176 saylı məktəbdə Cİ əməkdaşlarının məktəblilərlə görüşü təşkil olunub 2017-11-15 14:59:00 / TƏDBİRLƏR

Noyabrın 13-də AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə Bakı şəhəri Yasamal rayonu 176 saylı orta məktəbində şagird və müəllimlərin Cİ əməkdaşları ilə görüşü keçirilib.

Məktəbin direktoru Məhəbbət Əsgərova və dərs hissə müdiri Arzu Qulamova çıxış edərək tədbirin təşkilinə görə Coğrafiya İnstitutuna minnətdarlıq bildiriblər,  gənclərin peşə yönümündə belə görüşlərin böyük rol oynadığını və onların  mütəmadi keçirilməsinin məqsədəuyğunluğunu xüsusi qeyd ediblər.

Cİ HİK-in sədri və Coğrafi informasiya istiqamətinin rəhbəri, c.ü.f.d. Habil Haqverdiyev müasir dövrdə coğrafiya elminin inkişafı və bu sahədə Coğrafiya İnstitutunda aparılan elmi işlərdən, uşaq və gənclərin coğrafi biliklərə yiyələnməsinin əhəmiyyətindən danışıb, məktəbin coğrafiyasevər şagird və müəllimlərini elm ocağına dəvət edib. 

Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, c.ü.f.d. Samirə Ələkbərova bu görüşün elm və təhsilin vəhdəti istiqamətində təşkil olunan silsilə tədbirlərdən biri olduğunu qeyd edib. O, GAMŞ-ın  Bakı şəhərinin müxtəlif məktəbləri ilə yaradılan əlaqələrdən, mütəmadi olaraq şagirdlər üçün “Azərbaycanı tanıyaq” adı altında təşkil edilən seminar-məşğələlərdən danışıb.

İnstitutun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin əməkdaşı, c.ü.f.d.  Etibar Bədəlov “Abşeronu tanıyaq” adlı məruzə ilə çıxış edərək şagirdlərə Abşeronun təbiəti, tarixi-mədəni abidələri, iqtisadiyyatı haqqında ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Geomorfologiya və təbii risklər şöbəsinin elmi işçi, GAMŞ-ın sədr müavini,  Samirə Abuşova mövzu ətrafında çıxış edərək, onlara gələcək peşə seçimində məsləhətlər verib, təhsildə uğurlar arzulayıb.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017