19 Sentyabr 2018, Çərşənbə axşamı
Cİ-nin növbəti Elmi seminarı keçirilib 2018-02-07 14:03:00 / ELMİ İCLASLAR

Akademik Ramiz Məmmədovun sədrliyi ilə fevralın 7-də AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun növbəti Elmi seminarı keçirilib.

İnstitutun böyük elmi işçisi, c.ü.f.d. Məhəmməd Məmmədov “Zəyəmçay hövzəsində qonur dağ-meşə torpaqlarının müasir vəziyyəti” mövzusunda məruzə ilə  çıxış edib. Tədqiqatçı Zəyəmçay hövzəsinin qonur dağ-meşə torpaqlarında apardığı çoxillik torpaq tədqiqatları, laborator analiz və çoxillik monitorinqin təhlili əsasında məlum etmişdir ki, son 50-60 il müddətində qonur dağ-meşə torpaqlarında antropogen təsirin çoxalması ilə əlaqədar eroziya prosesi surətlənmiş və nəticədə torpağın genetik qatları pozulmuş, qida maddələri, o cümlədən, humusun miqdarı və ehtiyatı 20-25% azalmışdır.  

M.Məmmədov apardığı çoxillik tədqiqatların müqayisəsindən belə nəticəyə gəlmişdir ki, Zəyəmçay hövzəsində ən çox antropogen deqradasiyaya məruz qalmış torpaqlar yuylmuş və bozqırlaşmış dağ-meşə qəhvəyi torpaqlarıdır. Bu torpaqlardan kənd təsərrüfatı məqsədi üçün istifadə olunduğundan onların təbii morfogenetik xüsusiyyətləri pozulmaqla yanaşı, həm də bir çox parametrləri təbii vəziyyətinə nisbətən çox dəyişmişdir. Bildirilmişdir ki, dağ-meşə qəhvəyi torpaqlar zonasında son illər əhalinin təbii qaz yanacağı ilə təmin olunması insanın ətraf təbiətə təsirini azaltmışdır. Bunlar meşə və çöl ekosistemində bitkilərin təbii bərpası ilə özünü göstərir. Bu proses davamlı olarsa, yaxın gələcəkdə torpaq örtüyünün bərpası və yaxşılaşması ilə nəticələnə bilər.

 Sonra akademik Ramiz Məmmədov Coğrafiya İnstitutunda qanun halını almış, hər həftənin çərşənbə günü keçirilən Elmi seminarların əhəmiyyətindən danışıb. Akademik göstərib ki, elmi seminar bir çox cəhətdən elmi tədqiqat institutunun  siması, səviyyəsinin göstəricisidir. Müasir tədqiqatlar apararkən onların nəticələrini müzakirə etmək, nəzəri fikirləri, mülahizələri yoxlamaq, tənqidləri eşitmək vacibdir. Bu, seminarın əsas funksiyalarından biridir. Digər funksiyası gələcəkdə reallaşa biləcək maraqlı müştərək tədqiqat layihələrinin tapılması, üzə çıxarılmasıdır. İnstitut rəhbəri hər bir elmi işçinin məşğul olduğu sahə üzrə müxtəlif mövzularla vaxtaşırı İnstitut seminarlarında iştirakını vacib hesab  edib.

İnstitut əməkdaşının dəvəti ilə elmi seminarda iştirak edən Naxçıvan Dövlət Universitetinin baş müəllimi, 15 il muxtar respublikanın Bəstəkarlar Təşkilatının sədri olmuş, 40 mahnının müəllifi Şəmsəddin Qasımov söz istəyərək elmi seminar haqqında təəssüratlarını bölüşüb. O bildirib ki,  ilk dəfədir ki, elmi yığıncaqda iştirak edir və Coğrafiya İnstitutunun elmi seminarında iştirak etdiyinə görə fəxr edir. Bəstəkar iclasa sədrlik edən İnstitut direktoru, akademik Ramiz Məmmədovun elmi seminarı idarə etmək bacarığını yüksək qiymətləndirib, lazım gəldikdə, elmi mövqeyi təsdiqləmək üçün səsini belə qaldırmaqdan çəkinməyən, yeri gəldikdə isə dost münasibəti göstərən rəhbərin bacarığına heyran qaldığını və seminarda iştirakından  məmnunluğunu dilə gətirib. Ramiz Məmmədov qonağa təşəkkürünü bildirib və qeyd edib ki, hər zaman qızğın müzakirələr, bəzən də mübahisələr şəraitində keçən və keçirilmə günləri dəyişməz olan elmi seminarlara maraq böyükdür: “İclaslarda iştirak etmək istəyənlərin sayı çox olduğundan  bəzən oturmağa belə, yer tapmaq çətin olur, - bununla belə, Coğrafiya İnstitutunun elmi seminarında iştirak etmək istəyənlərin hər biri üçün qapımız həmişə açıqdır!”

 

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018