Elmi Şura ilə Elmi seminarın bu yay mövsümündə sonuncu iclası keçirildi 2017-07-05 14:32:00 / ELMİ İCLASLAR

Coğrafiya İnstitutu Elmi Şurasının və elmi seminarının bu ilin yay mövsümündə sonuncu birgə iclası keçirildi.

Direktor müavini, dosent Məhərrəm Həsənovun sədrliyi ilə keçən iclasda Ceyhun Yaşar oğlu Qasımovun “Kür depressiyasının ekogeomorfoloji şəraitinin CİS texnologiyası əsasında tədqiqi” mövzusunda məruzəsi dinlənildi. Müəllif məsafədən zondlama materiallarından istifadə etməklə ərazinin ekogeomorfoloji şəraitinə təsir edən təbii və antropogen amilləri CİS texnologiyası əsasında təhlil etmişdir. Ərazinin endogen, ekzogen, morfometrik və antropogen amillər əsasında ekogeomorfoloji qiymətləndirilməsi və rayonlaşdırılması aparılmışdır. Geomorfoloji risk və təhlükə yaradan dinamiki relyefəmələgətirici proseslərin təsirinin azaldılması istiqamətində bir sıra təkliflər irəli sürülmüşdür.

Sonra c.ü.f.d., dos. Starə Tarixazər yeni çap olunmuş “Böyük Bakının antropogen geomorfologiyası” kitabının təqdimatı ilə çıxış etdi. İştirakçılar kitabın böyük əhəmiyyətini qeyd edərək, gələcəkdə ölkənin digər böyük şəhərləri haqqında da bu yönümdə monoqrafiyalar yazılmasının vacibliyini  diqqətə çatdırdılar.

Daha sonra c.ü.f.d., dos. Starə Tarixazərin “Экогеоморфология экзодинамических угроз и рисков в горных геосистемах (на примере Восточного Кавказа и сопредельных территорий)” mövzusunda doktorluq dissertasiyasının adında redaktə xarakterli düzəliş və Solmaz Rzayevanın “Azərbaycan Respublikasında onkoloji xəstəliklərin yayılmasına ekocoğrafi mühitin təsiri” adlı monoqrafinın çapa təqdim edilməsi haqqında məsələlərə baxıldı.

Copyright © AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2017