EŞ ilə ES-in noyabrın 1-də keçirilən birgə iclasında bir sıra mühüm məsələlərə baxılıb 2017-11-02 18:50:00 / ELMİ İCLASLAR

Noyabrın 1-də AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şura ilə Elmi seminarın birgə iclası keçirildi.

İclasa sədrlik edən akademik Ramiz Məmmədov gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdi. Sonra həmkarlar təşkilatının sədri Habil Haqverdiyev 75 yaşı tamam olan Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Hüseyn Xəlilovun elmi fəaliyyəti haqqında danışdı. R.Məmmədov institut adından yubilyarı təbrik edərək ona can sağlığı, uzun ömür  və yaradıcılıq uğurları arzuladı.

Sonra Ramiz Məmmədov oktyabrın 24-dən 27-dək İzmir şəhəri Ege Üniversitesində keçirilən İkinci Türkiyə-Azərbaycan Coğrafiya Günləri haqqında  ətraflı məlumat verdi. Akademik Türkiyə alimləri tərəfindən səmimi, mehriban qarşılanmalarından, iclaslarda dinlənilən məruzələrdən, iki qardaş ölkə arasında əlaqələrin genişlənməsi üçün nəzərdə tutulan planlardan, Universitənin təşkil etdiyi ekskursiyalardan   və s. danışdı. Alim xüsusi olaraq qeyd etdi ki, onun Türk Dünyası Coğrafiyası çoxcildliyinin hazırlanması haqqında verdiyi təklif Türkiyə tərəfindən böyük razılıqla qarşılanmış, bu təşəbbüs AMEA prezidenti akademik Akif Əlizadənin marağına səbəb olmuş və bu məsələdə Coğrafiya İnstitutunu  dəstəklədiyini söyləmişdir.

Çoxcildliyin  hazırlanması işi ilə məşğul olmaq üçün  şuranın iclasında, 6 nəfərdən ibarət işçi qrupu təsdiq olundu. Həmçinin qərara alındı ki Bakı-İzmir görüşlərində dinlənilən məruzələrlə yanaşı, alimlərin  məqalələri hazırlanıb hər iki ölkənin elmi jurnallarında çap etdirilsin.

Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, g/m.ü.f.d. Rəşid Fətəliyev “Abdal dərəsinin (Tovuz rayonu) şəlalələri” mövzusunda təqdimatla çıxış etdi. Məruzəçi c.ü.e.d. Hüseyn Xəlilov və həvəskar coğrafiyaçı-araşdırmaçı Cəlaləddin Qasımovla birgə 23-26 oktyabr tarixlərində Tovuz rayonunda olduqları ekspedisiyanın nəticələri haqqında danışdı, iştirakçıları maraqlandıran sualları cavablandırdı. C.Qasımovun “Soltan şəlaləsi” filmi nümayiş etdirildi.  Ramiz Məmmədovun  təklifi ilə ekspedisiya iştirakçılarının birgə məqaləsinin işlənib hazırlanaraq “Coğrafiya və təbii resurslar” jurnalında  çap etdirilməsi qərara alındı.

Sonra İqlim və aqroiqlimşünaslıq şöbəsinin  b.e.i., c.ü.f.d. Həsən Nəbiyevin “Azərbaycanda sellər və onların formalaşmasının iqlim amilləri” mövzusunda məruzəsi dinlənildi. Tədqiqatçı Azərbaycan ərazisində sellərin paylanmasnıı, onların günəş fəallığını, atmosfer sirkulyasiyasının tipləri arasındakı əlaqələri araşdırmış, bir sıra  nəticələr əldə etmişdir. O, bildirdi  ki,  günəş fəalliğının artması sel təhlükəsinin artması ilə müşayiət olunur; sirkulyasiyanın zonal-qərb  tipinin artması sel fəaliyyətinin zəifləməsi, zonal-şərq və meridional proseslərin güclənməsi isə onların aktivliyinin artmasına gətirib çıxarır.

Daha sonra HİK sədri Habil Haqverdiyev görkəmli təbiətşünas alim, vaxtı ilə uzun müddət Coğrafiya İnstitutunun direktoru işləmiş akademik Həsən Əliyevin 110 illiyi münasibəti ilə Şamaxı-Qəbələ marşrutu ilə nəzərdə tutulan səyyar tədbir haqqında və eləcə də Abşeronun Saray qəsəbəsində akademiya əməkdaşları üçün ayrılmış torpaq sahəsi barədə məlumat verdi. Bununla da iclas öz işini yekunlaşdırdı.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017