“Naxçıvan Muxtar Respublikasının coğrafiyası"nın I cildi çapdan çıxıb 2018-02-28 15:11:00 / YENİ NƏŞRLƏR

Akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi çapdan çıxıb.

İkicildliyin birinci – Fiziki coğrafiya cildində zəngin təbii şəraitə və ehtiyatlara malik olan Muxtar Respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən ən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar verilmişdir. Fundamental əsərdə Naxçıvan ərazisinin oroqrafiyası, geoloji quruluşu, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmaqla, fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılmış və onlar geniş şərh edilmişdir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının fiziki coğrafiyasına aid kompleks məsələləri hərtərəfli işıqlandıran bu monoqrafik əsər dövlət təşkilatlarının mütəxəssisləri, elmi işçilər, ali məktəblərin müəllim-professor heyəti, bakalavrlar, magistrlər, doktorantlar və geniş oxucu kütləsi üçün əvəzedilməz mənbə ola bilər

Kitabın elmi redaktorları AMEA-nın müxbir üzvü, mərhum Elbrus Əlizadə və akademik İsmayıl Hacıyevdir. Akademik T.N.Talıbov, AMEA-nın müxbir üzvləri S.N.Məhərrəmov və T.M.Kəngərli, coğrafiya üzrə elmlər doktorları H.A.Xəlilov və R.M.Qaşqay, coğrafiya üzrə fəlsəfə doktorları M.S.Həsənov, N.S.Bababəyli, S.Ə.Tarixazər və İ.Y.Kuçinskaya redaksiya heyətinin üzvləridir.

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018