Cİ-də 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edilib 2018-01-19 21:27:00 / TƏDBİRLƏR

 AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş yığıncaq keçirilib.

İnstitutun direktoru, akademik Ramiz Məmmədov iclası giriş sözü ilə açaraq bildirib ki, 20 Yanvar hadisələri rus imperiyasının qabaqcadan düşünülüb hazırlanmış təcavüzkarlıq aksiyası idi və Azərbaycan xalqının demokratiya, milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqa mənəvi zərbə vurmaq məqsədini güdmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə  müşayiət edilmişdir.  Həmin müdhiş gecə Azərbaycan xalqının taleyi, dövlətçiliyimizin qorunub saxlanılması və inkişafı üçün həlledici sınaq günü idi. Şükürlər olsun ki, xalqımız bu sınaqdan mərdliklə, üzüağ çıxmağa nail oldu.

Akademik diqqətə çatdırıb ki, 20 Yanvar matəm günü kimi qeyd edilsə də, xalqımızın tarixində ən şərəfli və qürur duyduğumuz  bir gündür.  Azərbaycan bir daha sübut etdi ki,  mərd, düşmənə boyun əyməyən qəhrəman övladları, lazım olanda yumruq kimi birləşməyi bacaran, azadlıq sevən  əyilməz xalqı var. 

İnstitutun Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev  çıxış edərək faciənin başvermə səbəbləri və acı nəticələri barədə məlumat verib. Bildirib ki, bu faciə, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixində şanlı səhifə açıb.

Sonra İnstitutun əməkdaşı, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin üzvü,  c.ü.f.d. Etibar Bədəlov söz alaraq,  AXC Suraxanı rayon bölməsinin sədr müavini işlədiyi vaxtlarda  azadlıq hərəkatının fəaliyyətindən, məsləkdaşları ilə birgə gördüyü işlərdən - xüsusi hərbi hazırlıq keçmiş özünümüdafiə dəstələrinin təşkilindən, hərbi sursat, geyim və s. ehtiyatının toplanması və saxlanılmasından, Bakıda və ölkədə baş verən hadisələrin insanlara çatdırılmasından və hətta bu fəaliyyətinə görə özünün tutularaq 2 ay Bayıl həbsxanasında saxlanılmasından və sairdən geniş söhbət açıb.

Digər çıxış edənlər – c.e.d. Rəna Qaşqay, elmi işçi  Luiza Salayeva, kiçik elmi işçi Bibixanım İbrahimova və başqaları Azərbaycan xalqına qarşı törədilən bu cinayətin heç zaman unudulmayacağını və  xalqımızın yaddaşında daim milli azadlıq uğrunda qəhrəmanlıq salnaməsi kimi yaşayacağını vurğulayıblar.

Sonda 20 Yanvar şəhidlərinin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhuna fatihə oxunub.

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024