Coğrafiyaçı alim Səyyaf Xəlilovun 80 illik yubileyi qeyd olunub 2018-04-04 18:12:00 / TƏDBİRLƏR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda coğrafiyaçı-torpaqşünas alim, Azərbaycan kənd təsərrüfatı elmləri namizədi Səyyaf Xəlilovun 80 illik yubileyi qeyd olunub.

Alimin qızı, nəvələri, bacısı qızları, eləcə də, Torpaqşünaslıq və Aqrokimya İnstitutundan aqrar üzrə fəlsəfə doktoru Vilayət Həsənov və KİV nümayəndələri  də tədbirdə  iştirak ediblər.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov giriş sözü ilə tədbiri açaraq, Səyyaf Xəlilovun elmi yaradıcılığı və ictimai fəaliyyəti haqqında iştirakçılara məlumat verib. Qeyd edib ki,  S.Xəlilovun əldə etdiyi elmi nəticələr, Azərbaycanın ayrı-ayrı bölgələrinə aid tərtib etdiyi xəritələr respublikada torpaqların mühafizəsi və istifadəsinin yaxşılaşdırılması sahəsində mühüm rol oynayıb. Tədqiqatçı iqlimin dəyişməsi və antropogen amillərin fəaliyyəti sayəsində torpaqlarda baş verən genetik dəyişiklikləri öyrənmiş, bu sahədə 60-dan artıq elmi məqalə yazmış, iki monoqrafiyaya müəlliflik etmişdir.

Coğrafiya İnstitutu Azərbaycanın torpaq ehtiyatları şöbəsinin müdiri, a.ü.f.d. İsmayıl Quliyev S.Xəlilov haqqında geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, Səyyaf müəllimin apardığı elmi-tədqiqat işləri həmişə zamanın tələblərinə uyqun olmuşdur.  Torpaqların morfogenetik pozulmaları,  torpaq-bitki arasında qarşılıqlı əlaqə, antropogen təsirin qiymətləndirilməsi, torpaqlardan səmərəli istifadə onun qarşısında duran problemlər idi.

Aqrar üzrə fəlsəfə doktorları Hafiz Yaqubov,  Tahirə Salmanova, Vilayət Həsənov, c.ü.e.d. Rənabəyim Qaşqay, c.eü.f.d. Habil Haqverdiyev və başqaları Səyyaf Xəlilovla bağlı xatirələrini bölüşüb, onun elmə verdiyi töhfələrdən bəhs ediblər.

Alimin qızı Xatirə Xəlilova çıxış edərək atasının torpağa, işinə olan sevgisindən danışıb, ömrünü sevə-sevə Azərbaycan torpaqlarının tədqiqinə sərf etdiyini diqqətə çatdırıb. Sonda X.Xəlilova elmin inkişafında böyük xidmətləri olan coğrafiyaçı alimlərin əməyinin yüksək qiymətləndirilməsinə, yubileylərini keçirməklə xatirələrinin yad edilməsinə və xüsusən, atasının 80 illiyinin qeyd edilməsinə görə Coğrafiya İnstitutunun rəhbərliyinə ailəsi adından  təşəkkürünü bildirib.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018