Avstriyalı mütəxəssis gənc alim və tələbələr üçün məruzələrlə çıxış edib 2018-04-06 18:14:00 / MÜHÜM HADİSƏLƏR

Aprelin 3-dən 6-dək Coğrafiya İnstitutunun təşkilatçılığı, “LightHouse” şirkətinin sponsorluğu ilə Avstriyadan dəvət olunmuş Graz Texnologiya Universitetinin doktoru Andre Baldermannın rəhbərliyi altında İnstitutda gənc alim və mütəxəssislər, eləcə də tələbələr üçün silsilə seminar-məşğələlər  təşkil olunub.

Avstriyalı alimin Azərbaycana səfərinin əsas məqsədi  Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsi ilə aparılan "Miosen dövründə Şərqi Paratetis iqliminin və dəniz səviyyəsinin dəyişməsi" adlı  elmi iş ətrafında müzakirələr, fikir mübadiləsi aparmaq və gənc alim və tələbələr üçün elmi məruzələr oxumaqdır.

3 gün davam edən  seminar-məşğələlərdə Dr. Andre Baldermann “Gil minerallarının mühəndisi geologiyada və neft geologiyasında rolu”, "Autigen gil minerallarının biokimyəvi prosesdə dəmirin miqrasiyasında rolu", “Dəmirin biogeokimyəvi dövriyyəsində autigenik gil minerallarının rolu” və “Monqolustanda gölün dərəsində Miosen dövrünün paleoiqlim şəraitinin bərpası” mövzularında məruzələrlə çıxış edib. 

Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Ağamehdi Ağayev, LightHous şirkətinin nümayəndələri cənab Davidi Cosimi və xanım Anna Simoventi də iştirak ediblər.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018