Cİ ilə REA-nın Atmosfer fizikası İnstitutu arasında elmi əlaqələr yaradılır 2017-08-31 11:35:00 / MÜHÜM HADİSƏLƏR

  Avqustun 30-da Rusiya Elmlər Akademiyasının A.M.Obuxov adına Atmosfer Fizikası İnstitutunun kiçik elmi işçisi, f/r.ü.f.d., həmyerlimiz Mirseyid Əkbərov institutlararası əlaqə yaratmaq məqsədilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna gəlmiş, bir qrup institut əməkdaşı ilə görüşdə iştirak etmişdir.

   Elmi işlər üzrə direktor müavini, c.ü.f.d. Məhərrəm Həsənov qonağı görüş iştirakçılarına təqdim edərək gəlişinin səbəbini açıqlamışdır. Sonra M.Əkbərov çalışdığı elmi müəssisə haqqında məlumat verərək qeyd etmişdir ki, İnstitut atmosferin dinamikasının öyrənilməsi, parametrlərinin müəyyənləşməsində yeni metodların işlənməsi, atmosferin üst qatının tədqiqi və s. kimi məsələlərlə məşğul olduğu kimi, iqlim problemləri, onun modellərinin yaradılması, eləcə də iqlim sisteminin sabitliyi və diaqnostikası üzərində işləyir. Gənc alim bildirmişdir ki, o öz İnstitut rəhbərliyi qarşısında Azərbaycanın Coğrafiya İnstitutu ilə elmi əlaqələrin yaradılması haqqında  təşəbbüs qaldırmış və bu məqsədlə də Cİ-yə göndərilmişdir.

    Alimlər arasında dünyada gedən qlobal problemlər - iqlim dəyişmələri, istiləşmə, səth sularının səviyyə dəyişkənliyi və s. haqqında fikir mübadiləsi aparılmışdır. Qərara alınmışdır ki,  adları çəkilən müəssisələr arasında əlaqələri inkişaf etdirmək məqsədilə müxtəlif mövzular ətrafında birgə tədqiqatlar və təcrübə mübadiləsi aparılsın, institutların elmi seminarlarında qarşılıqlı çıxışlar edilsin, elmi görüşlər, konfranslar təşkil edilsin. Bu cür tədbirlərin keçirilməsi ümumi işin xeyrinədir və gələcəkdə bu sahədə aparılan tədqiqat işlərinə öz müsbət təsirini göstərəcəkdir.