Elmi seminarda soyuq hava dalğalarının tədqiqi haqqında məruzə dinlənilib 2017-10-04 16:41:00 / ELMİ İCLASLAR

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun oktyabrın 4-də keçirilən Elmi seminarında “İqlimşünaslıq və aqroiqlimşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d Umayra Tağıyevanın elmi işçi Cəmilə Əhmədova ilə birgə hazırladığı   “Abşeron yarımadasında soyuq hava dalğalarının tədqiqi və əhali üçün risklər “ mövzusunda məruzəsi  dinlənilib.

 İqlimin istiləşməsi fonunda dünyada anomal hadisələrin təkrarlanması artır, qış fəslində digər anomal hadisələrlə yanaşı, ekstremal soyuq dövrlər  də müşahidə olunur ki, bu da əhali üçün olan riskləri artırır və təhlükələr yaradır. Müəlliflər müasir iqlim dəyişmələri şəraitində Abşeron yarımadası və Bakida qış fəslində havanın minimal temperaturlarının çoxillik dəyışmə tendensiyasını qiymətləndirmiş, soyuq hava dalğalarını tədqiq etmiş və qış soyuqlarının insan səhhətinə təsirini öyrənmişlər. Çoxillik dövr üzrə soyuq hava dalğalarını şərtləndirən atmosfer prosesləri də araşdırılmış, soyuq hava dalğalarının  təkrarlanması və davamiyyəti öyrənilmişdir.

Bildirilmişdir ki, axırıncı onilliklərdə havanın orta minimal temperaturu tədqiq olunan 1961-1990-cı illər  baza dövrü ilə müqayisədə dekabr ayında 0,40 dərəcə, fevralda cüzi, 0,10 dərəcə  aşağı düşüb, yanvar ayında isə bir qədər yüksəlib (0,20 C).

Qış aylarında havanın mütləq  minimum temperatuplarının yenilənməsini qeyd edən məruzəçi bildirib  ki, 1997-ci ilin dekabrında mütləq minimum  -5,50 şaxta təşkil etmiş və 1964-cü ilin rekordu təzələnmişdir (-4,60 şaxta).  2012-ci ilin fevralında isə havanın mütləq minimum  temperaturu (1969-cu ildə qeydə alınan rekord -9,60 şaxta) yeniləyərək  -11 dərəcəyə enmişdir. Uzun illərin meteoroloji məlumatlarının təhlili göstərir ki,  havanın mənfi minimum temperaturları  daha  çox fevral ayında qeyd edilir. Ümumiyyətlə, Bakıda qış fəslində havanın minimal temperaturunun 0 dərəcədən aşağı olan günlərinin orta sayının azalması müşahidə olunur.

Müəlliflər Bakı və Abşeronda soyuq hava dalğalarını təyin etmək üçün meyarlar təklif edib və sərhəd göstəriciləri təyin ediblər.  Bakı şəhərində  soyuq hava dalğaları, onların təkrarlanması və davamiyyətini  təyin edən atmosfer proseslərinin növləri aşkar edilib. Soyuq hava dalğalarının təkrarlanması və davamiyyətində cüzi azalma baş verməsi diqqətə çatdırılıb. Bildirilib ki, son onilliklər ərzində ən soyuq qış fəsli 2012-ci ildə müşahidə olunub. Bu zaman soyuq hava dalğalarının davamiyyəti 26 günə çatıb.

Beləliklə, 1961-1990-cı illərdə qış şaxtaları son onilliklərlə müqayisədə daha kəskin və uzunmüddətli olub. həmçinin qış soyuqlarının Bakı   əhalisinin səhhətinə təsirini  öyrənən tədqiqatçılar təyin etmişlər ki, ümumi çağırışlar arasında ürək damar xəstəlikləri ilə təcili yardıma müraciətlərin çoxu məhz qış fəslinə təsadüf edir.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017