Elmi seminarda avstriyalı alimin məruzəsi dinlənilib 2018-04-06 10:46:00 / ELMİ İCLASLAR

AMEA akademik H. Əliyev adına Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən  növbəti elmi seminarında Avstriyanın Qraz Texniki Universitetinin tədqiqatçısı Dr Andre Baldermann "Şərqi Paratetizin Miosen dövrünün paleoiqlimi" mövzusunda məruzə edib. 

Seminarda  Geologiya və Fizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü  Əkbər Feyzullayev  və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, aqrar üzrə fəlsəfə doktoru Vilayət Həsənov da iştirak ediblər.

 Təqdim edilən məruzə  Qraz Texniki Universitetinin Tətbiqi Yer elmləri İnstitutu ilə Cİ-nin Paleocoğrafiya şöbəsinin birgə apardıqları tədqiqat işinin mövzusudur. Əsas məqsəd Miosen dövründə baş verən iqlim dəyişkənliyini müəyyən etmək, eyni zamanda, həmin dövrdə hövzədə suyun duzluluğunu və  səviyyəsinin dəyişməsini təyin etməkdir. Bu məqsədlə Qraz Texniki Universitetində mineraloji, geokimyəvi analizlər aparılmışdır.  Dr Andre Baldermann  həmin elmi işi müzakirə etmək üçün LightHouse Azərbaycan bölməsinin  maliyyə dəstəyi ilə  AMEA akademik H. Əliyev adına Coğrafiya İnstitutuna ezam olunmuşdur. Səfər çərçivəsində bir sıra elmi müzakirələr aparılmış və bəzi görüşlər təşkil olunmuşdur. Bununla yanaşı Dr Baldermannın Azərbaycan səfəri müddətində İslamdağ kəsilişində çöl işlərinin aparılması, mineralların morfoloji quruluşunun SEM-EDS vasitəsi ilə tətbiqi işlərinin aparılması planlaşdırılır. 

Dr Baldermann Coğrafiya İnstitutunda tələbə və gənc alimlər üçün bir sıra mövzularda məruzələri də təşkil edilmişdir. 

Əkbər Feyzullayev və Vilayət Həsənovun təklifi ilə qərara alınıb ki,   ümumi maraq doğuran məruzələrin  dinlənilməsinə uyğun elmi müəssisələrin nümayəndələri də dəvət olunsunlar.

 

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018