Media mənsublarına müraciət 2018-04-06 13:34:00 / MÜHÜM HADİSƏLƏR

Hörmətli media mənsubları!

Son günlər respublikamızın kütləvi informasiya vasitələrində AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun adının həddən artıq hallandırılması, onun haqqında heç bir qaydaya sığmayan mübahisələrin aparılması bizi çox narahat edir. Bizə elə gəlir ki jurnalistlər onun həyat və fəaliyyəti ilə tanış olsaydılar belə mülahizələrin yayılmasına yol verməzdilər.

Kimdir Ramiz Məmmədov?

O, 1973-cü ildə ADU-nun (indiki BDU) fizika fakültəsini bitirib. AMEA Coğrafiya İnstitutuna işə qəbul edilib və o zaman açıq dənizdə ayrıca estakadada qurulmuş elmi-tədqiqat bölməsinə göndərilmiş və uzun müddət orada işləmişdir. Dənizdə apardığı tədqiqatlar ona sağlamlığı bahasına başa gəlmişdir. Yanvar ayında dənizə düşmüş elmi-tədqiqat cihazını sudan çıxarıb yerinə bərpa etməkdən ötrü  8-10 dəqiqə suda qalmışdır. Çünki həmin cihaz sıradan çıxsaydı bir neçə aylıq tədqiqat işi öz əhəmiyyətini itirəcəkdi. Bunun nəticəsində onun ayaq damarları sıradan çıxmışdır və indi o, 100 m-dən artıq piyada yol gedə bilmir.

R.Məmmədov Baykal gölünü tədqiq etməyə dəvət edilmiş və böyük nailiyyətlər qazanmışdır. O, dünya okeanını tədqiq etmiş və 1 ilə qədər Sakit, Hind və Atlantik okeanlarında, müxtəlif iqlim qurşaqlarında tədqiqat işləri aparmışdır.

Hörmətli jurnalistlər, yadda saxlayın ki, akademik elmi adı hərbdəki marşal rütbəsinə bərabər tutulur! Ali məktəbi qurtardıqdan sonra elmin hər hansı sahəsində akademik rütbəsinə çatmaq üçün ən azı  25-30 il gərgin işləmək lazımdır! Yadınıza salaq ki, keçmiş SSRİ-də Azərbaycan Respublikasından SSRİ Elmlər Akademiyasının akademiki olmayıb, yalnız H.Abdullayev. M.Abbasov, Y.Məmmədəliyev, C.Kərimov akademiyanın müxbir üzvləri seçilmişlər. Azərbaycanda elmi işçilərin sayı 10 min nəfərdən çox olsa da, akademiklərin sayı 72 nəfərdir. Biz onların əməyini yüksək qiymətləndirməyi bacarmalıyıq!

R.Məmmədov haqqında bəzi fikirlərə aydınlıq gətirmək istərdik!

İlk növbədə aydınlaşdırmaq lazım idi ki, o, jurnalistlər haqqında «savadsız» ifadəsini hansı şəraitdə işlədib!

Jurnalistlərdən biri onun fikrini bir qədər təhrif edərək, «Bundan sonra belə olacaq və daha Bakıya qar yağmayacaq» şəklində ifadə edib. Bir nəfər ekoloq isə bu fikrə öz münasibətini bildirərək R.Məmmədov haqqında layiq olmayan ifadə işlədib («ölçün, yerə girsin o akademik ki, belə deyir», «məgər o, allahdır ki, Bakıya daha qar yağmayacağını deyir» və s.). Bu fikirlərə görə son dərəcə əsəbiləşmiş akademikə bu zaman başqa bir jurnalist zəng edir və «külək nə qədər davam edəcək» deyə sual verir. O isə əsəblərini cilovlaya bilmir və özü üçün də gözləmədiyi cavab verir. Lakin bizə elə gəlir ki, hər hansı bir jurnalist İnstituta gəlib bu barədə ondan müsahibə götürsəydi, verilmiş cavabın əksinə olan fikirlər ortaya çıxardı!

Sonra jurnalistlərimiz bir qədər də dərinə gedərək akademik R.Məmmədovun fizik olsa da, Coğrafiya İnstitutuna rəhbərlik etməyinin düzgün olmadığını bildirir və heç bir məntiqə sığmayan «psevdofizik», «psevdocoğrafiyaçı» fikirlərini işlədir. Ancaq xatırladaq ki, dünyada olan okeanoloqların, iqlimşünasların, hidroloqların xeyli hissəsi məhz riyaziyyatçı və fiziklərdir!

Başqa bir sual ortaya çıxır: Məgər rəhmətlik Cingiz Mustafayev jurnalist təhsili almışdımı? Millət vəkili, çox yüksək səviyyəsi jurnalist olan Qənirə Paşayevanın, görkəmli aparıcı Nərgiz Cəlilovanın, Rauf Arifoğlunun ilk ali təhsilləri jurnalistika olubmu? Bu siyahını sözsüz ki  uzatmaq olar!

Başqa bir jurnalist xanım yazır ki, «mən indiyə qədər, xüsusən son 5-10 ildə Coğrafiya İnstitutunun elə bir elmi əsərinə rast gəlməmişəm». Xatırlatmaq istəyirik ki, əgər Coğrafiya İnstitutunun son 5 ildə çap etdirdiyi  monoqrafiyanı, yüzlərlə məqaləni kənara qoysaq belə,  bizim İnstitut tərəfindən yazılıb çap edilmiş 3 cildlik (1500 səhifədən artıq) «Azərbaycan Respublikasının Coğrafiyası» kitabı bizim necə işlədiyimizi göstərir. 2014-2015-ci illərdə çap edilmiş (akademik R.Məmmədov bu kitabın həm baş redaktoru, həm də həmmüəlliflərindən biridir) 2016-cı ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb. Nəzərinizə çatdıraq ki, bu mükafat 2 ildən bir, Prezidentin sərəncamı ilə verilir və onu Respublika Günü ərəfəsində Cənab Prezidentin özü təqdim edir. Həmin mükafatı alanlar arasında akademik R.Məmmədov da vardır.

Jurnalist yazır: «Bəlkə akademik o ifadələri işlədərkən içkili olub», və ya «bəlkə evdə yoldaşı ilə dalaşıb, işə gəlib və buna görə o ifadələri işlədib»!!

Akademik haqqında belə ifadələr işlətmək jurnalistə yaraşarmı? Yadda saxlayaq ki, akademik adı daşıyan şəxs sıradan olan adı vətəndaş deyil!

Akademik R.Məmmədov Xəzərin səviyyəsinin proqnozunu vermişdir ki, Bakı bulvarının yenidən qurulmasında, Ələtdə beynəlxalq dəniz limanının tikilməsində həmin proqnozlardan istifadə edilmişdir.

Bakı-Tiflis-Ceyran neft kəmərinin layihəsi hazırlanarkən onun ekoloji şəraitə təsirinin qiymətləndirilməsini məhz akademik R.Məmmədovun rəhbərliyi ilə bir qrup coğrafiyaçı məşğul olmuşdur.

Bu işləri görən bir alimi əsəbi halda işlətdiyi bir ifadəyə görə bu qədər müzakirə etmək olarmı?

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018