Elmi iclasda yeni aşkar edilmiş şəlalə haqqında məlumat verildib 2017-10-20 03:10:00 / ELMİ İCLASLAR

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  Elmi şurası ilə Elmi seminarının oktyabrın 18-də keçən növbəti birgə iclasında  həvəskar coğrafiyaçı-araşdırmaçı Cəlaləddin Qasımov  Tovuz rayonunda aşkara çıxardığı şəlalə haqqında təqdimatla çıxış edib.

Məruzəçi son illər apardığı könüllü tədqiqat işləri nəticəsində aşkara çıxardığı  qədim yaşayış məskənləri, tarixi abidələr haqqında iclas iştirakçılarına məlumat verib, çəkdiyi “Soltan şəlaləsi”  filmini nümayiş etdirib.

Uzun illər Tovuz rayonunun ərazisini tədqiq edən C. Qasımov bildirib ki, hər yay dağlarda 25 km-dək məsafə qət edərək Azərbaycanı, xüsusilə Tovuz  rayonu ərazisini qarış-qarış gəzib,  indiyədək məlum olmayan, xəritədə qeydə alınmayan tarixi abidələri öyrənib, onları lentə alıb və fotokameranın yaddaşına həkk edib. C.Qasımov son iki ildə Tovuz rayonunda  6 kəndi əhatə edən 200 metrlik  ərazidə səkkiz şəlalə  aşkar etdiyini diqqətə çatdırıb ki, onlardan ən hündürü 35-40 m., ən kiçiyi isə 10 metrdən tökülür.

Həvəskar tədqiqatçının dediyinə görə, son aşkar etdiyi və ona Soltan adı verdiyi şəlalə sıldırım qayalıqlarla əhatələnən  dərin dərənin içinə töküldüyü üçün buraya min illər boyu  insan ayağı dəyməyib və o, şəlaləyə  hündür dağların arası ilə 20 km. keçilməz yolları dəf etdikdən sonra çatıb.

Coğrafiyaçıların böyük marağına səbəb olan bu məlumatlar gələcək tədqiqatlar üçün mənbə rolunu oynayacaqdır.

Qərara alınıb ki, ərazini daha dərindən tədqiq etmək məqsədi ilə Coğrafiya İnstitutunun alimlərindən ibarət bir qrup qısa müddətdə Tovuz rayonuna ezam edilsin.

    Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017