Coğrafiya İnstitutunda Novruz bayramı qeyd edildi 2018-03-19 10:55:00 / TƏDBİRLƏR

AMEA akademik H.Ə.Əliyev  adına Coğrafiya İnstitutunda Novruz bayramı münasibətilə yığıncaq keçirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov  tədbiri açaraq əməkdaşları xalqımızın bu sevimli bayramı münasibətilə təbrik edib, onlara möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, ruzi-bərəkət arzu edib. Ulu əcdadlarımızdan bizə yadigar qalan Novruzun Azərbaycanda çox qədim zamanlardan əsl milli bayram kimi qeyd olunduğunu nəzərə çatdıran akademik Novruz bayramının  tarixindən, adət-ənənələrindən, özunəməxsusluğundan söhbət açıb. O bildirib ki, xalqımız yazın gəlişini ilaxır çərşənbələrindən Novruz axşamınadək müxtəlif şənlik və mərasimlərlə qarşılayır, təbiətin canlanması ilə başlayan hər yeni ilin firavanlıq, xoşbəxtlik və əmin-amanlıq gətirməsini arzulayır. “Tarix boyu heç bir qüvvə Novruz bayramını xalqımızın əlindən ala, qəlbindən silə, yaddaşından çıxara bilməmişdir”, - deyən M.Həsənov Novruz bayramının xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, folklorunu, milli varlığını ifadə etdiyini  diqqətə çatdırıb. 

İnstitut həmkarlar təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev çıxışında Novruz bayramının bolluğun, bərəkətin, xeyirxahlığın təcəssümü olduğunu, bu bayramın yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində yaşayan 50 milyondan çox soydaşımız üçün milli birliyimizin həqiqi rəmzinə çevrildiyini, elə bu səbəbdən də onların  Bahar bayramını böyük ruh yüksəkliyi ilə qeyd etdiklərini qeyd edib. Türk dünyasının böyük bayramı olan Novruzun Azərbaycanla yanaşı, Türkiyədə, İranda, Türkmənistanda, Özbəkistanda, Tacikistanda, Əfqanıstanda və dünyanın bir çox ölkələrində qeyd edildiyini xüsusi vurğulayıb.  H.Haqverdiyev İnstitut əməkdaşlarının simasında bütün xalqımıza əmin-amanlıq, ruzi-bərəkət, can sağlığı diləyib.