Coğrafiya fənninin tədrisində CİS-in tətbiqi layihəsinin təqdimatı keçirilib 2017-12-21 06:17:00 / MÜHÜM HADİSƏLƏR

Dekabrın 18-də Bakı Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin "Ümümtəhsil məktəblərində coğrafiya fənninin tədrisində coğrafi informasiya sistemlərinin (CİS) tətbiqi” layihəsinin təqdimat mərasimi keçirilib.

Layihənin məqsədi Azərbaycanın orta ümumtəhsil məktəblərində coğrafiya fənninin tədrisi zamanı şagirdlərə CİS texnologiyalarının öyrədilməsi, fənnin praktiki olaraq mənimsənilməsidir.

Tədbirdə Cİ-nin əməkdaşları -  istiqamət rəhbəri, c.e.d. Zakir Eminov, c.ü.f.d Habil Haqverdiyev, böyük laborant Samir Vəlizadə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin inkişaf layihələr üzrə sektor müdiri Anar Qədiməliyev, “Açıq dərs” televiziya  verilişinin aparıcısı Orxan Cabbarlı, məktəb direktorları, Bakı Dövlət Universitetinin müəllimləri, gənc doktorantlar, layihə üzrə 78 nömrəli məktəbin şagird və valideynləri iştirak ediblər.

layihənin ideya müəllifi, Cİ-nun əməkdaşı Samir Vəlizadə çıxış edərək Coğrafiya İnformasiya Sistemləri haqqında ətraflı məlumat verib və qeyd edib ki, bu tip tədris sistemi beynəlxalq aləmdə 1960-cı ildən, Azərbaycanda isə ilk dəfə olaraq bu ildən, məhz Bakı şəhəri 78 nömrəli tam orta məktəbində tətbiq olunur. S.Vəlizadə  layihə zamanı hazırlanmış tədris vəsaitinin gələcəkdə daha da təkmilləşdirilərək tədris vəsaiti kimi istifadə olunması təklifini irəli sürüb.

 Tədbirdə 1 ay  ərzində  uşaqlarla keçilən təlimlər haqda hazırlanmış videoçarx nümayiş etdirilib. Təqdimatın sonunda şagirdlərin layihədə ətrafında çıxışları dinlənilib,  fərqlənən şagirdlərə hədiyyələr və sertifikatlar verilib.

 

 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024