Elmi seminarda Naxçıvanın toponimiyası haqqında məruzə edilib 2018-01-10 10:43:00 / ELMİ İCLASLAR

AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən elmi seminarında  c.ü.f.d. Mahirə Abbasova “Naxçıvan Muxtar Respublikası toponimlərinin tədqiqi” mövzusunda hesabat məruzəsi ilə çıxış edib.

Bildirilib ki, Naxçıvan ərazisinin toponimiyası çox qədim tarixi köklərə malik olub, uzun bir tarixi dövr ərazisində formalaşmışdır. Əsas toponimik fon Azərbaycan (türk) mənşəlidir, yaranma və formalaşma yollarına görə ümumtürk toponimlər sisteminə əsaslanır. Naxçıvan toponimiyasında fiziki-coğrafi obyekt adları (oronimlər və hidronimlər) relyefin geostruktur ünsürləri ilə şərtlənir və dominant funksiya daşıyır.

Toponomist alim  antik müəlliflərə, tarixi qaynaqlara istinadən Naxçıvan-Naxər ölkəsinin toponimik sistemində apardığı  etioloji, etimoloji təhlillər nəticəsində xeyli yeni elmi faktlar ortaya çıxarmışdır.

Dörd minə yaxın yer adı toplayan tədqiqatçı region üzrə toponimlərin dil mənsubiyyətini, mənşəyini, nominasiyasını, toponimlərdə qorunub saxlanılan tayfa, nəsil, şəxs, bitki, heyvan adlarını, toponimik fonu, spektrləri, yerli xalq coğrafi terminləri, passiv fonda keçmiş toponimləri, arxaiq sozləri müəyyənləşdirmiş və hər bir inzibati rayonun toponimik lüğətini tərtib etmişdir. Eyni zamanda region oykonimiyasının etioloji təsnifatına aid  passiv fonda keçmiş oykonimlər haqqında ilk dəfə olaraq toponimik  xəritə tərtib etmişdir.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2018