İsmayıllıda tədqiqat işləri aparılıb 2017-11-07 12:37:00 / MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun elmi işçisi  Emil Cəbrayılov və dissertantı Vüqar Bəndəliyev bu ilin oktyabr ayında İsmayıllı rayonunun Talıstan, Sədiyan, Güyüm və Diyallı kəndlərində elmi-tədqiqat işləri aparmışlar. Məqsəd ərazidəki toponimlərin öyrənilməsi və Şahdağ Milli Parkının turizm imkanlarının tədqiqi olmuşdur.

Tədqiqatçılar yerli əhali ilə sorğular keçirmiş, yer adları ilə bağlı xalq söyləmələri öyrənmişlər. Ərazidən Qaladərəsi, Kələsər yamacı, Dəvəboynu, Bala Dəvəboynu, Abdulla bulağı, Məmməd bulağı, Çanaq bulağı, Səngər yeri, Dikdağ, Cüyürlü dağ, Keçəl təpə, Qaraquş dağı, Yastı dağ, Dahar dağı, Maqsud bulağı, Heyvalıq düzü və s. kimi onlarla toponim və mikrotoponimlər qeydə alınmışdır.

Milli parkın ərazisində yerləşən VII əsrə aid Cavanşir qalasının və Qaranohur gölünün turizm potensialı araşdırılmış, bu tarixi və təbiət abidələriinə olan turizm marşrutları dəqiqləşdirilmişdir. Müəyyən edilmişdir ki, abidələrə qalxan cığırlar yaxşılaşdırılmalı və işarələnməli, həmçinin təhlükəsizlik tədbirləri  artırılmalıdır və s.

Sədiyan kəndindən şimal istiqamətdə meşə yanğınının baş verdiyi ərazidə təbii meşəbərpa prosesinin getdiyi müşahidə olunmuşdur.

Ərazi üzrə tədqiqatlar bu istiqamətdə davam etdirilir.