Direktor müavini 242 saylı məktəbin müəllim-şagird kollektivi ilə görüş keçirib 2017-06-01 17:44:00 / MÜHÜM HADİSƏLƏR

   Mayın 31-də AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, c.ü.f.d. Məhərrəm Həsənov görkəmli coğrafiyaçı-torpaqşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyi münasibəti ilə Nizami rayonunun 242 saylı tam orta məktəbində yaxşı oxuyan, elmə daha çox maraq göstərən yuxarı sinif şagirdləri ilə görüş keçirmişdir.

  Görüşdə M.Həsənov alimin həyatı, elmi və ictimai-təşkilatı fəaliyyəti haqqında şagirdlərə geniş məlumat verib, bildirib ki, akademik H.Əliyev Azərbaycanda torpaqşünaslıq və coğrafiya elminin inkişafında çox böyük rol oynamışdır. Akademikin səyi nəticəsində Azərbaycan Coğrafiya və Təbiəti Mühafizə cəmiyyətlərinin fəaliyyəti güclənmiş, onlar respublikada ən kütləvi ictimai təşkilatlara çevirmişlər. H.Əliyevin əsas tədqiqat sahəsi Böyük Qafqaz təbii vilayətinin torpaq örtüyünü öyrənmək olmuşdur. Onun tədqiqatlarının nəticəsi olan 2 cildlik «Böyük Qafqazın torpaqları» əsəri çox böyük elmi əhəmiyyət daşıyır. M.Həsənov akademik H.Ə.Əliyevin respublikamızda yaşıllaşdırma işinin təşkilinə və dağ yamaclarında süni terraslar çəkməklə quraqlığa davamlı ağac növlərinin əkilməsinə xüsusi diqqət ayrıldığını vurğulayıb, Respublikamızın Siyəzən, Şabran, Şamaxı, Zəngilan, Cəbrayıl, Göygöl və b. rayonlarında terraslarda əkilmiş meşələrin  H.Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.

   Tədbirin sonunda böyük alim Həsən Əliyevin həyat və  fəaliyyətini əks etdirən İnstitut əməkdaşlarının hazırladığı videofilm nümayiş etdirilib.

   Məktəbin direktoru Akif Rəsulov kollektiv adından M.Həsənova öz təşəkkürünü bildirib və belə görüşlərin keçirilməsinin şagirdlərdə vətənpərvərlik hisslərinin artmasında və təbiətə sevginin inkişafında xüsusi rol oynadığını  qeyd edib.

    

 

Copyright © AR Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, 2024