nümayiş etdiriblər. Tamaşa seminar iştirakçıları tərəfindən böyük  maraqla qarşılanib.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024